525.Az

Kürəyimizdəki zərbə izləri - Şahanə Müşfiqin yazısı


 

Kürəyimizdəki zərbə izləri - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Əlifbanı təzə öyrənməyə başlayanda bir faydasız vərdiş formalaşmışdı məndə - sözün ilk hərflərini oxuyub, qalanını öz fantaziyama uyğun düzüb-qoşurdum. Elə bil bir sözü sona qədər oxumağa səbrim çatmırdı. Nə hikmətdisə, demək olar, hər dəfəsində də ilk hərflərdən uydurduğum söz səhv çıxardı. Anam, atam tərəfindən az danlanıb, az cəzalanmamışam buna görə...

İllər keçməsinə baxmayaraq, bu vərdişim hələ də başımda gedir. Böyüdükcə daha təhlükəli olmağa başladı hətta. Çünki indi sözlərin yox, insanların ilk tanıdığım xüsusiyyətlərinə görə bütünlüyünü xəyalımda qururam. Təəssüf, yenə də çoxu uyğun gəlmir. O sözlər kimi insanlar da məni yanıltmağı bacarırlar... Amma bu dəfə cəza verən tərəf ailəm yox, həyatdır... Cəzam isə güvənsizlik, tənhalıq...!

Özüm haqqında ən çox eşitdiyim ifadələrdən biridir: "Kənardasan, heç kimə qaynayıb-qarışmırsan". Əslində, ətrafım insanla doludur. İşim gərəyi az qala hər gün yeni insanlarla tanış oluram. Amma hər birinə qarşı müəyyən məsafədə durmağı da bacarıram. Sədi Şirazinin heç unutmadığım, "qulağımda sırğa elədiyim" bir deyimi var: "İnsanlarla münasibətin odla münasibətin kimi olsun. Çox uzaqlaşma donarsan! Çox yaxınlaşma yanarsan!" Fikrimcə, bu, rahat yaşamaq istəyən, ürəyinə qırılmağı rəva bilməyən hər kəsin həyat devizi olmalıdır.

Bu gün dünyada inandığın, güvəndiyin bir kimsənin olmaması həm acıdır, həm də yaxşı. Yaxşıdır ona görə ki, eşitdiyin, gördüyün heç bir anormallıq səni təəccübləndirmir, insanlardan hər an, hər dəqiqə hər şey gözləyirsən. Bir növ hazırlıqlı olursan hər şeyə düşmənlə səngərdə üz-üzə dayanan əsgər kimi...hər an istənilən yerdən sənə qarşı atəş açılacağını bilirsən. Əgər düşmənlə üz-üzəykən kürəyindən arxayın olmaq istəyirsənsə, kimsəni arxanda buraxmayacaqsan, kimsəyə etibar edib arxanı çevirməyəcəksən. Çünki hər kəsin kürəyində bir bıçaq yeri vardır. Kürəyinə sancılan bıçaq sinənə tuşlanan güllədən daha çox parçalayar ürəyini...

Həm də etibar edəcəyin bir kimsənin olmaması qədər acınacaqlı durum yoxdur. Təsəvvür edin nə qədər yalnız, kimsəsiz olduğunuzu. Dərd, qəm üst-üstə qalaqlanıb sənə qəsdi varmış kimi deşər ürəyini, oyar, tökər. Sənsə bir şey edə bilməzsən. Sevinc paylaşınca çoxaldığı kimi, kədər də paylaşanda azalar axı. Amma sənin kədərini paylaşacağın kimsə yoxdur. Olmaması sənin seçimindir. Çünki insanlara zəif tərəfini göstərməyəcəksən, ilk fürsətdə məhz o zəif yerindən vuracaqları üçün.

Ətrafın insanla dolu olduğu halda yalnız olmaq... Sevdiklərin, dəyər verdiklərin, bir an düşünmədən yollarına canını belə təslim etməyə hazır olduqların tərəfindən tərk edilmək, dəyərsizləşmək... Yadıma vaxtilə telekanalların birində yayımlanan bir verilişin adı düşdü: "Tanımadığımız tanışlar". Verilişin məğzi başqa olsa da, adı tam da bu situasiyaya uyğundur. Bircə anlıq ətrafınıza nəzər salsanız, o qədər tanımadığınız tanışlar görəcəksiniz ki. Onları tanımaq üçün isə bircə anlıq ayağınızın büdrəməsi kifayətdir. Kim əlindən tutub kömək edəcək, kim ayağının altına daş itələyəcək görəcəksən.

Bir də insanlar təkcə pis gündə deyil, həm də yaxşı gündə bilinirlər. Yalandan ağlamaq, üzülmək olar, amma yalan yerə ürəkdən sevinmək olmur. Ya sevinirsən, ya da yox. Bəzən insanları xoş günümüzdə də tanıyırıq. Kim səninlə birgə uğuruna sevinir, kim o uğurun qarşısında "dilini udub", adicə təbrik etməyə belə özündə güc tapa bilmir. Paxıllıq, həsəd və nifrət elə bir hissdir ki, onu ən mükəmmə artistlik qabiliyyəti olan insan belə gizləyə bilməz. Mütləq hardasa üzə vuracaq.

Yəqin hər birimizin uçurumun kənarında dayandığı o məşum zaman olub. Hər kəs səni qova-qova, qaça-qaça gətirib uçurumun kənarına çatdırar. Addım atsan, bitəcəksən, geriyə yolun bağlıdır. Əlindən tutan bircə nəfərin belə yoxdur ki, tükənməkdə olan gücünə güc qatsın. Hamı "get, at özünü o uçurumdan"- deyir. Elə bu an boynunda doğma, ilıq, sevgili nəfəs hiss edərsən. İçində ümid cücərər, təbəssüm yayılar üzünə, "hə, gəldi xilaskarım"- deyərsən sevinclə. Və o an bircə toxunuşla özünü uçurumun dibində taparsan, kürəyində bütün cizgilərini, hərarətini əzbər bildiyin barmaqların izi...

Həyatımıza insan almamağımız mümkün deyil, biz Robinzon, yaşadığımız yer də kimsəsiz ada deyil nəticədə. Amma həyatımızdakı insanlarla belə məsafəli olmaq, hər zaman ayıq-sayıq davranmaq və ən əsası, ürəyimizə kimsəni yaxın buraxmamaq öz əlimizdədir. Hər kəsin kürəyində sevdikləri üçün ayrılmış bir bıçaq yeri vardır çünki...

 





18.06.2020    çap et  çap et