525.Az

Sağlamlıq keşikçiləri...


 

Sağlamlıq keşikçiləri...<b style="color:red"></b>

Alman yazıçısı Stefan Sveyqin belə bir fikri var: "Əsl həkim hər xəstə ilə yaşayıb, öləndir". Bu deyim koronavirus pandemiyasının dünyanı cənginə aldığı günlərdə bizə bir daha sübut etdi ki, həkimlər əsl sağlamlıq fədailəridir.


Ölkəmizdə koronavirusla mübarizə aparan həkimlərin birinin həyatını itirməsi də göstərir ki, həkimlər xəstələrin sağlamlığı üçün öz canlarını təhlükəyə atırlar. Belə fədakar həkimlərdən biri də Ağcabədi rayon Mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər üzrə şöbə müdiri Baxşeyiş Quliyevdir.  


Baxşeyiş Quliyev 1958-ci il yanvarın 23-də Ağcabədi rayon Qaravəlli kəndində dünyaya göz açıb.   Valideynləri böyük övladları Baxşeyişin hüquqşünas olmasını istəsələr də, onu həkimlik sənəti daha çox cəlb edib. 1974-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib, bir il sonra Nəriman Nərimanov adına Tibb İnstitutunun Müalicə fakültəsinə daxil olub. Böyük istək və həvəslə təhsil aldığı institutu 1982-ci ildə fərqlənmə diplomu ilə başa vuraraq doğulub təyinatını boya-başa başa çatdığı Ağcabədi rayonuna alıb. Baxşeyiş həkim ilk vaxtlar rayonun mərkəzi xəstəxanasının təcili yardım şöbəsində çalışıb. 1984-cü ildə isə rayonda yoluxucu xəstəliklər şöbəsində həkim kimi fəaliyyətə başlayıb. 2001-ci ildən həmin şöbənin müdiri vəzifəsində çalışır. Baxşeyiş Quliyev hazırda rayon yoluxucu xəstəliklər şöbəsində fəaliyyət göstərən tək həkimdir.


Baxşeyiş həkim hər gün səhər tezdən iş yerinə gəlir. Hərdən pasiyentlər zəng edib ondan məsləhətlər alır, hərdən də elə xəstəxananın həyətində yaxınlaşıb dərdlərini deməyə başlayırlar. O isə mülayim üslubda öz xəstələrini başa salır ki, həkim yalnız qoruyucu geyimdə olanda onunla ünsiyyət saxlamaq olar. Beləcə, mülahizələr edərək otağına gəlir və xəstələri bir-bir müayinədən keçirir. Əgər lazımdırsa, onların udlaq və ya burun nahiyəsindən analiz götürülür. Qeyd edək ki, koronavirus pandemiyasının ən ağır olduğu günlərdə rayonda yoxlanışdan keçənlərin sayı təxminən yüz nəfər çatıbmış. Bu səbəbdən işlərin uzun çəkdiyi vaxtlarda həkim nahar fasiləsinə belə vaxt ayıra bilmir. Amma çalışır ki, qalan vaxtlarında yanında çalışan işçilərdən hal-əhval tutub onların səhhəti ilə maraqlansın. Sonra təkrarən otağına daxil olub öz xəstələrini növbə ilə yoxlamağa davam edir.


"Canlı ünsiyyətin məhdudlaşdığı bu günlər şərtlər biz həkim üçün daha çətindir, - Baxşeyiş həkim deyir bunları - Artıq yorucu iş mühitindən çıxanda dostlarla çay içib dərdləşmək imkanı da yoxdur". Bu, mümkün olsa belə, ya dost-tanış ondan uzaqlaşır, ya da özü onların sağlamlığını düşündüyündən məsafə saxlayır. Axı, hər gün xəstəxanaya temperatur və başqa şikayətlərlə gələn pasiyentləri yoxlayır. Ona görə də özünün də bu xəstəliyə yoluxmayacağına qarantiya yoxdur. Bu sarıdan Baxşeyiş həkim üçün əvvəllər də çətin olan iş mühiti indi daha da ağırlaşıb. Daha riskli. daha gərgin iş rejimində çalışır. Xəstələr və özünü bu xəstəlikdən qorumağa çalışan insanlar üçün həyat şirindir. Bəs, həkimlər üçün öz canları şirin vacib deyilmi?  Bu sualın cavabı olduqca sadədir: ya and içdikləri Hippokrat andı, ya da vətən sevgisi bu hisslərdən daha ötədir.


Baxşeyiş həkim üçün ən önəmlisi Vətən sevgisidir. Hər gün işdən çıxanda xəstəxananın həyətində 10-15 dəqiqə dövrə vurur və bu müddətdə düşündüyü tək bir məqam olur, biz bu bəladan necə xilas olacağıq? Nəzərində gah bu olanları imtahan adlandırır, gah da özünü həkimlərin ön cəbhədə dayandığı bir savaşda hiss edir. Özü də bilir ki, pandemiya ilə savaşda ən böyük, ən məsuliyyətli iş məhz həkimlərin üzərinə düşür. Bəlkə də, bu ağır günlərdə ona tək təsəlli verən şey Azərbaycan həkimlərinin sonda bu mücadilədən qalib çıxacağına olan inamdır. Nəhayət, düşüncələrdən ayrılıb saatına baxanda yarım saatdır burada götür-qoy etdiyinin fərqinə varır. Evinə getmək üçün gün ərzində həmdərd olduğu xəstəxanadan ayrılarkən içəridə təcili yardım işçilərindən başqa kimsənin qalmadığını hiss edir və bu bəlanın tezliklə sovuşması ümidi ilə evə yollanır.


Evdə onu Tanrının Baxşeyiş həkimə ən böyük bəxşişi olan nəvəsi gözləyir - öz adını daşıyan nəvəsi "baba" deyib onun qucağına qaçır. Ancaq Baxşeyiş babanın qolları bu dəfə nəvəsini nəvazişlə oxşamaq üçün açılmır. Virusun ona da yoluxub nəvəsinə keçmək ehtimalından ehtiyatlandığı üçün evə qalxmaq yerinə gecəni aşağıdakı iş otağında keçirir. Təbii ki, fikirlər onu öz evində də tək buraxmır. Hər an içərisində olduğu bu ağır vəziyyət haqda düşünən 62 yaşlı həkim səhəri bu fikirlərlə açır. Baş ucunda dayanan zınqırovlu saatına baxır və öz vəzifəsini icra etmək üçün yenidən xəstəxanaya yollanır. Bu gün də onu hər zamankı kimi çətin, məsuliyyətli iş günü gözləyir.


Koronavirus pandemiyası yayılan ilk gündən bütün dünyada həkimlərə olan inam və sevgi daha da artıb. Biz insanlar əslində, onlara yalnız bu ağır günlərdə yox, həyatımızın hər anında minnətdar olmalıyıq. Özlərinin və ailələrinin sağlamlıqlarını bizim üçün təhlükəyə atan bu nəcib və fədakar insanlar həqiqətən qürur duyulacaq şəxslərdir. Bu məşəqqətli günlərdə canını vətən və vətəndaşlar üçün təhlükəyə ataraq təmənnasız xidmət edən dəyərli tibb işçilərinə minnətdarlıq hər birimizin insanlıq borcumuzdur.


Günel ABBAS

 





04.06.2020    çap et  çap et