525.Az

Vətəni ilə bütövləşib ucalan şair - Məqalə


 

Vətəni ilə bütövləşib ucalan şair - <b style="color:red">Məqalə </b>

Vətən məhəbbəti, vətənə bağlılıq... Ancaq hər məhəbbət, hər bağlılıq yox, şair məhəbbəti, şair bağlılığı...

Doğma torpağa bağlı olan çox insanlar ola bilər, hətta var da. Lakinbunların çoxu torpağa mədəsi ilə, cibi ilə, maddi maraqları ilə bağlıdır. Ancaq mən bir şeyə inanıram: inanıram ki, əsl sənətkarlar torpağa qanı ilə, ruhu ilə, yaradılış mayası ilə bağlanır və onların ruhu Vətən torpağının ətrafında əbədi pərvanəyə çevrilirlər. Görəsən, özülündə vətən daşı olmayan, ruhu vətən torpağında yaşamayan, vətəni öz yaradıcılığı ilə yaşatmayandan sənətkar ola bilərmi? Bəzən şairlər Vətən mövzusunu qələmə alarkən tamamilə tərifdən ibarət, poetikliyini itirmiş, poeziyamız üçün də əhəmiyyətsiz şeirlər ilə vətəni yaşadacaqlarını,vətənə məhəbbəti dərinləşdirə biləcəklərini düşünürlər. Təəssüf ki, bu da istənilən nəticəni vermir, süni və solğun görüntü effekti yaradır.

Əsl şairlər dünyaya gəldiyi gündən çox-çox əvvəl doğulur. O, bir zərrəcik kimi öz xalqının ürəyindən qopur, doğulacağı torpağa düşür. Xalqının nəfəsi ilə böyüyür. Bu baxımda mənə elə gəlir ki, Məmməd Araz Azərbaycan dağlarından qopub gələn bir qayadır, Xətai qılıncından çaxan qığılcımdır, Araz sularının həzin ağrısını gecə-gündüz dinləyən sahil yovşanıdır. Xalq şairi Məmməd Arazın şeirlərində Vətən mövzusu yoxdur. Necə ola bilər ki, özü bütövlüklə vətənlə səsləşən birinə "vətən mövzusunda yazır" süni tərifini yamayasan?! Məmməd Arazın özü bütövlükdə vətənləşən insandır. Ona görə də onun şeirlərində vətən mövzusu yoxdur, vətənin özü var. O, vətəni "Vətən məhəbbəti" ilə yaşadır və şairin ruhu da vətənin hər daşında, qayasında yaşayır.

Vaxtı ilə böyük Tolstoy bir pedaqoq kimi uşaqlara deyirdi ki, Vətən Yasnaya Polyanadan başlanır. Xalq şairi Məmməd Araz üçünsə Vətən kiçik bir dağ kəndindən başlayır. Məmməd Araz öz kökləri ilə onu bəsləyən, boya-başa çatdıran, ona böyük həyata vəsiqə verən kiçik yurdunu incə məhəbbətlə sevir. Böyük vətəndaş sevgisinin ilk qığılcımlarının məhz balaca Nursu kəndində yaranması bu baxımdan heç də təsadüfü deyil. İlk dəfə burada eşitdiyi əsrlər qədər uzaqlardan gələn doğma ana laylasının,babasından, ən böyük alim sandığı nənəsindən eşitdiyi, bir anda bir neçə əsri uçub aşan saysız dastan və nağılların hər birində vətən var:

Onun Araz kimi kükrəyib daşan,
Kürün nəğməsinə nəğmələr qoşan,
Hünər dastanı da, sevinc səsi də,
Bəzən söz üstündə titrəməsi də,
Nənəmin qəlbindən qəlbimə doldu.

"O əllər mənim ilk müəllimim oldu" dediyi, dərələri, dağları müəllim kimi tanıtdıran, sevdirən, hələ ilk dəfə gəzməyə çıxanda xırdaca əllərindən tutan isti, doğma ata əllərinin təmasının və bəzən şairin çox sevdiyi kənd axşamlarında qonum-qonşunun, qohum-əqrəbanın, sinədəftər qocaların söhbətlərinin şairin hələ uşaqlıqdan vətən sevgisi ilə böyüməsində mühüm rolu olmuşdur:

Budur sinədəftər qocalar yenə,
Enir tarixlərin dərinliyinə.
Kimi Koroğludan, kimi Babəkdən,
Kimi də Gülgəzdən, Abbasdan deyir.

Məmməd Arazın qələmə aldığı əsərlərin əksəriyyəti birbaşa ya doğma kəndi ilə bağlıdır, ya da kənddən gətirdiyi uşaqlıq, gənclik xatirələrinin şövqü ilə yazılmış saf və səmimi duyğulardır. Həmçinin şairin poemalarının əksəriyyətində də kəndli həyatı, kəndli zəhməti qabarıq şəkildə təsvir olunur. Müharibə dövrünün kəndli həyatına qatdığı əzab-əziyyəti də Məmməd Araz sonralar mahir bir şəkildə qələmə alır. O cümlədən , "Üç oğul anası" poemasında Böyük Vətən Müharibəsində üç oğlunu itirmiş, özgələr çiynində gora gedən bir kəndli qadının acı taleyini müşahidə edirik.



Xalq şairi yazılarının birində qeyd edir ki, "Müharibə vaxtı yüz evlik kəndimizdə bizim İbrahimovlar nəslindən də dönməyənlər çox oldu. Azərbaycanlı döyüşçülərin Ukraynadakı döyüş yolunu izləmək üçün qardaş torpağına getdim. Müxtəlif qardaş qəbirləri - məzar şəhərlər gördüm. Lvov şəhərində bir qəbrin başdaşına İbrahimov yazılmışdı. Bircə familiya! Nə ad, nə ünvan! Elə oradaca bu misralar doğuldu və sonra bu misralar "Əsgər qəbri haqqında ballada" poemasının yaranmasına təsir etdi":

Bizim kənddən doxsan igid qayıtmadı,
Doxsan ana yola baxdı,
doxsan ümid qayıtmadı.
Doxsan cığırda ot bitdi,
Doxsan yolda oraq-çəkic,
Dəryaz itdi, qələm itdi.
Kəndimizi sevindirrəm
tapanda bir itmiş adı...


Bu poema faşistlərə qarşı vuruşan, Vətən yolunda həlak olan şairin dünənidir sanki. Berlinə gedib çıxan kəndinin insanının qalib sədasıdır.

Həmçinin "Atamın kitabı" poemasında ömrünün yüzüncü ilinə qədəm qoymuş, vətəndaş müharibəsinin və ümumən illərin sınaqlarından keçmiş, ən çətin anlarında torpaqdan güc almış bir kəndli qocanın həyatından söz açır. Şair qəlbinin hökmü ilə kənd zəhmətkeşlərinin həyatından publisist yazılar, qeydlər, söhbətlər yazıb.

Vətən sevgisi ilə böyüyən və içindəki Vətən məhəbbətini də özü ilə böyüdən şairin kiçik bir kənddən başlayan Vətən sevgisi zamanla sərhədləri aşan,məcraya sığmayan bir ordunu ayağa qaldıra biləcək qədər güclü bir vətəndaş sevgisinə çevrilir. Beləcə "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" nidaları ilə səslənir, Azərbaycanı dünyası bilir, mamır olub bu yurdun daşında, qayasında bitməyə can atır, qayaların lal dilini başa düşür, ana yurdun hər daşına üz qoyur. Məmməd Araz üçün vətənin hər bir daşı da, qayasıda Vətənlə, xalqla əbədiyyən birləşir. "Şair qayalara, dağlara söykən" deyəndə də heç vaxt "söykənəcək" sözünü "dirsəklən, yastıq elə" mənasında işlətmir. "Ona yönəl, ondan baş götür, ona etibar et, ona inan və ona qayıt" - demək istəyir. Bu, Xalq şairinin yaradıcılıq yolunun üstündə əbədi şüardır:

İnamdan göyərsə bir dağdır inad,
Bu Vətən dağıdır, söykən ki söykən.
Nə uçan quşunun dalınca daş at,
Nə qopan daşının dalınca söylən.

Məmməd Araz yaradıcılığı hər bir Vətən övladını əsl vətənpərvər insan kimi yetişdirmək gücünə malik olan ən yaxşı müəllimdir. Onun şeirləri təkcə vətənə sevgi aşılamır, bir çox məqamlarda indiki gəncliyə Azərbaycanın qədim tarixini, əsrarəngiz təbiətini öyrədir. Ta qədim zamanlardan xalqımızın başına gətirilmiş müsibətlərdən, xanlıqlar dövründə Azərbaycanın keçirdiyi sarsıntılardan, ikiyə bölünmüş xalqın, torpağın ayrılıq, həsrət yanğısından söz açır:

"Mən-mən" dedi bir ölkədə nə qədər xan,
Onlar "mən-mən" deyən yerdə
Sən olmadın, Azərbaycan!..
Dibək oldun öz duzunla, öz daşınla,
Ögey oldun doğma, əkiz qardaşınla...

KİVDF yeni müsabiqə elan edir

Şair ağrılı tariximizi, xalqın ən böyük dərdini, cənub həsrətini şeirləri ilə yanaşı, Araz təxəllüsü seçməklə imzasında da yaşatdı. Bu təxəllüs yaraşıq naminə götürülməmişdi, hərbi and kimi qəbul edilmişdi. O, "Təbriz nə istəyir? Təbriz - qurtuluş" deyə hay çəkdi. Xan Araza neçə-neçə şeir yazdı:

Yox, Araz deyəndə mən
Yalnız çay düşünmürəm.
O, tarixdir, baxıram
Ağlayır da, gülür də,
Avestanın külündən
Bulanıqdır hələ də.

Məmməd Araz öz şeirlərində hər birimizə Vətəni qarşılıqsız sevməyi, ondan heç nə ummamağı, ona qəlbən bağlanmağı öyrədən örnək bir Vətəndaş obrazı yaratdı. Vətəni hamı sevir. Gücün çatırsa, Məmməd Araz kimi sev, yarat!

Öz şöhrəti heykəlinə dəmir əridən
Vətəndaşın Vətəni də bir evdir ancaq.
Vətən üçün can əridən, ömür əridən,
Bir daşa da minnət qoyub pay ummayacaq.

Hərdən şairin şeirlərini oxuduğum zaman qeyri-ixtiyari olaraq nəzərlərim misralarda düyünlənib xəyalım uzaqlara çəkiləndə düşünürəm ki, birdən zamanın kadrı dəyişsə, Məmməd Araz bizim günlərdə doğulsa və qələm götürsəydi, heç şübhəsiz, uzaqvuran toplar kimi məğrur bir görkəmlə istədiyi hədəfi nişan alardı. Onda yəqin ki, "sənət cəngəlliklərində" ovçu tüfəngi ilə fırlanan "ara-bərə yazarları" çox miskin vəziyyətdə qalardılar. Qabağında heç kəs dayana bilməzdi, qolundan dartanlar, ayağından tutanlar, misralarında zərrəbinlə gəzənlər, yəqin ki, öz dərd-sərlərini də Məmməd Araz misralarıyla dilə gətirərdilər. Bir də Məmməd Arazı bizim günümüzə gətirməyə çalışmaq hədər iş deyilmi? Bugünümüzü və elə sabahımızı da onsuz hesab eləməyə kimin hünəri çatar ki? O, ədəbiyyatımızın gündoğanında masmavi göy üzünü, rəngarəng vətən dünyamızı öz şəfəqləri ilə işıqlandıran, qızdıran Poeziya günəşi kimi dayanıb. Vətəni ucaltmaq naminə yazıb-yaradaraq özü də o ucalığa yüksəlib:

Yazmışam hər şeyi könül naməmə,
Bircə bu günahım bağışlanacaq
Neylədim, Vətəni sevmək naminə,
Ucaltmaq naminə elədim ancaq.

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





13.06.2020    çap et  çap et