525.Az

Azərbaycanın təşəbbüsü ilə BMT 8 qətnamə qəbul etdi


 

Azərbaycanın təşəbbüsü ilə BMT 8 qətnamə qəbul etdi<b style="color:red"></b>

Azərbaycan tərəfinin təşəbbüsü ilə 2004-cü ildən bəri BMT Baş Assambleyası itkin düşmüş şəxslərlə bağlı 8 qətnamə qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin BMT baş katibinə ünvanladığı məktubda bildirilib.

“2019-cu il iyunun 11-də BMT Təhlükəsizlik Şurası itkin düşmüş şəxslərlə əlaqədar 2474 saylı ilk qətnaməsini qəbul edib və bu qətnamədə də silahlı qarşıdurma vəziyyətində mülki şəxslərin və ya digər qorunan şəxslərin qəsdən hədəfə alınması sərt şəkildə qınanıb, beynəlxalq humanitar hüquq üzrə öhdəlikləri çərçivəsində silahlı münaqişə tərəflərinə bu cür əməliyyatlara son qoymaq çağırışı edilib”, - deyə məktubda qeyd olunub.


Məktubda bildirilib ki, BMT Təhlükəsizlik Şurası, Baş Assambleyası, BMT Baş Katibliyi və beynəlxalq təşkilatın müvafiq orqan və mexanizmləri silahlı qarşıdurmalardan təsirlənən mülki şəxslərin müdafiəsinə davamlı diqqət ayırmalı və silahlı qarşıdurma tərəflərindən beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini tam şəkildə tələb etməlidirlər.

“Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü Azərbaycan ərazisinin xeyli hissəsinin - Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun müvəqqəti işğalına səbəb olub. Müharibə on minlərlə insanın həyatına son qoyub, şəhərlər dağıdılıb, 1 milyondan çox azərbaycanlı evlərindən və mülklərindən zorla qovulub. Ermənistanın təcavüzü zamanı bu ölkənin silahlı qüvvələri tərəfindən müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımı aktları törədilib ki, bütün bunlar beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Ermənistanın beynəlxalq məsuliyyəti hüquqi nəticələr, o cümlədən adekvat kompensasiya təmin etmək öhdəliyini tələb edir, münaqişə ilə əlaqədar Azərbaycan vətəndaşlarının itkin düşməsində məsuliyyət daşıyan şəxslərə qarşı milli və beynəlxalq səviyyədə cəza və ya digər sanksiyalar tətbiq olunmalıdır. Həm beynəlxalq hüququn bu cür pozulmasına, həm də günahkarların cəzasız qalmasına son vermək üçün bütün dövlətlərin əməkdaşlıq etməsi və lazımi səylər göstərməsi vacibdir”, - deyə məktubda qeyd olunub.

 





18.06.2020    çap et  çap et