525.Az

Azadlıq yolunun işıldaquşu - Natella Asenanın 65 yaşına


 

Azadlıq yolunun işıldaquşu - <b style="color:red">Natella Asenanın 65 yaşına</b>

Kiminsə haqqında yazmaq qərarına gələndə birinci onun adının mənasını araşdırmağı xoşlayıram.


Bilmək istəyirəm, adla həmin şəxsin xarakteri arasında körpü var, yoxsa yox. Olanda sevinirəm, olmayanda qurmağa çalışıram. Müəllimim, adaşım Nəsir İmanquliyev haqqında demişdim: "Nəsir müəllimin adının mənası ilə ("Nəsir" ərəbcədən tərcümədə "kömək edən" deməkdir) əməlləri arasında qəribə bir uyğunluq vardı. O öz tələbələrinə və tabeliyində olan əməkdaşlara təkcə müəllimlik, rəhbərlik yox, həm də atalıq, ağsaqqallıq, hamilik edirdi..."


Eşitdim ki, 30 ildən bəri tanıdığım, həmişə qarşılıqlı xoş münasibətdə olduğumuz Natella Asenanın yubileyidir. "Natella" sözünün mənşəyini aramağa başladım. Xeyli axtarandan sonra vikimənbələrin birində rastıma çıxdı ki, gürcü sözüdür, mənası da "işıldaquş"dur. İlahi, necə də düz gəlir?! Ötmüş əsrin 90-cı illərində "Müxalifət" qəzetində bir yerdə işləmişik. Xarakterinə yetərincə bələdəm. İşıldaquş ki, işıldaquş!


Erkək işıldaquş uça bilir, gecələr havada sarı-yaşıl rəngdə işıqlı iz buraxaraq bir yerdən başqa yerə keçir, dişi işıldaquş isə sakit yaz-yay gecələrində körpə otların arasında məskən salır. Natella Bayramova da əvvəllər adi dişi işıldaquş idi. Ali təhsil almışdı, ailə qurmuşdu, bir cüt gül balasını böyütməklə məşğul idi. 1990-cı ilin 20 Yanvarında həyat yoldaşı Mübariz Hacıyevi itirdikdən sonra kişiləşmək zorunda qaldı, erkək işıldaquş kimi qanad açıb lazım olan yerlərə uçmağa başladı. Mikayıl Müşfiq ocağının ağbirçəyi, şəhid Cavad Qəmlinin anası Əzizə İsmayılzadə ilə birləşərək yaralıların xəstəxanalara daşınmasına yardımçı oldu, şəfqət bacısı kimi fəaliyyət göstərdi, özünün milis leytenantı rütbəsindən istifadə edərək həbs olunanlara baş çəkdi, qayğılarına qaldı...


Otlar arasında uyuyan işıldaquş kimsə ona yaxınlaşanda işığını söndürüb yoxa çıxır, bir müddətdən sonra yenidən peyda olur. Redaksiyada günün əsas mövzularını müzakirə edirik, filan məhkəmədən reportaj hazırlaya biləcək müxbir axtarırıq. Natella xanım bir anlığa "işığını söndürüb" yoxa çıxır, bir saat-iki saat keçir, teletayp kağızını xatırladan uzun-uzun vərəqlərdə redaktə zamanı çətinlik törətməsin deyə seyrək sətirlərlə yazılmış "isti" reportajı masamın üstündə görürəm.


İşıldaquş Allahın ona verdiyi enerjini çox qənaətlə işlədir, yalnız soyuq işıq istehsal edir və tükənməsin deyə onu da tez-tez "söndürür". Cibində bir manatı olmadığı halda bizim İşıldaquşumuzun - Natella xanımın sorağı gah Kələkidən, gah Naxçıvanın mərkəzindən, gah da başqa bir qaynar nöqtədən gəlirdi. Təyyarədə biletsiz uça bilirdi, sərhəd məntəqələrindən buraxılışsız keçə bilirdi, Mixaylonun Anjelikası kimi özünü təhlükəyə ataraq dostlarını xilas edir, ən kəskin yazıları senzuradan keçirir, qəzet çıxan günlərdə gecə saat 2-3-də redaksiyaya kabab da alıb gətirirdi...


İlk vaxtlar yazılarını sadəcə "Natella" imzası ilə möhürləyirdi, sonralar işıldaquş olmaq istəmədi. "Asena" təxəllüsünü qəbul edib bozqurda çevrildi. Asena, qədim mifologiyaya görə, Türk qövmünün xilaskarı olmuş dişi canavar, Bozqurdlar nəslinin anasıdır. Bu şərəfli təxəllüsü daşımağa Natella xanımın mənəvi haqqı var: o öz doğma övladları ilə yanaşı, xeyli sayda başqa insanlarımıza da analıq etmiş, bütün çətin məqamlarda onların xilaskarına çevrilmişdir.


Müxtəlif redaksiyalarda əməkdaşlıq edə-edə püxtələşdikdən, jurnalistikanın sirlərinə qətrə-qətrə bələd olduqdan sonra Natella Asena öz qəzetini yaratmaq qərarına gəldi və beləcə, Azərbaycanın media ailəsinə "Zəfər qalası" adlı yeni bir üzv daxil oldu. Bu qəzeti "bir aktyorun teatrı" da adlandırmaq olar. Əsasən, vətənpərvərlik ruhunda olan materialların, demək olar ki, hamısını Natella xanım özü hazırlayır, özü redaktə edir, qəzeti də özü yayır. Bu məqamda yadıma bir əhvalat düşdü: XIX əsrin 70-ci illərində fransalı bir jurnalist Bakıya gəlibmiş. Məqsədi Rusiya imperiyasında, o cümlədən, Azərbaycanda qəzet işinin vəziyyəti ilə tanış olmaqmış. Nəşrinin üçüncü ilində (1877) "Əkinçi" qəzetinin cəmi 300 abunəçisi olduğunu eşidincə avropalı qonaq heyrətlə içini çəkərək Həsən bəyə deyib: "Siz qəhrəmansınız! Fransada belə yoxsul qəzetdə işləməyi arzulayan bir nəfər də tapa bilməzsiniz. Sizin qeyrətinizə heyranam. Görünür, Siz öz xalqınızı dəlicəsinə sevirsiniz".


Yubileyin mübarək, Həsən bəyin layiqli davamçısı, kişi qeyrətli Natella Asena!

 





10.06.2020    çap et  çap et