525.Az

Özünü tanımaq - Könül Nuriyevadan yeni yazı


 

Özünü tanımaq - <b style="color:red">Könül Nuriyevadan yeni yazı </b>

Yol gedirəm, ətrafa boylanıram, gülümsəyən, qayğılı simalara baxıram. Hər biri sirli, dərin dünyadır.


Beynimdə fərqli suallar sıralanır:


- Yolu çətinliklə keçən o qadın niyə həddindən artıq kök, ağır yerişli, görkəmcə əsəbidir?


Yaxınlaşıram, salam verirəm, tərs nəzərlərlə mənə baxır. "Üzr istəyirəm", deyib uzaqlaşıram.


- Dayanacaqda gözləyən bu orta yaşlı kişinin siqaretdən saralmış bığları, əllərinin əsməsi, tez-tez öskürməsi niyə onun özündən başqa hamını narahat edir?


"Hər çatlaq zəiflik əlaməti deyil" düşüncəsi ilə onunla salamlaşıram, yolumuzun eyni olduğunu deyib, avtobusa əyləşirik. Söhbət alınır, həyat hekayəsi ağrılı, ibrətamizdir.


Müqayisə edirəm, qadın niyə aqressiv, əsəbi, həyatdan küskündür. Mənimlə bölüşmək istəmədiyi dərdini nəyə görə təkcə çəkməyə üstünlük verdi. İnsanlar çox vaxt ağrı çəkməyi sevirlər. Dərdlərinə çarə tapmağı yox, o dərd, o xəstəlik haqqında uzun-uzadı çərənləməyi üstün tuturlar. Ya da əksinə, susaraq danışırlar. Bu, daha ağır nəticələrə gətirir. Latın ifadəsi olan "gum tasant clamant", yəni "susmaqla qışqırmaq" insanın özünə tuşladığı silahdır.


Kişi söhbətinin sonunda təşəkkür edir, yüngülləşdiyini deyir, heç kimin onu indiyə qədər belə səbirlə dinləmədiyini söyləyir.


Qadın isə yükün üzərinə yük gətirərək, yəqin hələ o yolu keçməkdə davam edir. Təkcə olduğu üçün yolu keçməyin çətinliyini başa düşmür. Biz tərk edə bilmirik, alınmır, amma yenə də saxta qürurdan əl çəkmirik. "Nə deyərlər" sindromu içimizi sarmaşıq kimi sarıyıb.


Qurtulmaq istəyən yoxdur. Ağıl öyrətmək istəyənlər var. Özünə gün ağlaya bilməyib, sənə moizələr oxumaq istəyənlər çoxdur. İstədin, istəmədin fərq etmir, fasiləsiz nəsihətlərlə səni boğur.


Çox adam özünə baxmaq, səmimi şəkildə özünün iç dünyasına nəzər yetirmək istəmir. Bu səbəbdən də depressiya, əsəbilik, özünə qapanma, inamsızlıq, fəaliyyətsizlik yaranır.


Biz son illər ən gözəl duyğulardan məhrum olduq. Bilirsiz nədir o?! Həyat eşqi, yaşamaq sevinci.


Yanlış insan anlayışını qəbul edə bilmirəm. Kimsə səhv deyil - ta ki onu yanlış anlayanlar olmayana qədər.


Biliyi az da olar, çox da. Mədəni səviyyənin fərqliliyi də mümkündür. Bunlar normaldır. Amma sən insanı dinlədinmi, dərindən ona empati duyğusu yaşadınmı? Əgər belə olsaydı, heç intiharlar da baş verməzdi.


İnsanlar maddi çətinliyi də aşa bilir, ən yaxının ölümünü də bir müddət sonra unudur, fiziki ağrıları yaddan çıxarır. Amma qəlbini açmağa adamı olmayanlara həyat bomboz görünür, intihar işıqlı. Anlaşılmayan insan başqa dünya axtarışına çıxır, elə bilir, daha yaxşısı var.


Bir halda ki, sən ətrafınla harmoniyada deyilsən, məsələ sənin içinlə bağlıdır. Hamı pis ola bilməz, hamı səni anlamayan ola bilməz. Bir anlayanın mütləq var, bəlkə də, burda - ən yaxınlıqdadır. Mücadilə ruhu, axtarış həvəsi, özünlə sülh münasibətində olmaq, insanlardan vaxtaşırı ayrılıb ruhunla, qəlbinlə, düşüncənlə ünsiyyətə keçmək - bütün bunlar səni xəstəlikdən, insanlara inamsızlıqdan, sevincsizlikdən azad edəcək.


Bir az fərqli baxışın da olsa, bunun dadını çıxara bilərsən. Məsələn, bu kimi düşüncələr:


Nə düşünürsən?..


- Hər vəhşi və kobud davranışda zərafət və incəlik olduğunu...


- Kəlmələrin canlı olduğunu...


- Ölümdən sonra kimsənin kimsəyə düşmənçilik edə bilməməsini...


- İnsanların izahı olmayan davranışları... Məsələn, zalımın orqanlarını alırsan və onun bu orqanlara haqq etmədiyini düşünürsən...


- İnsanın mütləq nəyəsə həvəsi, həm də güclü həvəsi olmalıdır. Məsələn, mətbəxə, həkimliyə, zehni işə. Hannibalın mətbəxə dəli sevdası kimi...


- Bəzi insanların öz xətalarını yaxınlarının üzərinə atması... Və bununla da həyatı boyu çətinlikləri dəf edə bilməmələri... Çünki səbəbi, bünövrəni özlərində axtarmırlar.


- Sənin birinin dostu olmağın onun da sənin dostun olması demək deyil. Bu, incə nüansdır.


- Musiqi alətində düzgün səs çıxartmaq üçün onu açmağımız gərəkdir. Bəlkə səs telləri bərkiyib; bu işdə özünə güvənli olmalısan. Hər həyat bir musiqi parçasıdır. Hər musiqinin sonu var. Bəzən dinləməyə dəyməyən musiqi parçası kimi olur həyatımız. Oranjımanlarımız oxşayar, bənzərliyi çox olar - bəzən uğurlu, arada da uğursuz...


- Nəyisə etməmək üçün bəhanən varmı?


- "Mən zəifəm" deyən birinin zəif olduğuna inanma. Zəif heyvanların sərt bağırsağı olur.


- Birini sevmək onu gözləməkdir. Gözləmək çətinliyi sənin ona nifrət səbəbindir.


- Səni ona görə öpdüm ki, özümü müqavimətsiz hiss edim bir anlıq. Öpüşlərin belə sadə səbəbləri də olur.


- Birinin bizi görməsi, ya da görə bilmək bacarığının olması gözəldir. Bu, güvən yaradır. Dostluğa layiq birini həyatına gətir. Divarı ucaltmaq üçün çox vaxt sərf et. Onun üstündən tullana biləcək insan istə. Bu, təbii haqqındır.


- Dünən getdiyim üçün peşmanam. Bəs indi?


- Bir ayağım dünəndə, biri bu gündə. Xətlə gedib gəlirəm. İndi xəttin hansı tərəfindəyəm?


- Hisslərə gəlincə, onların dürüstlüyündən əmin olmalısan. Elə bir münasibətdə olmalısan ki, qanadsız olmayasan.


- Qapını açsan, ordan keçənlərə nəzarət edə bilməzsən. Buna hazırsanmı?


- Özünə də etiraf etmədiyin gerçəyin mütləq var.


- İnsan işıq, hava və rənglərdən ibarətdir. Gerçəklikdə səni saxlayan dayağın olmalıdır. Xəyalları atmağı, gerçəyin üzünə baxmağı sınaqdan keçirməlisən.


- Birinin zehni çalışması hər zaman səni çəkirsə, sənin daxilində ona yaxınlıq var.


- Öz şəxsi kimliyindən şübhə edənlər var. Sən başqa biri olduğunu ona asanlıqla anlada bilərsən.


- "Mən qüsurlu adamam" deyən birini gördünmü heç?


- Kim olduğumu anlamamaqdan qorxuram.


- Kiminsə işinə, zəhmətinə sahiblənmək qaba, kobud davranışdır.


- Öz başının çərçivəsindən çixa bilmirsənsə, başqa birisi ilə olmağın çətindir.


- Məni mən edən təcrübələrimdir.


- Səndə mənim çata bilməyəcəyim bir şey var. Budur səni cazibəli edən. Münasibətlərin sirri budur. Çox insan onu dərk etmədiyindən məğlub sevgi yaşayır. Həm də bunu təkrar-təkrar yaşayır, amma özünə baxmır, kökə, dərinə getmir, niyə belə olduğunun səbəbini bilmir.


- Çatlaqlar hər zaman zəiflik əlaməti deyil. Bəzən həyat onlarda toplanır.

 





04.06.2020    çap et  çap et