525.Az

Vətən fədaisi, istiqlal mücahidi - Mustafa Mahmudov


 

Vətən fədaisi, istiqlal mücahidi - <b style="color:red">Mustafa Mahmudov</b>

Azərbaycan milli istiqlal hərəkatının və bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri Mustafa Hacı Musa oğlu Mahmudovdur. O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk təhsilini əsası 1881-ci ildə qoyulan Kürdəmir kənd məktəbində almış, bir neçə il Göyçay qəza məktəbində oxuduqdan sonra Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasına qəbul edilmişdi. 1899-cu ildə seminariyanın müsəlman şöbəsini bitirib Bakıda pedaqoji fəaliyyətə başlamış, 1907-ci ildə  F.Xoyski, X.Xasməmmədov, İ.Tağıyev, M.Şahtaxtinski, Z.Zeynalovla birlikdə 2-ci Dövlət Dumasına deputat seçilmiş, Dumanın 9 şöbəsinin, 4 komissiyasının üzvü olmuşdu.


1918-ci il may ayının 26-da Zaqafqaziya Demokratik Respublikası süqut etdikdən sonra müsəlman deputatlar Azərbaycan Milli Şurasını yaradaraq onun Azərbaycan və Azərbaycan xalqı haqqında qərar verə biləcək yeganə qanunu orqan olduğunu bildirdilər. M.Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan olunduğu iclasın katibi idi. O, Müsavat Partiyasının üzvü kimi parlamentin bütün qərar və qanunlarının qəbul edilməsində fəal iştirak edirdi. Görkəmli tarixçi Z.Bünyadov "Azərbaycan Parlamentinin son saatları" məqaləsində M.Mahmudovun da nitqinə yer ayırıb.


Mustafa Mahmudov əsl millətsevər-türkçü, pedaqoq, maarifçi, milli mədəniyyətin təbliğçisi kimi türk məktəblərinin ruslaşdırması siyasətinə qarşı çıxaraq, ana dilimizin inkişafı və təhsilin ana dilində keçirilməsi uğrunda yorulmadan mübarizə aparıb. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Rusiyanın müstəmləkə idarə üsuluna qarşı milli istiqlal hərəkatının önündə gedənlərdən olan Mustafa Mahmudov da milləti, millətinin istiqbalı uğrunda ölüm-dirim savaşına qoşulmuşdu.


Azərbaycan sovetlər tərəfindən işğal edildikdən sonra M.Mahmudov vətəni tərk etməyib. O, 1937-ci il noyabrın 23-də həbs edilib, həmin il dekabrın 20-də güllələnib.


Qısa tərcümeyi-halından göründüyü kimi, M.Mahmudov yurdunu, millətini coşqun bir məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət olub. Tariximizdə bu qədər önəmli rol oynamış bu  əvəzsiz insanın xidməti Sovet tarixçiləri tərəfindən kölgələnmiş, xalqın fədakar oğlu millətə "xalq düşməni" kimi təqdim edilmişdi. Mustafa Mahmudov Azərbaycan xalqının istiqlaliyyəti uğrunda gedən mübarizədə bu qədər fəal iştirak etməsinə baxmayaraq, hələ də həyat və fəaliyyəti dərindən tədqiq edilməyib, layiq olduğu qiyməti almayıb.


Bu gün tariximizin ciddi araşdırılması, xalqımızın keçdiyi şanlı mübarizə yolunun,  milli-mənəvi dəyərlərin gənc nəslə çatdırılması prioritet məsələlərdən biridir. Ona görə də ömrünü xalqının müstəqilliyi uğrunda fəda etmiş Mustafa Mahmudov kimi böyük şəxsiyyətlərin həyatı və fəaliyyəti ətraflı araşdırılmalı, aşkarlanmalı, xatirələri əbədiləşdirilməlidir. Bu, Ümummilli liderimiz Heydər Əliyevin başladığı, dünyanın müxtəlif ölkələrində dəfn olunmuş azadlıq mücahidlərinin  məzarlarının abadlaşdırılması kimi vətənpərvər tədbirlər silsiləsinin layiqli davamı ola bilər.

 





04.06.2020    çap et  çap et