525.Az

Qarabağ ədəbi-mədəni mühitinin tarixi yeni baxış müstəvisində - Məqalə


 

Qarabağ ədəbi-mədəni mühitinin tarixi yeni baxış müstəvisində - <b style="color:red">Məqalə </b>

Bu gün hər bir təəssübkeş Azərbaycan vətəndaşı, xüsusən ziyalılar doğma Qarabağın xalqımız üçün, dünənimiz, bugünümüz və gələcəyimiz baxımından necə böyük dəyər və əhəmiyyətə malik olduğunun fərqindədir. Odur ki, hər birimiz Qarabağın azad ediləcəyi günü daha da yaxınlaşmasına öz töhfəmizi verməyə can atmalıyıq.


Bu mənada filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovanın yenicə çapdan çıxan "Qarabağ ədəbi-mədəni mühiti" (XIX əsrin ikinci yarısı-XX əsrin əvvəlləri) monoqrafiyası həm haqq işimizə, həm də konkret olaraq çağdaş ədəbiyyatşünaslığımıza layiqli töhfədir. Nəşrin elmi məsləhətçisi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayevdir. Kitabın rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.


Səbinə Əhmədova "Qarabağ ədəbi-mədəni mühiti" (XIX əsrin ikinci yarısı- XX əsrin əvvəlləri) monoqrafiyasında çoxəsrlik tarixə, zəngin mədəniyyətə, böyük ədəbi mühitə sahib olan Qarabağı bütün parametrlərdə tədqiqata cəlb etmişdir. O, monoqrafiyanın əvvəlində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixinə ekskurs edir, XI əsrdən başlayaraq qədim tarixi-etnoqrafik vilayətin sınaqlar qarşısında qaldığını, Abbasilər, Hülakilər, Qızıl Orda xanlıqlarının bu yaşayış məskəninə yürüşlərinə qədər öz təhlil süzgəcindən keçirir. Çingiz xan, Batı xan, Qazan xan kimi fatehlərin Qarabağdakı daxili və xarici siyasəti ictimai-siyasi hadisələr fonunda, tarixi müqayisəli şəkildə təhlilə cəlb olunur.


Tədqiqatçı bu prosesləri ardıcıl olaraq silsilə şəklində davam etdirərək əsas mətləbə - Qarabağ xanlığının təşəkkülü və formalaşması mərhələlərinə geniş işıq salır. XVIII yüzillikdə (1747) əsası Pənahəli xan tərəfindən qoyulan xanlığın sonralar Mehrəli xan (1759-1763), İbrahimxəlil xan (1763-1806) və Mehdiqulu xan (1806-1822) tərəfindən idarə olunması tarixi faktlara istinad edilərək sənədlərin dili ilə açıqlanır.


Müəllif Qarabağ xanlığının, bütövlükdə Azərbaycan xalqının tarixinə qanla yazılmış Kürəkçay müqaviləsini (1805) xatırladır, 1822-ci ildə Qarabağ xanlığının ləğv edilməsi kimi ədalətsiz bir qərarın acınacaqlı nəticələrindən söhbət açır. Tədqiqatın önəmli cəhətlərindən biri də Qarabağ ədəbi mühitinin ayrılıqda deyil, bütövlükdə - Şimali və Cənubi Azərbaycan ədəbi-mədəni mühiti kontekstində araşdırılmasıdır.


S.Əhmədova Qarabağın siyasi, iqtisadi, sosial ədəbi-mədəni mühitinin dünya sivilizasiyası ilə ayaqlaşmasından bəhs edərək yazır: "Qarabağ ziyalılarının Azərbaycanın digər regionlarında yaşayan maarifpərvər adamları ilə görüşmələri, məktublaşması, Qafqazın və Türk dünyasının tanınmış şəxsiyyətləri ilə əlaqəsi Qarabağda közərən qığılcımların alışmasına, buradan isə bütün Azərbaycana yayılmasına səbəb olurdu. Bu ərazidə boya-başa çatan, mükəmməl mədrəsə təhsili görmüş gənclərin sonradan elmi biliklərini Rusiya və Avropada artırmaları qarabağlı ziyalıların timsalında Şərq və Qərb təfəkkürünün mürəkkəb sintezinin formalaşmasına səbəb olmuşdu".


Tədqiqatda Qarabağ, mədəniyyət, musiqi, şeir, sənət beşiyi olan Şuşa şəhəri və onun böyük düha sahiblərinin fəaliyyəti diqqət mərkəzində saxlanılır. Hələ 1830-cu ildən fəaliyyətə başlayan Şuşa Qəza Məktəbinin dünya standartları səviyyəsində təhsil verməsi, 1874-cü ildə Zaqafqaziyada ilk dəfə olaraq Şuşa şəhər məktəbinin açılması, 1881-ci ildən isə Şuşa Realnı Məktəbinin fəaliyyətə başlaması və ana dili ilə yanaşı rus, alman və fransız dillərində dərslərin keçirilməsi burada maarifin, elm və mədəniyyətin hansı zirvədə olmasından xəbər verən qürurverici məqamlardır. 1896-cı ildə isə bu qədim mədəniyyət mərkəzində 210 nəfər şagirdin təhsil aldığı ikisinifli rus-tatar məktəbinin açılması maarif sahəsindəki intibahın ən bariz nümunəsidir.


Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin ikinci yarısı – XX əsrin ...


Tədqiqatçı Qarabağın qədim kökə söykənən və milli dayaqlar üzərində bərqərar olan ədəbi ənənəsini klassik dövrdən orta çağa və eləcə də XX əsrin əvvəllərinə qədər izləyərək dövrün epoxasını sözlə rəsm edir. Tədqiqat obyektinə çevirdiyi mərhələnin görkəmli nümayəndələrinin həyat və yaradıcılıq yolunu, ictimai mühitə və mövcud quruluşa münasibətini ayrı-ayrı oçerklərdə əks etdirir. Bununla belə, Qarabağ ədəbi mühitində yaşayıb-yaradan, yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında realizm və xəlqilik anlayışını qərarlaşdıran Molla Pənah Vaqif ədəbi məktəbinin Qarabağ ədəbi mühitinə təsirsiz ötüşmədiyini də tədqiqatda ön plana çəkir. Bütövlükdə yaranan münbit şərait bir çox sənətkarların yetişməsində və formalaşmasında müstəsna rol oynamışdır. S.Əhmədova artıq adları ədəbiyyat və mədəniyyət tariximizdə özünəməxsus yer tutan Qasım bəy Zakir, Sədi Sani Qarabaği, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Növbəri, Həsənəli xan Qaradaği, Mirzə Ələsgər Növrəs, Məmo bəy Məmai, Mirzə Həsən Qarabaği Yüzbaşov, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Mir Mehdi Xəzani, Xarrat Qulu, Məxfi, Məşədi Məhəmməd Bülbül, Bəhmən Mirzə Qacar haqqında ayrı-ayrı oçerklərdə bəhs etmiş, onların yaradıcılıqlarını ən dərin qatlarına, incə məqamlarına qədər açmağa nail olmuşdur. Monoqrafiyada hər bir şairin yaradıcılığına istinad edən müəllif həm onların zəngin folklor ənənəsinə söykənən çoxçalarlı və çoxqatlı örnəklərini, həm də Azərbaycan klassik ədəbiyyatında stabilləşən şeir formalarının özəlliklərini konkret nümunələr əsasında şərh edir. Bütün bunlar Azərbaycanda elm, maarif, təhsil sahəsindəki tərəqqinin bir hissəsi kimi uğurlu və diqqətçəkəndir.


Qarabağ ədəbi-mədəni mühiti haqqında söhbət açarkən 1864-cü ildə əsası şuşalı şair Mirzə Rəhim Fəna tərəfindən qoyulan ədəbi məclisi xatırlatmamaq mümkün deyil. Sonralar Xan qızı Xurşidbanu Natəvanın rəhbərliyi ilə onun evində davam etdirilən bu ədəbi məclis "Məclisi-üns" (Dostluq məclisi) adı ilə fəaliyyət göstərmişdir. Dövrün böyük ədəbiyyatını yaradan bu ədəbi məclis öz ətrafında XIX əsr Azərbaycan ədəbiyyatının inkişafında müəyyən xidmətləri olmuş Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, Məmo bəy Məmai, Hacı Abbas Agəh, İsmayıl bəy Daruğə, Mirzə Sadiq Piran, Məhəmmədəli bəy Məxfi, Məşədi Nəsir Lövhi, Hüseyn ağa Cavanşir, Mirzə Haqverdi Səfa, Bəhram bəy Fədai, Mahmud bəy Mahmud, Mirzə Səfər Köhnəfüruş, Məhəmməd ağa Müştəri, Səməd bəy Səməd, İsgəndər bəy Rüstəmbəyov kimi şairləri, ziyalıları, sənət adamlarını toplamışdır. Bu ədəbi məclislə yanaşı, 1872-ci ildə Şuşada dövrünün böyük ziyalısı, zəka və istedad sahibi Mir Möhsün Nəvvabın rəhbərliyi ilə "Məclisi-fəramuşan" (Unudulanların məclisi) adlı ikinci bir ədəbi məclis də fəaliyyətə başladı ki, bu da o zamankı Azərbaycan ədəbi mühiti üçün yeni bir hadisə kimi dəyərləndirilməlidir.


Müəllif Hüquqları Agentliyi və KİVDF fərdi jurnalist yazıları ...


Qarabağ torpağı aşıq ədəbiyyatının görkəmli nümayəndəsi kimi şöhrət qazanan Aşıq Pəri, incə ruhlu, aşiqanə qəzəlləri ilə könülləri fəth edən Xurşidbanu Natəvan, Fatma xanım Kəminə kimi qadın şairləri, Mir Möhsün Nəvvab kimi zəngin ensiklopedik bilik sahibini, faciə janrının ("Müsibəti-Fəxrəddin", 1896) əsasını qoyan Nəcəf bəy Vəzirov, monumental tarixi roman müəllifi ("Qan içində", 1937) Yusif Vəzir Çəmənzəminli, Azərbaycan ədəbiyyatşünaslığının əsasını qoyan və 100-dən çox sənətkarın həyat və yaradıcılığını aşkara çıxararaq ədəbiyyat tariximizin salnaməsini yaradan Firidun bəy Köçərli, böyük mütəfəkkir, publisist Əhməd bəy Ağaoğlu, Şərqdə ilk operanın yaradıcısı və banisi ("Leyli və Məcnun", 1908), professional bəstəkar, böyük düha sahibi Üzeyir bəy Hacıbəyli və neçə-neçə parlaq şəxsiyyət yetirmişdir. Bu ecazkar, cənnət bir diyar haqqında nə qədər yazılsa da, onun qeyri-adi gözəlliyinin, gücünün və sehrkarlığının cazibəsindən qurtarmaq mümkün deyil. S.Əhmədova monoqrafiyada bütün bu diqqətçəkən, önəmli məsələləri səbr və təmkinlə araşdırıb.


Sözügedən mühitin real tarixi gerçəklikləri bir sıra məxəzlərdə, o cümlədən Qarabağ salnamələrində geniş şəkildə əksini tapıb. Bütün bu dəyərli tarixi qaynaqlarla yanaşı, Səbinə Əhmədovanın səmərəli axtarışlarının nəticəsi kimi ortaya çıxan "Qarabağ ədəbi-mədəni mühiti" (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri) monoqrafiyası Qarabağ salnamələrinin boy sırasını və əhəmiyyətini artıran yeni bir araşdırma kimi qiymətli və dəyərlidir.


Bütövlükdə Qarabağın ictimai-siyasi, ədəbi-mədəni həyatının real mənzərəsini canlandıran bu sanballı tədqiqat əsəri bədnam işğalçılara tutarlı cavab, onu sevənlərə, qələbə müjdəsi gözləyənlərə əvəzsiz bir ərməğandır. "Qarabağ ədəbi-mədəni mühiti" (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri) monoqrafiyası "Qarabağnamələr"in sırasında özünə layiqli yer tutan sanballı tədqiqat əsəri kimi əhəmiyyətlidir. Bu dəyərli tədqiqat əsərindən ali və orta məktəblərdə dərs vəsaiti kimi istifadə olunması mühüm fayda verə bilər.


Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





10.06.2020    çap et  çap et