525.Az

Pandemiya ilə mübarizədə vətəndaş məsuliyyəti önəmlidir


 

HƏR BİRİMİZ QAYDALARA RİAYƏT EDƏRƏK DÖVLƏTİN BU SAHƏDƏKİ SİYASƏTİNƏ DƏSTƏK OLMALIYIQ

<b style="color:red">Pandemiya ilə mübarizədə vətəndaş məsuliyyəti önəmlidir</b>

Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub.

Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb.

Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidir.

Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Hazırda ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVİD-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.

Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, artıq həm Azərbaycanda, həm də əksər inkişaf etmiş ölkələrdə pandemiya ilə açıq mübarizə tədbirlərinin ikinci mərhələsinə qədəm qoyulub.  Millət vəkili vurğulayıb ki, pandemiyanın Azərbaycan vətəndaşlarına təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər birbaşa dövlət başçısının nəzarətindədir və bu tədbirlər problemin həm sahibkarlara, həm muzdlu vətəndaşlarımıza, eyni zamanda, işləməyən insanlara təsirlərinin azaldılmasına xidmət edir.

Millət vəkili vurğulayıb ki, iqtisadiyyatın yenidən açılması və karantin qaydalarının yumşaldılması müşahidə olunduqdan sonra bəzi vətəndaşlarımız tərəfindən qaydalara əməl edilməməsi bir növ arxayınçılığın yaranması ilə müşahidə olunur: "Bu da təbii ki, koronavirusa yoluxanların sayına birbaşa təsir göstərir. Bu baxımdan indiki mərhələdə hər bir vətəndaşımızın qaydalara riayət etməsi və pandemiyadan qorunmaq üçün həyata keçirilən siyasətə daha yaxından dəstək olmasına ehtiyac var. Nəzərə alsaq ki, COVİD-19 virusunun yayılması qlobal olaraq davam edir. Virusun hansı müddətə qədər davam edəcəyi ilə bağlı praktik olaraq proqnozlar yoxdur. Bu baxımdan çox önəmlidir ki, əvvəlki dövrdə nümayiş etdirilən həmrəyliyi indiki mərhələdə də daha güclü şəkildə davam etdirməliyik. Hər birimizin qaydalara əməl etməsi və xüsusilə də virusdan qorunmaqla bağlı həm tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi kimi qaydalara riayət etməyimiz çox vacibdir".

Deputat Sevinc Hüseynova  isə deyib ki, xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, təəssüf ki,  yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb. Bu səbəbdən də,  əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb.

S.Hüseynova qeyd edib ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.

Millət vəkili söyləyib ki, infeksiyaya yoluxma hallarının artmasının qarşısını almaq məqsədilə Operativ Qərargah müvafiq yerlərdə tibbi maskalardan istifadənin zəruriliyi haqqında qərar qəbul edib.  Eyni zamanda, Azərbaycanda epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Milli Məclis tərəfindən bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.   Deputat deyib ki, belə bir təcrübə dünya ölkələrində də mövcuddur.

"Burada vacib məqamlardan biri də ictimai qınaq məsələsidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir".

PƏRVANƏ

 





04.06.2020    çap et  çap et