525.Az

Xatirə dəftərinin son səhifəsinə... - Açıq məktub


 

Xatirə dəftərinin son səhifəsinə... - <b style="color:red">Açıq məktub</b>

Müəllim-şagird, müəllim-tələbə münasibətlərinin bir zirvə nöqtəsi var: orta  məktəbin onuncu sinif şagirdləri, ali məktəbin son kurs tələbələri hər ilin bu bahar çağında əllərində alboma bənzər bir  dəftərlə  çox sevdikləri, ayrılmaq istəmədikləri müəllimlərinin yanına gəlib alboma bənzər həmin o dəftərə onların rəylərini, əziz xatirələrini yazdırırlar.


Bizim Bakı Dövlət Universitetinin Jurnalistka fakültəsində bu ənənə çox güclüdür. Yəqin həm də ona görə ki, dörd il yazı-pozu öyrənmiş tələbələr  bu son anda  öz müəllimlərinin unudulmaz üslubunu da yaddaşlarında saxlamaq  istəyirlər. Biz fakültəmizdə müəllimlərin alboma bənzər o tələbə  dəftərinə etinasızlığını heç vaxt görməmişik. Alboma bənzər o vida dəftərində onların ayrılıq təəssüflərini, yaşaran gözlərini görmüşük. Bu fakültədə müəllim-tələbə münasibətlərinin  unudulmayan  xatirələri olur. O tələbələr bu fakültədə Şirməmməd Hüseynovun, Nəsir İmamquliyevin, Seyfulla Əliyevin, Famil Mehdinin yaratdığı təmiz bir dünyanın şahidi olub bizdən ayrılırlar. O tələbələr bu fakültədə müəllim-tələbə münasibətlərindən təmənnasızlığı, müəllim adını şərəflə yaşadan insanları görüb, onlardan təmiz yaşamaq, Vətənə, xalqa, dövlətə sevgi ilə böyümək, öz yaradıcılıqlarında peşəkarlıq, müstəqil vətəndaşlıq keyfiyyətlərinə əməl etmək prinsiplərini heç vaxt unutmurlar.


Koronavirus "tətilləri" bizi də tələbələrimizdən bir müddət ayırdı. Bu "ayrılıq" günlərində tələbələrimiz heç vaxt müəllimlərini unutmadı. Sosial şəbəkələrdə, WhatsApp formatında, telefon zənglərində yaşadı müəllim-tələbə sevgisi.


Bu günlər  IV kurs tələbələrimizin xatirə dəftərlərinin çağıdır.  Lakin  biz yenə tələbələrimizlə qarşı-qarşıya otura bilmirik. Hər şey On-Line formatında baş verir:  buraxılış və kurs işinin müdafiələri də, imtahanlar da və s. Bu yerdə biz öz təəssüfümüzün dərəcəsini ifadə etməkdə çətinlik çəkirik. Axı, biz IV kurs tələbələrimizin o xatirə dəftərlərinə öyrəşmişik! Əlacımız bircə ona qalıb ki, həmin xatirə dəftərinin son səhifəsinə düşəcək fikirlərimizi tələbələrimizin jurnalistikanın nəzəriyyəsindən bələd olduqları "açıq məktub" janrında qələmə alıb onlara çatdıraq. IV kurs tələbələrimizə ünvanladığımız bu kiçik "açıq məktub" fakültəmizin bütün müəllimlərinin ürək sözləridir. Beləliklə, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin IV kurs tələbələrinə


Açıq məktub


Buraxılış kursumuzun əziz, doğma tələbələri! Siz bu gündən dünyada sayılıb-seçilən, cəmiyyətin güvəndiyi bir peşəyə həm hüquqi, həm də mənəvi cəhətdən sahib olursunuz. Siz Azərbaycan mətbuatının  Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, M.Ə.Rəsulzadə kimi xalq və millət yolunda can qoymuş jurnalistlərin böyük ənənəsinə sevgi hissləri ilə, dünya mətbuatının yararlı təcrübəsinə bələdçiliklə, üç Respublika dövrü yaşamış Vətənimizin müasir azad  KİV sisteminə qovuşmaqla, jurnalistikanın nəzəriyyəsini və təcrübəsini birləşdirməyi öyrənməyinizlə, ana dilimizin, milli ədəbiyyatımızın, milli tariximizin peşəkarlığa böyük təsirini anlamağınızla, humanitar elmlərə bələdçiliyin  vacibliyini dərk etməyinizlə müasir media sisteminə yeni bir ovqat gətirirsiniz. Bu gün sizi ideal azad söz məkanı olan internet dünyasında bu azadlıqdan sui-istifadə edib dövlətçiliyimizə böhtanlar atan saxta jurnalistlərə qarşı ciddi mübarizə gözləyir. Milli jurnalistika ənənələrimiz sizə öz işinizdə təmənnasızlıq öyrətdi. Sizə bu fakültəni  təmiz bir dünya kimi qoyub gedən Nəsir İmanquliyevin, Şirməmməd Hüseynovun tələbələri dərs dedi.  O tələbələr- bu günkü müəllimləriniz sizin qarşınızda alnıaçıq şəxsiyyətlərdir. Siz öz evinizdən, doğmalarınızın saf dünyasından gəlib Jurnalistika fakültəsi kimi təmiz bir məkana düşdünüz. Çox inanırıq ki, siz bu təmizliyi heç vaxt heç nəyə dəyişməyəcəksiniz. Siz öz peşə fəaliyyətinizdə jurnalistikanın dəqiqlik, qərəzsizlik, vicdanlılıq, balanslılıq kimi yaradıcılıq prinsiplərinə heç vaxt etinasız olmayacaqsınız. Çox inanırıq ki, azərbaycançılığa və dövlətçiliyə sədaqət, milli maraqlara diqqət, ictimai marağı yüksək tutmaq, şərə qarşı mübariz olmaq  kimi peşəkarlığa aparan faktlara sevgi ilə yanaşacaqsınız. Empatiya, altruizm keyfiyyətləri sizə çıraq rolunu oynayacaq. Çox inanırıq ki, ana dilimizin saflığı  sizin KİV-ə gəlişinizlə  daha dərindən qorunacaq, doğma dilimizin zənginləşmə prosesini siz daha uca zirvəyə qaldıracaqsınız. Və bir də çox inanırıq ki,  Bakı Dövlət Universitetinin sizə doğma münasibətini , fakültəmizin sizə sevgi hisslərini həmişə yadda saxlayacaq, peşə fəaliyyətində hər hansı  bir dilemma qarşısında qalarkən seçim variantında "görəsən müəllimim buna necə baxar?" sualı sizin köməyinizə çatacaq.


Bu gündən qovuşduğunuz yeni həyat yolunda sizə uğurlar arzulayırıq. Övladlarımıza, doğmalarımıza arzuladığımız kimi. Bu fakültənin qapıları həmişə üzünüzə açıqdır:  magistratura yolunda, elmə aparan doktorantura yolunda. Elə bir zaman gəlsin ki, müəllimləriniz sizi öyrətdiyi kimi, sizdən də öyrənmək faktına sevinsinlər.


Sizi çox sevirik-istisnasız olaraq hamınızı! Yolunuz açıq olsun! Tanrı sizə yar olsun! 


Jurnalistika fakültəsinin müəllimləri adından: Vüqar Zifəroğlu (fakültənin dekanı), Cahangir Məmmədli (Yeni media və kommunikasiya  nəzəriyyəsi kafedrasının müdiri), Həmid  Vəliyev (Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri), Allahverdi Məmmədli (Multimedia və elektron kommunikasiya kafedrasının müdiri), Şamil Vəliyev (Milli mətbuat tarixi kafedrasının müdiri)

 





10.06.2020    çap et  çap et