525.Az

"Sənə nağıl danışım" müsabiqəsinin qalibləri elan edilib


 

"Sənə nağıl danışım" müsabiqəsinin qalibləri elan edilib<b style="color:red"></b>

İstedadlı uşaq və yeniyetmələri ətrafına toplayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı "Sənə nağıl danışım" adlı nağıl müsabiqəsinin qaliblərini elan edib.

Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyasının Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsi çərçivəsində keçirdiyi müsabiqə 7-13 yaşarası uşaqları əhatə edib. Balacaların koronavirus, ümumilikdə xəstəliklərlə bağlı bilgi və təəssüratlarını öyrənmək məqsədilə reallaşan yarışmaya ümumilikdə 483 nağıl təqdim olunub.

Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyətinin gərgin müzakirələri sayəsində 10 ən yaxşı nağıl seçilərək müvafiq yerlər üzrə sıralanıb.

"Şah yuxuda olanda" nağılı ilə ilk üçlüyün birincisi Ülvi Hüseynlidir. İkinci yerin qalibi "Hay tayfalarından cadugərin nağılı" ilə Ayhan Anaroğlu, üçüncü yerin qalibi isə "Taclı məxluqun əhvalatı" nağılı ilə Paşa Ömərdir.

Müsabiqənin şərtinə görə ilk üçlükdə qərarlaşan bu nağıllar əsasında bir tamaşa hazırlanıb mövsümün sonunadək teatrsevərlərə təqdim ediləcək.

Seçilən yeddi nağılın müəllifinə isə müsabiqənin iştirakçı diplomları təqdim olunacaq. Münsiflər heyətinin balaca nağılçılar arasından seçdikləri yeddi nağıl arasından ən çox oxunan nümunəyə də təşkilatçılar tərəfindən diplom təqdim ediləcək.

Münsiflərin təyin etdiyi yeddi qalib isə "Xoşbəxtlik diyarı" (Yusif Zamanlı), "Yaxşılıq itmir" (Fəxrəddin İmaməliyev), "Leylanın arzuları" (Leyla Vəlizadə), "Əlinin yuxusu" (Vüsal Davudlu), "Qüsursuz həyat" (Sabir Seyidov), "Nənə və siçan" (Könül Məmmədova) və "Qırmızı velosiped" (Ayan Məmmədli) nağıllarıdır.

Qeyd edək ki, müsabiqə dünyanı cənginə alan koronavirus pandemiyasının respublikamızın ərazisində daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sosial təcrid layihələrinə dəstək məqsədilə keçirilib.

 





17.06.2020    çap et  çap et