525.Az

Yarasa adamlar - Məhsəti Musanın yazısı


 

Yarasa adamlar - <b style="color:red">Məhsəti Musanın yazısı</b>

Heyvandır. Məməlidir. Uzun qulaqları, dişləri var. Yeriyəndə dörd əl və ayağı üzərində gedir. Amma biz onu daha çox quş kimi tanıyırıq. Çünki bütün quşlar kimi qanadları var, uça bilir. Bəzi yerlərdə gecəquşu da deyirlər. Yəni onun nə olmağı ilə bağlı sual versən, bəzilər quş, bəziləri heyvan adlandıracaq. Dəqiq nə olduğu elmə məlum olsa da, insanların hamısına məlum deyil.

Bütün həyat gündüzlər qaynayır, canlanır, bayaqdan haqqında söz açdığım yarasalar isə gecələr fəallaşır. Bütün canlılar ayağı üstündə, düz dayandığı halda yarasalar yaradılışdan başıaşağı qalanda daha rahat olurlar. Tərsinə dayandıqları üçün biz də onları tərsinə görürük. Yəqin ki, digər canlılardan xeyli fərqlənən, heyvan kimi heyvan, quş kimi quş ola bilməyən, Günəşdən qaçıb qaranlığa qapanan yarasalar da elə bizi tərs görür. Amma onun bizi düz, ya tərs görməyinin zərəri yoxdur. O, qərq olduğu qaranlığa kimlərisə səsləmir, cəlb etmir. Özü üçün yaşayır. Fəqət, yarasa kimi dünyanın tərsinə dayanan adamlar var ki, bax bunlar həqiqətən zərərlidir. Yarasanın yaradılışı budur.  Lakin söz açdığım insanlar  bilərəkdən kəllə-mayallaq dayanırlar. Nədən ki, bu görünüş diqqət çəkəcək, sosial şəbəkələrdə məşhurlaşmağın asan olduğunu da nəzərə alsaq, onları qısa zamanda minlərlə insan tanıyacaq. Necə tanınacaqlar? Bax bu həmin tərs dayananlar üçün maraqlı deyil. Söysünlər, təhqir etsinlər, nifrət yağdırsınlar, fərq etməz. Təki tanısınlar, haqqında danışsınlar, adı gündəmin mövzusuna çevrilsin.

Düzgünlük əla bir keyfiyyətdir. Lazım olan yerdə, çoxlarının susmağa məcbur olduğu məqamda sözün düzünü demək cəsarət, belə desək, ürək tələb edir. Və bu hər adamın bacardığı iş deyil. Doğrudur, çox zaman düzü deyənin başı bəlada, qalmaqalda olar. Susan və ya əleyhinə işləyən çoxluq içində təklənər, döyülər, əzilər. Bununla bağlı hətta bir el məsəli də var: "Düz düzdə qalar".  Lakin düz çox vaxt düzdə qalsa da, sonda düzlüyü isbatlanar. Bəlkə də gec alar dəyərini. İş-işdən keçər. Amma bu, həqiqətdir ki, düz söz sahibləri  yekunda qalibdirlər.

Amma bir də var, hamının əleyhinə getməklə, əslində, tərs olub, amma fərqləndiyi üçün düz göründüyünü düşünənlər. Bax bunlar nə etdiklərini, kim olduqlarını nə özləri bilirlər, nə də ətrafdakılar anlayır. Yəni yarasalar kimi nə ondandırlar, nə bundan. Bu adamlar sanki dünyaya elə bunun üçün gəliblər. Missiyaları qarşı tərəfin fikirlərinin ziddinə  getməkdir. Mövzu nə olur olsun, onlar yalnız əks fikir bildirəcəklər. Və belələri çox zaman insanlar üçün həssas olan mövzulara həvəslə üz tuturlar. Bu mövzularda bir kəlmənin partlayış yarada biləcəyini gözəl bilirlər.

Elə dəyərlər var ki, onlara əl uzatmaq, dil uzatmaq sadəcə yersizdir. Haqlı ola bilərsən. Amma orada susmaq daha münasibdir. Tutaq ki, sən ateistsən. Bu, sənin seçimindir və kimsə buna görə səni qınaya bilməz. Amma  Allaha inanan birinin inancını ələ salıb aşağılasan, onun inandığına rişxənd etsən, təhqiramiz danışsan,  təbii ki, sərt reaksiya görəcəksən. Sən Allahın yoxluğuna inandığın kimi, o da varlığına inanır. Və inandığını mütləq doğru kimi qəbul etdirmək, kimisə buna görə qınamaq sənin haqqın deyil. Eyni zamanda da, digər tərəfin...

Ən pis məqam... Çoxluğun inandığı, xalqın  qəhrəmanlıq simvoluna çevrilən insanları gözdən salmaq, dəyərsizləşdirmək də yeni dəbdir. Siz bununla nə etdiyinizi düşünürsünüzmü? Böyük kütlənin inamının sarsılması onun çökməsi, məhv olması deməkdir. Toplumu irəli aparan, ruh verən, inandıran mütləq bir səbəb olmalıdır. Biz  illərdir ordumuzun gücünə qarşı inamsız idik. Etiraf etməsək də, müharibə adı gələndə üzdə büruzə verməsək də, içimizdə dəhşətli qorxu baş qaldırırdı. Amma aprel döyüşləri, bu döyüşdə can qoyan Azərbaycan əsgəri ordumuza qarşı olan inamsızlığı aradan qaldırdı. "Məmə yeyəndən pəpə deyənə" qədər hamı özündə inam tapdı, cəsarət tapdı. Yaxud ondan əvvəl Mübariz İbrahimov bir Azərbaycan əsgərinin nələr edə biləcəyini dünyaya sübut etdi. Xalq onu özünün qəhrəmanlıq simvoluna çevirdi, nağıllarda, dastanlarda bəhs etdiyimiz obrazların bu gün də var olduğuna inandı. Bəli, buna bəşəri münasibət bəslədikdə ağır görünür, öldürülən ermənilər özləri insan olmaqla yanaşı, həm də kiminsə balası, kiminsə qardaşı, kiminsə nişanlısı idi. Arzuları, xəyalları var idi və s. Lakin mən bunu uca səslə deyə bilmərəm. Xocalı boyda yarası olan bir xalqın önündə bunu söyləməyə haqqım yoxdur. Çünki mən o yaranı sağaltmaq hökmündə deyiləm. Çünki bu mövzuda hamımız kimi mənim də dilim gödəkdir. Çünki 1992-ci ildə mən də bir uşaq idim və həmyaşıdım olan bacı-qardaşlarımın faciəsindən ömürlük mənimlə gedən ağır sarsıntı keçirmişdim. Çünki tez-tez üstümüzə tabutu gələn o gənc oğulların da arzuları, xəyalları var idi. Onlar da kiminsə oğlu, qardaşı, nişanlısıydı. Yəni öldürülən erməni əsgərləri ilə bağlı yuxarıdakı fikirdə haqlı olduğumuz qədər, həm də haqsızıq. Belə olduğunda fikirləri içində boğub susmaq daha yaxşı deyilmi? Əgər sənin bir kəlmən minlərlə insanı qıcıqlandıracaq, əsəblərini tarıma çəkəcək, qəzəbini coşduracaq, narahat edəcək, üstəlik, onların nifrətini, söyüşünü qazanacaqsansa, sus!  Bu məqamda susmaq cəsarətsizlik deyil, anlayışdır. Böyük toplumun hisslərinə olan anlayış. Amma yox, biz fərqlənməliyik axı. Biz hamının əksinə söz deyə bildiyimizi göstərməliyik axı...  Beləcə, sabah bir başqaları - çənəsindən süd axan qızcığazlar, oğlancığazlar da çıxıb xalqın and yerinə çevrilən başqa birini  təhqir edərək qısa zamanda məşhurlaşmaq istəyəcək. Və buna bəşəri don geyindirməyə çalışacaq.

Dünyanı sevmək evini sevməkdən başlayır. Bəli, sevməyi, dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsi bağrımıza basmağı bacarmalıyıq. Dünyanın o başında bir körpənin ayağına batan tikanın acısını burda, ürəyimizə batırmış kimi hiss etməliyik. Amma biz buna evimizin içindəki körpəni sevməklə başlamalıyıq. Bir insan sevgisi böyüyərək min, min insan sevgisi böyüyərək  milyonlarla insanı  sevməyə çatmalıdır. Fəqət, bu sevginin həmişə qarşılıqlı olmadığını da bilməliyik. Sevgimizin qarşısına daş-kəsəklə, silahla, nifrətlə çıxanlar da olacaqdır. Bax onda bu böyük dünyada sığına biləcəyimiz, qoruna biləcəyimiz bir daxmaya, bir yuvaya ehtiyac duyacağıq. O daxma bizim vətənimizdir. O vətən bizim müdafiə qalamızdır. O qala da, o qalanı mühafizə edənlər də bizimdir, bizə məxsusdur və bizə məxsus olanı  müdafə etmək  borcumuzdur.

 





18.06.2020    çap et  çap et