525.Az

Tarixçə - Müsəllim Həsənovun qeydləri


 

Tarixçə - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır. Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525"

***

Azərbaycan yazıçılarının "səhvi"
 

Bilirdinizmi ki, Azərbaycan KP MK 1962-ci ilin iyulunda bəzi "yazıçıların səhvləri haqqında" qərar qəbul edib?

"Səhv edən" yazıçılar kim idi? Xəlil Rza, Məsud Əlioğlu və Qulu Xəlilov. "Səhvlər" nədən ibarət idi?

Xəlil Rza:               

Nə həsrət, nə hicran olsun
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir can olsun
O sahil də, bu sahil də! 

Məsud Əlioğlu ("Sevil" pyesi haqqında məqaləsindən): "...Dilbər xanım özü ilə bərabər, "Vətəninə" nə gətirmişdir? Yelbeyin ziyalıları yerindən oynadan, işvəkar və aldadıcı hərəkətlər, pozğun əxlaq "nəzəriyyəsi", bir də kazinolarda, ziyafət məclislərində işlədilən yad bir dil!" (Dilbərin fransız dilində danışmasına etiraz - M.H.)

Qulu Xəlilov:  "...vur-tut 460 min əhalisi olan Qabon Respublikasının, 560 min əhalisi olan Mavritaniya Respublikasının... hər ölkədə səfiri var. Bəs onda bizim qardaş-bacılarımızın altı-yeddi milyondan çoxuna nə üçün öz ana dilində danışmaq, oxumaq, yazmaq, məktəb açmaq qadağan olunsun?"

MK-nın qərarından: "Bizim partiyanın siyasətinə və yüksək proletar beynəlmiləlçiliyi prinsipinə zidd olan milli məhdudluq və lovğalıq kimi yanlış mövqeyə yuvarlanmış şair Xəlil Rzanın və tənqidçilər Məsud Əlioğlunun, Qulu Xəlilovun davranışı pislənilsin. Mətbuatda səhv çıxışına görə Məsud Əlioğlu "Azərbaycan" jurnalının redaksiya heyətinin tərkibindən çıxarılsın".

Xoşbəxtlikdən təqvimdə il 1937 yox, 1962 idi...

Sənəddə sadalanan "səhv"lər də çoxdur. Mən sadəcə kiçik nümunələr verməklə kifayətləndim... 

Alman kəşfiyyatçısı 1942-ci ilin Bakısını xatırlayır 

Bilirdinizmi ki, 1942-ci ildə Bakı üzərində kəşfiyyat uçuşu həyata keçirən alman radistinin xatirələr kitabı çıxıb?

1942-ci ildə bu dəfə artıq Bakı neft mədənləri rayonunun fotoşəkillərini alman kəşfiyyat təyyarələri çəkməyə başlayıb. Alman hərbi-hava qüvvələrinin son illərdə açıqladığı rəsmi məlumata görə, 1942-ci ildə Bakı istiqamətində uçan kəşfiyyat təyyarələrindən beşi Xəzər dənizi üzərində (dəqiq yeri məlum olmayıb) vurulub.

Belə təyyarələrdən biri isə Xaçmaz yaxınlığında yerə endirilib və təyyarə heyəti əsir götürülüb. Həmin təyyarə sonradan Dağüstü parkda qoyulub ki, camaat baxsın (məşhur filmdə bu kadrlar var).

Amma Bakının fotoşəkillərini çəkib sağ-salamat qayıdan təyyarələr də olub. Onlardan birinin o vaxt cəmi 22 yaşı olan radisti Maks Laqoda uzun ömür sürüb və 2016-cı ildə 96 yaşında vəfat edib.

2011-ci ildə onun Almaniyada xatirələr kitabı nəşr edilib.

Alman dilində buraxılan kitabın adı bizim dildə təxminən belə səslənir: "Keçmişə baxış: Rusiya və Şərqə uçan kəşfiyyatçının hərbi xatirələri".

Müəllif xatirələrində 1942-ci il avqustun 18-də Bakı üzərindən uçduğunu və keyfiyyətli fotoşəkillər çəkdiyini də xatırladır.

Doğrudur, həmin təyyarəni sovet havadan müdafiə qüvvələri görüb, hətta onun ardınca iki qırıcı təyyarə göndərib. Lakin alman kəşfiyyat təyyarəsi Dərbənd istiqamətində uçmaqla yenidən sağ-salamat Mariupol (Ukrayna) bazasına qayıda bilib... 

İran şahı Bakıda kimin evində gecələyib? 

Bilirdinizmi ki, 1902-ci ilin aprelində Avropaya səfəri çərçivəsində Bakıya gələn İran hökmdarı Müzəffərəddin şah erməni Tumanyantsın evində gecələyib?

O vaxt Rusiyada Müzəffərəddin şaha xüsusi hörmət və ehtiram göstərilirdi.

Təsəvvür edin ki, Peterburqdan general-mayor Nikolayev, fligel-adyutant qraf Şuvalov, xarici işlər nazirinin sərhəd məsələləri üzrə məmuru L.Koxanovski, süvari alayı leyb-qvardiyasının rotmistri Xan Naxçıvanski və s. kimi çar məmurları şahı qarşılamaq üçün Bakıya ezam olunmuşdular.

Bakının qubernatoru, general-mayor D.Odintsov başda olmaqla bu məmurlar İran şahının pişvazına çıxmaq üçün bir neçə gün əvvəldən Astaraya getmişdilər.

İran şahını gətirən qatar Bakı vağzalına səhər 10:15-də daxil olur. 

Şahı Qafqazın baş mülki rəisinin müavini general-leytenant A.Freze və digər generallar qarşılayır.

Müzəffərəddin şah vağzalda onu qarşılayanlarla mehriban görüşür. Sonra vağzalın "çar otağı"nda şəhər rəhbərləri və din xadimləri tərəfindən qarşılanır...

Müzəffərəddin şah vağzaldan xüsusi faytonla onun gecələməsi üçün ayrılmış evə - İran təbəəsi olan Bakı taciri Tumanyantsın evinə gedir...

P.S. O vaxt Bakıya gələn ən nüfuzlu qonaqlar bir qayda olaraq H.Z.Tağıyevin evində gecələyirdilər. Məsələn, Buxara əmiri həmişə Hacının evində qalırdı. Zaqafqaziya Şeyxülislamı və müftisi də Bakıya gələndə Tağıyevin evini seçirdi...

İran şahı isə...

Xəzərə gəmilər gəlir. Faşist Almaniyasından... 

Bilirdinizmi ki, İkinci Dünya Müharibəsi başa çatandan sonra Almaniyadan qənimət kimi götürülən gəmilərdən yalnız 31-i istismar üçün Xəzərə göndərilib?

Almaniya donanmasının müttəfiqlər arasında bölüşdürülməsi 1945-ci ilin dekabrında başa çatır. Sovet İttifaqına 769, Böyük Britaniyaya 621 və ABŞ-a 665 gəmi düşür.

Bakı bu gəmilərdən 37-sinin Xəzərə göndərilməsi xahişi ilə Moskvaya müraciət edir.

SSRİ Nazirlər Soveti 1946-cı il mayın 7-də qərar qəbul edir: Dəniz Donanması Nazirliyinin Xəzər Gəmiçilik Donanmasını ("Kaspflot", "Kasptanker və "Reydtanker") gücləndirmək məqsədilə 1946-cı ilin may-avqust aylarında Baltik dənizindən və Ağ dənizdən Xəzər dənizində istismar üçün 31 gəmi, o cümlədən, 19 quru yük gəmisi, 6 neftdaşıyan gəmi və 6 yedək gəmisi göndərilməsinə icazə verilsin.

Xəzərə köçürülən həmin gəmilərin siyahısı Rusiya Dövlət İqtisadiyyat Arxivində saxlanılır.

Təbii ki, bu gəmilər o vaxtdan Xəzərdə sovet adları altında üzməyə başlayır.

Maraq üçün onlardan bəzilərinin əvvəlki adını təqdim edirəm: "Klaus Vilhelm", "Elfride Şarlotte", "Beker", "Frida Reder", "Sankt Yurgen", "Auqust Gissen", və s... 

Alman əsirləri Bakıda niyə "tətil" edib? 

Bilirdinizmi ki, müharibədən sonra Hökumət evinin tikintisində işləyən alman əsirləri bir dəfə "tətil" ediblər?

Azərbaycan K(b)P MK Bakıda "Sovetlər evi" - "Dom sovetov" adlı bina tikilməsi barədə qərarı 1932-ci ilin fevralında qəbul edib. "Tamamilə məxfi" qrifi (!) altında qəbul olunan bu qərarın icrası maliyyə axtarışları ilə bağlı ləngiyib.

1934-cü ildə yeni qərar qəbul olunur: Tikinti işlərinə 1935-ci ildə başlanılsın və 1937-ci ilin əvvəllərində başa çatdırılsın. Amma sən saydığını say...

Tikinti işləri yenə ləngiyir.

1936-cı ildə isə binanın tikintisinə ayrılan vəsait azaldılır. Üstəlik, binanın adı da dəyişdirilir: "Domsovet" bundan sonra "Dom pravitelstva" - "Hökumət evi" adlanır...

Beləcə müharibəyə qədər Hökumət evinin cəmi beş mərtəbəsi inşa olunur və hər şey dayanır...

Müharibə səbəbindən...

Hökumət evinin tikintisi yalnız 1945-ci ilin yanvarında bərpa olunur.

Müharibədən sonra işlətmək üçün Azərbaycana 42 min alman əsiri gətirilir və... onların inşaat sahəsində təhsili və təcrübəsi olanları seçilərək Hökumət evinin tikintisinə cəlb edilir.

Və günlərin birində alman əsirlər işləməkdən imtina edirlər. M.C.Bağırov hadisə yerinə gələrək əsirlərin etirazının səbəbi ilə maraqlanır. Məlum olur ki, almanlar tikintiyə keyfiyyətsiz beton verilməsinə etiraz edirlər.

"Belə betonla bina tikilməz" deyirlər...

Alman dəqiqliyi...

İki prezidentin oxşar taleyi 

Bilirdinizmi ki, ABŞ-ın 35-ci prezidenti Con Kennedi ilə 26-cı prezident Avraam Linkolnun taleyi arasında qəribə bir oxşarlıq olub?

Con Kennedi Avraam Linkolndan düz 100 il sonra prezident seçilib. 

Linkoln bu vəzifəni 1861-ci ildə, Kennedi isə 1961-ci ildə tutub.

Hər iki prezident qətlə yetirilib.

Linkolnu öldürən aktyor Con But 1839-cu ildə doğulub.

Kennedinin qatili sayılan Li Harvi Osvald ondan 100 il sonra - 1939-cu ildə anadan olub.

Prezidentlərin hər ikisi adamların gur olduğu yerdə, həm də öz arvadlarının gözü qabağında güllələnib.

Hər iki prezident cümə günü qətlə yetirilib.

Hər iki prezidentə güllə peysərindən dəyib.

A.Linkolnu Ford teatrında öldürüblər, Kennedini Ford zavodunun istehsalı olan "Linkoln" markalı avtomobildə.

A.Linkolnun şəxsi katibinin familiyası Kennedi, C.Kennedinin katibinin familiyası Linkoln olub.

Hər iki prezidenti yüksək vəzifədə Conson familiyalı vitse-prezident əvəz edib. A.Linkolndan sonra bu vəzifəni tutan Endryü Conson 1808-ci ildə doğulub.

Con Kennedini əvəz edən Lindon Conson ondan 100 il sonra - 1908-ci ildə anadan olub...

Stalinin oğlu əsirlikdə. Bu xəbəri ona kim verir? 

Bilirdinizmi ki, 1941-ci ilin iyulunda Stalinin oğlunun almanlara əsir düşməsi barədə məlumatı sovet rəhbərinə ilk dəfə SİTA-nın direktoru çatdırıb?

İosif Stalinin oğlu Yakov Cuqaşvili 1941-ci il iyulun 16-da Vitebsk yaxınlığında almanlara əsir düşür. Onun elə həmin gün kağıza köçürülən dindirilmə protokolu belə başlayır:

- Adınızı bilmək istərdik?

- Yakov.

- Bəs familiyanız?

- Cuqaşvili.

- Siz Xalq Komissarları Soveti sədrinin qohumusunuz?

- Mən onun böyük oğluyam...

***

1941-ci il iyulun 19-da SİTA-nın direktoru Y.Xavinson G.Malenkova qısa bir məktub yazır: "Qavas-OFİ agentliyinin Stalinin oğlu barədə yaydığı xəbəri məlumat üçün sizə göndərirəm".

Məlumat özü də qısa idi: "Qavas-OFİ agentliyi Budapeştdən xəbər verir ki, Stalinin oğlu, quru qoşunlarının leytenantı almanlar tərəfindən əsir götürülmüşdür".

Sonralar dünyaca məşhurlaşan "Frans-Press" agentliyi onda hələ "Qavas-OFİ" adlanırdı...

G.Malenkov bu xəbəri Stalinə necə, hansı şəraitdə çatdırıb? Stalinin ilk reaksiyası necə olub?

Bu suallara cavab vermək mümkün deyil.

Sənədin üstündə heç bir dərkanar qoyulmayıb.

Sadəcə "20.VII" yazılıb. Çox güman ki, bu, Stalinin katibi Poskrebışevin qeydidir və Stalinin sənədlə məhz iyulun 20-də tanış olduğuna işarədir.

Berlin radiosu Stalinin oğlunun əsir götürülməsi barədə xəbəri iyulun 22-də, gündüz saat 12.30-da səsləndirir. Və həmin informasiyanın mətni elə həmin gün sovet rəhbərinin stolunun üstünə qoyulur...

P.S. Yakovun dindirilmə protokolunda əks edilən bioqrafiyasından: 1908-ci il martın 18-də Bakı şəhərində doğulub...

 





16.06.2020    çap et  çap et