525.Az

"6 qitədə, 42 ölkədə səyahətdə olmuşam" - Səyyah-bloqer Gülər Ağayeva ilə müsahibə


 

GÜLƏR AĞAYEVA: "BİR DƏFƏ SƏYAHƏT ETDİNİZSƏ, SONRA YERİNİZDƏ DAYANA BİLMƏYƏCƏKSİNİZ"

"6 qitədə, 42 ölkədə səyahətdə olmuşam" - <b style="color:red">Səyyah-bloqer Gülər Ağayeva ilə müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar...

Günümüzdə müxtəlif sahələrdə bloqerlik etmək trendə çevrilib. Bunların arasında səyyah bloqerlər də çoxluq təşkil edir. Onlar gəzdikləri ölkələri, orada gördükləri mədəniyyəti və tarixi abidələri sosial şəbəkələr vasitəsilə paylaşırlar. Nəticədə, sərhəd tanımayan sosial media məkanı səyahət arzusunda olanları virtual səyahətə çıxarır.

Səyyah-bloqer Gülər Ağayevanın bloqu xüsusi diqqətimi çəkdi. Gülər gəzdiyi ölkələrdə milli kəlağayımızı və "aerodrom"u təbliğ edirdi. Onun müxtəlif xarici ölkələrdə Azərbaycan adına atdığı bu addım çox təqdirəlayiqdir. Düşündüm ki, bu mövzularda söhbət etmək də maraqlı alınar. Beləcə, Gülər Ağayeva ilə əlaqə saxlayıb söhbət etmək qərarına gəldim. Həmin söhbəti sizlərə təqdim edirik. 

"Tripanema" onlayn səyahət jurnalının xüsusi buraxılışı üzərində işləyirəm"

- Gülər xanım, necə oldu ki, səyahətlər edib, gəzdiyiniz məkanları sosial media hesabınızdan paylaşmaq qərarına gəldiniz?

- Səyahətlərə 2013-cü ildən başlamışam. Gəzdikcə üst-üstə yığılan xatirələrim çoxdur. Vaxt çatışmazlığı, işlərin çoxluğu, səyahətdə olduğum zamanlar həmin məkanlardan həzz almağa üstünlük vermək istəyim məni sosial mediadan bir qədər uzaqlaşdırırdı. Dünyanı saran koronavirus pandemiyası biz səyahətçilərə də təsirsiz ötüşmədi. Səyahət edə bilmədiyim üçün keçmiş xatirələri yada salmağa başladım və bu xatirələri bölüşmək istəyi yarandı. Paylaşımlarıma dəyər verdiklərinə görə izləyicilərə təşəkkür edirəm.

- Sosial şəbəkələr həyatınızda hansı yeri tutur?

- Hazırda təcrübələrimi, başıma gələn maraqlı, həyəcan dolu hadisələri bloqlar şəklində pickvisa.com platformasında bölüşməyə fokuslanmışam. Eyni zamanda, bir müddət fəaliyyət göstərən və baş redaktorluğunu etdiyim "Tripanema" onlayn səyahət jurnalının xüsusi buraxılışı üzərində işləyirəm. Jurnalın bu buraxılışı ilə hamını virtual səyahətə aparacağıq.  

"Havana şəhəri insana heç nə etmədən necə xoşbəxt olmaq olar, onu göstərir" 

- İndiyə qədər neçə ölkədə olmusunuz?

- Dediyim kimi, 2013-cü ildən səyahət edirəm, 6 qitədə, 42 ölkədə səyahətdə olmuşam.

- Gəzdiyiniz ölkələr arasında sizi ən çox cəlb edənləri hansılardır?

- Bu, mənə verilən ən çox suallardan biridir. Hətta deyərdim ki, aralarında cavablandırılması ən çətin suallardan biridir. Fərqli aspektlərdən fərqi şəhərləri deyə bilərəm. Peruda yerləşən Kusko şəhəri insana qəribə sakitlik, yaradıcılıqla məşğul olmaq hissi verir. Sanki şəhərin o tarixi küçələri, mədəniyyəti, insanların üzündəki ifadələr deyir ki, Gülər, al əlinə qələmi, cızma-qaranı elə. Kubanın paytaxtı Havana şəhəri insana heç nə etmədən necə xoşbəxt olmaq olar, onu göstərir. Orada insanlar salsa oynayıb, xoşbəxt ola bilirlər, tək bir salsa ilə. Təsəvvür edirsinizmi? Ümumi olaraq, Cənubi Afrika səyahətim də yaddaqalan olmuşdu, o səyahətim adrenalin dolu idi. 

"İstanbul valehedicidir" 

- Qeyd etmisiniz ki, ən çox sevdiyim şəhər İstanbuldur, hətta bir gün qızım olsa, ona bu adı verəcəyəm. Sizi İstanbula bu qədər bağlayan nədir?

- Düzdür, İstanbul bir başqadır. Bu hissləri sözlə ifadə etmək çətindir, demək olar ki, hər il ən azı bir dəfə İstanbula səyahət edirik. Səyahətə çıxdıqda nələri yaşamaq istərsiniz deyə bir siyahı tutursunuz, düzdür? Həmin siyahını demək olar ki, İstanbulda tamamlamaq mümkündür. İstanbulun həm mədəniyyəti, həm hamını valeh edəcək tarixi, insanın ruhunu dinləndirəcək, bununla bərabər əyləndirəcək məkanlarının olması bir səyahətçini cəlb edən nüanslardır. Ümumiyyətlə, bütünlükdə şəhər valehedicidir, cazibədardır. 

"O vaxtdan 2 aylıq səyahətlərə də əl çantası ilə gedirəm" 

- Səyahətlər zamanı başınıza gələn ən maraqlı hadisə nə olub?

- Bilmirəm, maraqlı hadisədir, yaxud stresli (gülür). Yəni ki, indi maraqla, həyəcan dolu danışıram, amma həmin vaxt çox əsəbi idim. Demək, 8 nəfər dost 35 günlük Meksika-Kuba səyahətinə çıxmışdıq. Mexiko şəhərinə çatdıq, ancaq mənim baqajım gəlib çıxmadı. 35 gün də az deyil, bütün lazımi əşyalar həmin çantada idi, əl çantamda bir-iki əşya var idi. Hava yolu ilə nə mübahisələr yaşadıq, təsəvvür edə bilməzsiniz. Səyahətimizin 34-cü günü baqajım gəldi çıxdı, mən də onu götürdüm və səhəri gün Bakıya geri uçduq. Büdcəmizə zərər dəyməsin deyə də, yalnız əl baqajımda olan əşyalarda həmin səyahəti başa vurmuşdum. O vaxtdan bəri 2 aylıq səyahətlərə də əl çantası ilə gedirəm. 

"Bakı üçün o qədər darıxmışdıq ki..." 

- Deyəsən, həyat yoldaşınız həm də yol yoldaşınız olub. Səyahətlərə onunla birgə gedirsiniz?

- Bəli. Necə deyərlər, insanı yolda tanıyarlar. Bütün bu səyahətlər də bizi qəribə şəkildə bir-birimizə bağlayıb. Əslində, xatirələrin bizi birləşdirdiyinə inanıram, istər dostlarımızla, istərsə də ailəmizlə. Səyahət boyu qarşılaşdığımız çətinliklər, onların birgə öhdəsindən gəlməyimiz, yaranan fikir ayrılıqları, birgə yaşadığımız xoş hisslər bizdə qəribə bir bağ yaradıb.

- Söz var, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Hər halda daima səfərlərdə olan biri kimi bu deyimin gerçəkliyini ən yaxşı siz bilərsiniz. Vətəndən uzaqda olduğunuz zamanlar sizin üçün hansı hissləri yaradır?

- Darıxmaq hissindən danışmasaq yaxşıdır. Biz 2019-cu ildə Cənubi Amerika səyahətimiz zamanı Bakı üçün o qədər darıxmışdıq ki, pəncərədən günün batmasını seyr edərkən Alim Qasımovun "Xatirədir" mahnısına qulaq asırdıq. Hazırkı vəziyyətə qədər demək olar ki, ümumi toplasaq ilin 3-4 ayını Bakıda olurduq, ya yox. Yeməklər üçün, dostlarımız, ailəmiz üçün, İçərişəhərdə gəzib xatirələrimizi yada salmaq üçün darıxırdıq.  

"Fərqli səyahətlər fərqli məbləğə başa gəlir" 

- Səfərləriniz üçün lazım olan maliyyəni haradan əldə edirsiniz?

- Büdcəni aylar öncədən yığırıq. Hər şey düzgün planlamadan asılıdır. Hər kəs büdcəsinə uyğun səyahət planı qura bilər. Bəzi proqramlar da var ki, səyahətin bir qismini qarşılayır. Onlara da müraciət etmək olar. Onu da deyim ki, insanları səyahətə həvəsləndirmək üçün "Travelx", "Traveler's Mind" layihələrimizdə fərqli ölkələrə ödənişsiz biletlər hədiyyə verdiyimiz də olub.

- Bu səyahətlər sizə təxmini neçəyə başa gəlir?

- Bu sual da ən çox verilən və cavab verilməsi çətin olan suallar arasındadır. Fərqli səyahətlər fərqli məbləğə başa gəlir. Tur plandan çox şey asılıdır. Məsələn, bizim bir səyahət planımız 500 AZN-ə başa gəlirsə, başqa bir şəxsdə bu 1000 AZN ola bilər. Məsələn, bir şəxs üçün səyahətdə yemək önəmli deyil, amma biz Cənubi Afrikanın Keyp Taun şəhərində büdcəmizə təsir etsə belə, "Mama Africa" adlı restorana getmişdik. Çünki həmin ölkəni hiss etmək üçün ilkin yerlərdən biri idi. Peşman da deyilik, çünki fərqli hisslər yaşamışıq.

"Səyahət etmək üçün dil bilmək vacib deyil" 

- Yəqin ki, səyahət etmək sizin üçün daha çox hobbidir. Bəs, rəsmi olaraq hansı işlə məşğulsunuz?

- Səyahətlər bir növ həyat tərzimizə çevrilib, eyni yerdə çox qala bilmirik (gülür). Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. Səyahətçiləri bir araya gətirən layihələr təşkil etməyi sevirəm.

- Xarici dil bilginiz varmı və bu bilgilərin olması bir səyahətçi üçün nə qədər vacibdir?

- Səyahət etmək üçün dil bilmək vacib deyil. Hətta bəzən maraqlı hadisələr də yaşayırsınız. Meksikaya və Cənubi Amerikaya səyahətimiz zamanı ispan dili biliyimizin olmaması bir çox gülməli məqamlar yaşatmışdı bizə. Birtəhər, əllə-qolla danışırdıq. Yəni dil bilmək o qədər də vacib deyil. Səyahət etdikcə, öyrənəcəksiniz. Əsas odur, səyahət edin.

- Səyahət etmək istəyən oxuculara hansı vacib məqamları tövsiyə edərdiniz?

- Səyahətdən qorxmasınlar. Mənə yazanlara əsasən, deyə bilərəm ki, hər kəs o ilk addımı atmaqdan qorxur. Ancaq o ilk addımdan sonra davamı öz-özünə gəlir. Bir dəfə səyahət etdinizsə, sonra yerinizdə dayana bilmirsiniz. Səyahət insanda bir çox xarakterlər formalaşdırır. Bu xarakterlər gələcək karyera yolunda da hər birimizə gərəkən xarakterlərdir. İcazə verin səyahət sizi dəyişdirsin.

Günel ABBAS

 





15.06.2020    çap et  çap et