525.Az

Çərçivə - Esse


 

Çərçivə - <b style="color:red">Esse</b>

Əvvəlcə sözün hərfi mənasını deyim. "Çərçivə" fars sözü olub, "çəhar çübe", yəni dörd ağac deməkdir. Dilimizdə bu sözlə bağlı çoxlu sayda ifadələr işlənir -  "çərçivəli", "çərçivəyə salmaq", "çərçivəyə sığmamaq", "çərçivədən çıxmaq" və s. Çərçivənin məişət mənası da var ki, bu gün mən ondan danışmayacam, sterotiplər, ondan qaçış barədə düşünəcəyik.

Bir vaxt nəhəng hesab etdiyimiz dünya indi ovcumuzun içindədir. Dünyanın o başında baş verənlər uzağı bir neçə saata, dəqiqəyə bizə gəlib çatır, məlumat almaq üçün uzman internet şəbəkəsi var, real səyahət etmək imkanın yoxdursa, virtual dolana bilərsən dünyanı. Xalqlar, din və inanclar, adət və ənənələr və s öyrənmək də su içimi. Amma bu dediklərim nəinki bir ölkədə, hətta ölkəiçi fərqli qaydalarda tənzimlənir. Amma bir məsələ var ki, bu və ya başqa formada demək olar hər yerdə nəzərə alınır, bu da ÇƏRÇİVƏdir!
İndi dünyanı dolanan koronavirus bəlası yoluxmanın qarşısını almaq, insanların həyatını qorumaq üçün bir çox ölkələri həm daxili, həm də ölkələrarası çərçivələr yaratmağa məcbur etdi. Sərhədlər bağlandı, gediş-gəliş kəsildi, insanlara küçəyə çıxarkən maska taxıb əlcək geyinmək, sosial məsafə saxlamaq, məcburi sayıldı,  hətta müəyyən müddət evdən çıxmamaq qadağası, tibbi-gigiyenik qaydalara ciddi əməl edilməsi belə qanunla müəyyənləşdi. Düzdür, bu, müvəqqətidir, keçicidir, amma Çərçivədir, məcburi qəlibdir deyə ruhun etirazına səbəb olur.  Axı bir çox şeylərin qədrini insan onu itirəndə anlayır...

Azərbaycanda çərçivə deyəndə ağıla ilk gələn cəmiyyət arasında ədəb-ərkan qaydaları, müxtəlif olar-olmazlar, hətta qadağalar olur. Yəni insan istər-istəməz özü üçün bir çərçivə yonmağa, bütövlükdə münasibət qaydalarını tənzimləməyə məcburdur. Deməli, çərçivə həm də insanın daim can atdığı azadlığın da nisbi olmasını göstərir bir növ. Yadıma lap aşağı siniflərdə müəllimin uşaqlara verdiyi bir tapşırıq düşdü, uşaqlar heç kəsin olmadığı bir məkan tapıb orda bu tapşırığı etməliydi. Sabahı gün nəticələr soruşulanda tək bircə məktəbli utana-utana tapşırığı yerinə yetirmədiyini bildirmiş, buna səbəb kimi isə hər yerdə Tanrının onu gördüyünü göstərmişdi!..

Deməli, əlahəzrət azadlıq heç özü də azad deyilmiş, azad buraxanda anarxiya yaradırmış, problemlərə yol açırmış...
 
İnsan təbiət mənzərəsinə elə təbiətin içindən baxırsa, bir, pəncərədən baxırsa, başqa səhnə görəcək - bu ikincisi çərçivədir. Rəssamın kətan üzərinə köçürdüyü bütöv yox, yarımdı, yəni çərçivədə gördüyüdür. Sözünü, deyəcəklərini həmişə ölçüb- biçənlər çərçivədə olanlardır, əlbəttə yaxşı mənada! Olduğu kimi görünmək, ya da göründüyü kimi olmaq da çərçivədən çıxmaq deyil. Amma sındırılası, məhv ediləsi o qədər çərçivələr var ki!

Amma çərçivə də var çərçivə... Əgər çərçivə həm də nizam-intizamdısa, münasibətlərdə əndazə gözləməkdisə, kimisə incitməkdən, həsəddən, paxıllıqdan, pislik etməkdən çəkinməkdisə, bunun nəyi pisdi ki?.. Xəstə adama təyin edilən pəhriz də, ürəyi xəstə olana fiziki hərəkətin məhdudlaşdırılması da çərçivədir, amma bezdirici və yorucudur... Necə ki mənim film qəhrəmanım da bir gün bezərək ona təyin edilmiş çərçivələri qırıb tökdü, xəstə ürəyilə başqa cür rəftar etməyə qərar verdi, bütün "olmaz"ları "olar"a çevirmək üçün son addımı atdı...

... İnsan yaranışdan azadlığa, dincliyə təşnədir, açıq səmada uçan, istədiyi yerdə yuva quran quşlara, çiçəkdən-çiçəyə qonan arılara, zəhmətkeş qarışqalara həsəd aparıb həmişə. Amma o quşların da, arıların da, qarışqaların da, elə yüzlərlə, minlərlə digər yaradılmışların da, əminəm ki, həyatı hansısa bir ilahi çərçivəyə sığır...

Dünyaya gəlişimizlə gedişimiz arasındakı məsafə bircə andır ki, bunu söz adamları bir sözlük, rəssamlar bir fırçalıq, riyaziyyatçılar bir rəqəmlik, bəstəkarlar isə bircə notluq məsafə adlandırırlar. Olum və ölüm fəlsəfəsi bəlli olandan ta bu günə kimi düşündürür insanı. Yaşının, düşüncəsinin bir həddinə çatanda insan da  hələ dünyaya gəlməzdən öncə ilahi qəlibə, çərçiyəyə salındığını və bundan kənara çıxa bilməyəcəyini anlayır...

Bundan əlavə, hər insanın öz çərçivələri də var ki, bunu başqalarına qarşı istifadə edir. Məhəmməd Füzuliyə görə hər kəsdə bir ölçü var və bu ölçüyə görə yanlış və doğru tərəflər ortaya çıxar.

Ruhən azad olan insan çərçivələrə də sığmır, bir yol tapıb onları qırmağa, sındırıb atmağa çalışır.

Son həmişə hüznlüdür, acıdır, hər kəs sonu bilir, amma onun gəlməyini istəmir. Son bitməkdir, tükənməkdir, əgər bu ömrə aidsə, daha ağrılıdır demək! Ona görə də əvvəlcə öz içimizdə qurduğumuz sərhədləri açmalı, gedəcəyimiz yolu məchul bir sonsuzluğadək çəkib uzatmağı bacarmalıyıq. O zaman bizim üçün süni yaradılan çərçivələrdən çıxmaq çətin olmayacaq...

Hə, bir də var şəkil çərçivəsi. Çalışın çərçivə olmayın - nə özünüzə, nə də başqalarına. Çərçivədən genişliyə açılan bütöv şəkil olun...

Burda küləkdi,
Orda qar yağır.
Sürüşür dağlar,
Bu qürub çağı.

Biçilmiş zəmi,
Atılmış sevda.
Qurumuş ot var
Gör neçə adda...

Mavi buludlar,
Quş kimidilər.
Kağız gəmilər
Daş kimidilər.

Huşumdu daha
Cismimə yedək.
Gedək, Şahinim,
Dur yığış gedək...

 





18.06.2020    çap et  çap et