525.Az

Tarixçə - Müsəllim Həsənovun qeydləri


 

Tarixçə - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.
 

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır.


Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.


Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.


Buyurun, oxuyun.


"525"
 

Bjezinski Heydər Əliyevi nə ilə təəccübləndirmişdi?


Bilirdinizmi ki, Zbiqnev Bjezinski 1997-ci ildə Bakıda olarkən Heydər Əliyevi təəccübləndirib?


Məşhur Amerika politoloqu Zbiqnev Bjezinski 1997-ci ildə Bakıya - Heydər Əliyevlə görüşə gəlir.


Bu tarixçəni politoloq özü 2010-cu ildə Amerikanın Corc Taun Universitetində  keçirilən bir görüşdə danışmışdı. Demişdi ki, Bakı-Ceyhan layihəsi ilə bağlı ABŞ prezidenti B.Klintonun etibarlı nümayəndəsi kimi Azərbaycana getmişdim.


Həmin gün Rusiyadan da yüksək vəzifəli qonaqlar gəlmişdi. Heydər Əliyev məni gec, axşam saat 12-nin yarısında qəbul etdi.


Mən əlimi atıb cibimdən B.Klintonun Azərbaycan prezidentinə göndərdiyi məktubu çıxardım.


Heydər Əliyev məktubu götürüb, zərfin açıq olduğuna təəccübünü gizlətmədi:


- Bəs niyə zərfin ağzı açıqdır?


Mən dedim ki, B.Klinton mənə inanır, ona görə məktubda nə yazıldığını məndən gizlətmir...


Sonra söhbətimiz gecəyə qədər davam etdi. Amma o, zərfin açıq olmasına təəccübünü görüşün sonuna qədər də gizlədə bilməmişdi...


Z.Bzejinski gülə-gülə bu "anlaşılmazlığın" səbəbini də özünəməxsus tərzdə izah etmişdi: "Bəlkə də bu təəccüb sovetlərlə Qərbin diplomatiyası arasındakı üslub fərqindən irəli gəlirdi..." 
 

Nobel qardaşlarının Bakı qoçuları ilə işbirliyi  


Bilirdinizmi ki, vaxtilə hətta Nobel qardaşları da çətinliyə düşəndə Bakı qoçularına müraciət ediblər?


"Hamı kimi biz də Qafqazda yerli adətlərlə barışmalı olurduq. O cümlədən, oğrulara haqq verməli olurduq".


Bu cümlələr Nobel qardaşları şirkətinin Bakı kontorunun rəhbəri olmuş K.Hagelinin xatirələrindən götürülüb.


O vaxt nəhəng mədən sahələrini hasara almaq mümkün olmayıb. Ona görə də Nobellərin mədənlərindən də qiymətli əşyalar və alətlər oğurlanıb.


K.Hagelinin yazdığına görə, belə bir vaxtda Nobellərin köməyinə "Sabunçulu Aşurbəyov" gəlib. Müəyyən pul müqabilində şirkətin mədənlərinin mühafizəsini öz öhdəsinə götürüb.


Bir dəfə Qafqaz canişini qraf Vorontsov-Daşkov Bakıda olanda Emmanuel Nobel Bakı qoçularının fəaliyyəti barədə danışır, onlara pul verdiklərini xatırladır. Canişin bu söhbəti eşidəndə qəh-qəh çəkib gülür və deyir: "Boş əllə silah qarşısında neyləyə bilərsən? Mən canişinəm, yeri gələndə mən də sizin kimi oğrulara haqq verirəm. Burda adət belədir..."


M.Ə.Rəsulzadə: "Polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının "qoçu" deyə məşhur olan qoçaqlarına əmanət etmişdilər. O cümlədən, məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-ev deyilən birisilə bağlaşmışdı"...
 

"Sovet Azərbaycanı"nda yanğın. Vışinski Bakıya gəlir... 


Bilirdinizmi ki, 1935-ci ilin mayında Krasnovodskdan Həştərxana gedən "Sovet Azərbaycanı" neftdaşıyan gəmisi Xəzərdə batıb?


... Nebit-Dağ nefti yüklənmiş "Sovet Azərbaycanı" gəmisi "Sovet" yedək gəmisi ilə Həştərxana istiqamət götürür. Lakin mayın 28-də gecə "Sovet Azərbaycanı"nda partlayış baş verir və yanğın törənir. "Sovet" gəmisinin kapitanı yanan gəmiyə yardım göstərmək əvəzinə, buksiri kəsərək hadisə yerindən uzaqlaşır. Faciə zamanı gəmidə olan 27 nəfər həlak olur. Dərhal müvafiq hökumət komissiyası yaradılır, istintaq aparılır.


Stalin bu faciənin səbəblərini araşdırmağa o qədər ciddi yanaşır ki, məhkəmədə dövlət ittihamını müdafiə etmək üçün cəmi bir neçə ay əvvəl SSRİ prokuroru təyin etdiyi A.Vışinskini Bakıya göndərir.


SSRİ prokuroru diqqəti faciənin əsl səbəblərinə - gəminin köhnəliyinə, beşillik planın yerinə yetirilməsi naminə texniki qaydaların pozulmasına deyil, gəmi heyəti üzvlərinin şüurundakı "iyrənc kapitalizm qalıqları"na yönəldir.


1935-ci il avqustun 25-də, axşam saat 6-da M.Əzizbəyov adına Türk Dram Teatrının binasında məhkəmə prosesi başlanır.


A.Vışinski məhkəmədə siyasi ittiham xarakterli geniş nitq söyləyir və onun nitqi sonralar uzun illər ən yaxşı ittiham nitqi kimi dərsliklərə salınır.


Məhkəmə "Sovet" gəmisinin kapitanı barədə ölüm hökmü, qalanları barədə il yarımdan on ilə qədər azadlıqdan məhrumetmə cəzası çıxarır...


Sonralar "Sovet Azərbaycanı" adlandırılan batan gəmi 1893-cü ildə bir Bakı sahibkarının sifarişi ilə İsveçin "Kokkum" tərsanəsində tikilmişdi...
 

Rus generalın ayağı altında kim qurban kəsib?

 
Bilirdinizmi ki, 1827-ci ilin oktyabrında Təbrizi tutmağa gələn rus generalı İvan Paskeviçin ayağı altında qurbanlar kəsilib?


Vasili Potto ("Kavkazskaə voyna..." kitabından): "...Təbriz ruhanilərinin başçısı Mir Fəttah-Seyid şəhərin xilasını öz üzərinə götürdü. O, Allahyar xana sərt şəkildə bildirdi ki, ...öz vəzifəsini təhvil verib şəhəri tərk eləsin. Allahyar xan onu eşitdi və şəhərdən çıxdı. Şəhərin açarları gizlədilmişdi. Mir Fəttah qapıların sındırılması barədə əmr verdi".


İran tarixçisi Əminə Pəkrəvan ("Abbas Mirzə və Azərbaycan" kitabından): "...Mir Fəttah  ...öz tərəfdarlarını toplayıb, Gəcil darvazasının ağır lənglərini rusların üzünə açdı".


Vasili Potto: "... Paskeviç Təbrizə oktyabrın 19-da çatmışdı. Bayram paltarı geymiş bütün ruhanilər - xristianlar və müsəlmanlar, starşinalar, nüfuzlu bəylər və çoxsaylı kütlə onu şəhər kənarında qarşıladı. Keçdiyi yola gül tökdülər, Şərq adətinə uyğun olaraq qalib sərkərdənin ayaqları altında qurbanlar kəsildi".


Əminə Pəkrəvan: "... Təbrizə girərkən general Paskeviçin qarşısında qurban kəsilməsi Abbas Mirzənin qüruruna toxunmuşdu".


Bundan təxminən üç ay sonra Türkmənçay müqaviləsi imzalancaqdı...


P.S.
Milli Azərbaycan Tarixi Muzeyində Təbrizin və Abbasabad qalasının 5 dəst açarı saxlanılır...
 

Bakı neft mədənlərində yanğın təhlükəsi. 1940-cı il... 


Bilirdinizmi ki, 1940-cı ildə Bakının bombardman ediləcəyi təqdirdə şəhəri xilas etmək üçün Stalin Amerika mühəndislərindən məsləhət istəyib? 


1940-cı ilin əvvələrində Britaniya və Fransa hərbi dairələri Bakı neftinin Hitlerin əlinə keçməməsi üçün şəhəri bombalamaq planı üzərində işləyirlər. Bombardmançı təyyarələr Şimali İraqdan havaya qalxaraq ya İran, ya da Türkiyə üzərindən Bakıya uçmalı idi. Bu isə İran və ya Türkiyə hökumətinin razılığı ilə mümkün ola bilərdi.


Bu məsələyə aydınlıq gətirmək üçün 1940-cı il martın 14-də Fransanın Türkiyədəki səfiri Rene Massilye Türkiyənin xarici işlər naziri Şükrü Saracoğlu ilə görüşür.


Saracoğlu ona Moskvadakı türk səfirindən aldığı teleqramı oxuyur.


Türkiyənin Moskva səfiri Amerikanın bu ölkədəki səfirinə istinadla yazırdı: Stalin Bakı neft rayonunun bombalanmasından və yanğın təhlükəsindən o qədər narahat olub ki, məsləhət üçün Amerika mühəndislərinə müraciət edib.


Sual belə qoyulub: Bakı bombardman edilsə, yanğını söndürmək mümkündürmü?


Amerika mühəndislərinin cavabı: mədənlərdə torpağa illərdən bəri o qədər neft hopub ki, yanğını söndürməyə aylar, Bakıda neft hasilatını bərpa etməyə isə illər lazım ola bilər.


"Əhalini necə xilas etməli" sualına Amerikalıların cavabı: şəhəri indiki yerindən 50 kilometr uzağa köçürmək lazımdır...


İkinci dünya müharibəsinin açılmayan sirləri hələ çoxdur...    


P.S.
Hələ 1940-cı ilin mayında Bakının bombardman edilməsi barədə avantürist planlar hazırlanmışdı. Hitler Almaniyasının Fransanı işğal etməsi ilə bu planlar pozulmuşdu. Həmin planlara dair sənədlər isə alman hərbiçiləri tərəfindən müsadirə edilərək Berlinə göndərilmişdi. Sonradan Ribbentrop həmin sənədləri Stalinə verir və həmin sənədlər 1940-cı ilin yayında "Pravda" qəzetində və Bakıda çıxan "Kommunist" qəzetində dərc edilir...

 
Bakı üzərində kəşfiyyat təyyarəsi. Bakını bombalamaq üçün...
 

Bilirdinizmi ki, hələ 1940-cı il martın 30-da Britaniyanın hərbi təyyarəsi Bakı üzərində kəşfiyyat uçuşu keçirib?


Və bu təyyarə sovet hava hücumundan müdafiə qüvvələrinin gözündən yayına bilib.


Bundan 20 gün sonra SSRİ-nin Londondakı səlahiyyətli nümayəndəsi İvan Mayski Stalinə məlumat verir: "...mülki təyyarə kimi rənglənən iki bombardmançı təyyarə foto aparatla təchiz olunaraq  göyə qaldırılıb. Onlardan biri Bakı üzərində foto-çəkilişlər aparıb. Bakı üzərində çəkilmiş foto-şəkillər artıq Londona çatdırılıb".


Bu uçuş Bakı neft mədənlərini bombalamaq planının tərkib hissəsi idi. Britaniya və Fransa hərbi dairələri Bakını yandırmağa, darmadağın etməyə hazır idilər. Neftə görə... 


1940-cı il aprelin 17-də Fransa quru qoşunlarının komandanı general Qamelen Nazirlər Sovetinin sədri Pol Reynoya yazırdı:


"Rusiya neftinin 75 faizi Bakıda hasil olunur. Ən vacib neftayırma zavodları bu şəhərdədir. Ona görə də Bakıya hava hücumu istisnasız olaraq məqsədəmüvafiq əməliyyat sayılır".


Bakını darmadağın etmək üçün 15 gün vaxt nəzərdə tutulurdu...


1940-cı il mayın 10-da Almaniyanın Fransaya hücumu bu planları pozur... 
 

Müharibədə Stalinin "araq diplomatiyası"


Bilirdinizmi ki, İosif Stalin müharibə illərində əsgər və zabitlərə araq verilməsi barədə beş dəfə xüsusi əmr imzalayıb?


Döyüşən ordunun əsgər və zabitlərinə araq verilməsi barədə "tamamilə məxfi" qrifli ilk əmri İ.Stalin 1941-ci il avqustun 22-də imzalayıb: "1941-ci il sentyabrın birindən başlayaraq döyüşən ordunun ön xəttində olan qızıl əsgərlərin və rəis heyətinin hər birinə gündə 100 qram 40 dərəcəli araq verilməsi qaydası müəyyən edilsin".


1942-ci il mayın 11-də bu qərara dəyişiklik olunur və "araq hədiyyəsi" yalnız ön xətdə vuruşan və alman işğalçılarına qarşı döyüşlərdə uğur qazanan hərbi qulluqçulara verilir. Özü də norma 100 qramdan 200 qrama qaldırılır.


Həmin il iyunun 6-da və noyabrın 12-də "araq məsələsi" barədə Stalinin yeni əmrləri qüvvəyə minir. "200" rəqəmi yenidən "100"lə əvəz olunur.


1943-cü il aprelin 30-da həmin qaydalara daha bir düzəliş edilir.


Sovet ordusunda əsgər və zabitlərə araq vermək praktikasına yalnız 1945-ci il mayın 9-dan - Qələbə günündən sonra son qoyulur...

 





07.06.2020    çap et  çap et