525.Az

Neqativ yayan adamlar


 

Neqativ yayan adamlar<b style="color:red"></b>

Hər bir fərd ilk növbədə sosial varlıqdır. Xoşbəxtliyin əsas səbəbi isə sərvət, şöhrət, gözəllik, güc yox, ətrafındakı insanların münasibətlərinin keyfiyyətidir.


Yəni xoşbəxtlik digər insanların, xüsusən də yaxınların - dostların, ailə üzvlərinin və həmkarların bizə necə münasibət göstərmələri ilə müəyyən edilir. Pozitiv münasibət və nikbinlik taleyin zərbələrini yumşaldır, yeni fürsətləri görməyə və onlardan istifadə etməyə kömək edir. Daima yalnız mənfi düşüncəli insanlarla ünsiyyət qurmaq məcburiyyətində qalsanız, müsbət ruhu qoruyub saxlamaq ciddi çətinliklər yarada bilər. Əhatənizdə olan bu qəbildən insanlar motivasiyanizı daima aşağı salır, onlardan müntəzəm şəkildə mənfi ifadələr eşidirsiniz. Mümkün olduqca onlardan uzaq gəzin. Mənfi enerjili insanlarla münasibət qurmağın ən yaxşı yolu onları özünüzdən uzaqlaşdırmaqdır. Düzgün hesab etdiyiniz hər hansı bir hadisəyə münasibətinizi bildirərkən onun fikirlərinə zidd getdiyinizi duysa, o, bunu irad kimi anlayacaq, cavab olaraq mənfi yükü daha da artıracaq. Beləcə, o pessimist insanın bütün nifrətini və həyatdan narazılığını yönəldəcəyi hədəf bir ömür siz olacaqsınız.


Mənfi münasibətin kökündə həm də sevilməmək səksəkəsi və pis bir hadisənin baş verəcəyindən qorxmaq ehtimalı dayanır. Onların bu qorxu hissləri davamlı olaraq əsasən yaxınlara yönəlir, nəticədə ətrafdakı insanlara hədəflənən mənfi enerji və  tez-tez təkrarladıqları "ətrafımızdakı dünya çox təhlükəlidir, insanların çoxu pisdir" qənaəti ilə "Mən nifrət edirəm", "Gözüm görməsin", "Həyat cansıxıcıdır", "Ölüm gəlib aparmır" kimi fikirlərini başqalarına təlin edir, onlarda gərginlik, pis ovqat yaradırlar. Belə qorxular içərisində yaşayan insanın bir gün öz xəyalının ardınca getmək ehtiyacına inanacağını düşünmək çox çətindir. Belələri insanların onlar haqda dediyi fikirlərdən inciməyə meylli olurlar. Məsələn, "Bu gün gözəl görünürsən" sözləri onların mənfi reaksiyasına səbəb ola bilər və "Yəni dünən pis idim?" kimi kobud cavab eşidərsən. Onlar öz qabiliyyətlərindən bədgüman olsalar da, çox vaxt israrla sevdiklərindən "Mən sizinlə fəxr edə bilərəm" münasibətini tələb edirlər. Onlar öz xəyallarınızın ardınca getməyinizə əngəl törədir, "Buna çox az adam müvəffəq olur", "Onsuz da bacarmayacaqsan", "Sən hara, bu peşə hara" kimi fikirlərlə motivasiyanızı aşağı salmağa çalışırlar və bununla ruhdan düşdüyünüzün fərqində belə olmurlar.


Mənfi düşüncəli insanlar bir qayda olaraq düşünürlər: "Kaş ki insanlar mənim nəyə qadir olduğumu biləydilər, mənə qarşı mehriban olaydılar. Dünya bir çox təhlükələrlə üz-üzə qalmasaydı və dostlarım, həmkarlarım, qohumlarım mənim kimi davransaydılar xoşbəxt olardım". İlk baxışdan pessimist ruhlu insanların öz gələcəyinə baxışı və eyni zamanda, başqalarından uğur tələb etmələri olduqca paradoksal görünə bilər. Ancaq reallıqda paradoks yoxdur. Bu istək özlərinə qarşı hörmət və sevgi hiss etməyən insanların başqalarından sevgi və hörmət ummaqla ətrafdakı hər şeyi idarə etməyə çalışmalarından irəli gəlir.


Pessimist, gələcəyə ümidsizlik meyli güclü insanlarla ünsiyyət enerjini tükəndirir. Buna görə, pozitiv insanla əlaqə qurmağa, neqativlikdən uzaq qaçmağa, günlərinizi xoş keçirməyə çalışın. Neqativ yayan insanlarla ünsiyyətdə daha praktik yanaşma əvvəlcə onların mənfi münasibətlərinin səbəblərini başa düşməyə çalışmaqdır. Pozitivliyinizi, müsbət enerjinizi qoruyub saxlamaq üçün başqasının öz mənfilikləri ilə xəyallarınızı reallığa çevirməyinizə mane olmasına əsla imkan verməyin, risk etməkdən qorxmayın və insanlara etibar edin. Dəyişikliklər çox asta sürətlə baş versə də, sabitləşəcək. Həqiqət budur ki, hər kəs müsbət insanlar toplumunu sevir və buna görə hətta mənfi düşüncəli insan gec-tez bir gün dünyaya olan müsbət münasibətinizi görüb qiymətləndirəcək.


İnsanlar müsbət emosiyalar yaşamağı sevirlər. Buna görə də əgər yanınızda olan mənfi düşüncəli bir insan pozitivliyinizi udsa belə, bir məqamda mütləq özünü dəyərləndirməyə başlayacaq və bu, onda başqalarına güvən, gələcəyə nikbinlik aşılayacaq. Mənfi dünyagörüşü ilə bağlı mübarizədə başqasına kömək edərkən öz mənfi cəhətlərimizin öhdəsindən gəlmək üçün mübarizə əzmimizi həm də özümüzə yönəldərək müsbət düşünməyin həyat üçün zəruri bir vəzifə olduğunu unutmayaq. Hamımıza uğur olsun!

 





04.06.2020    çap et  çap et