525.Az

"Biz eyniyik, Azərbaycan və Türkiyə mədəniyyətləri arasında heç bir fərq yoxdur" - Müsahibə


 

YAŞAR USLU: "HƏR ŞEY TAMAM YOX OLANDA, GERİYƏ BİR TƏK ÜMİD QALIR - O ÜMİDİ ƏSLA İTİRMƏMƏLİYİK"

"Biz eyniyik, Azərbaycan və Türkiyə mədəniyyətləri arasında heç bir fərq yoxdur" - <b style="color:red">Müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar... 

Aşıq yaradıcılığı qədim dövrlərdən türk xalqlarının mədəniyyətində əhəmiyyətli yerə malik olub. İndi də adət-ənənələrə sadiq qalan bir çox bölgələrdə saz havası evlərin və məclislərin daimi qonağıdır. Bu yerlərə Türkiyədə Anadolu, Azərbaycanda isə Qərb bölgələrini nümunə göstərmək olar.

Budəfəki həmsöhbətimiz türkiyəli saz ustası Yaşar Uslu da aşıq havaları ilə böyüyən nəsildəndir. Son vaxtlar sosial şəbəkələr üzərindən saz-söz sənəti ilə bağlı paylaşım və araşdırmaları olduqca diqqətimi çəkdiyindən onunla müsahibənin də maraqlı alınacağını düşündüm. Elə sosial media vasitəsilə əlaqə saxlayıb Yaşar bəylə müsahibə almağa müyəssər oldum. Söhbət zamanı onun nə qədər səmimi və bu sənətə vurğun olduğunu hiss etmək də çətin deyildi.  

- Yaşar bəy, necə oldu ki, belə bir səhifə açıb müxtəlif saz ifaçıları ilə bağlı paylaşımlar etmək qərarına gəldiniz?

- Öncəliklə müsahibə üçün təşəkkür edirəm.

Anadolu.Life dərgisi uzun bir müddət ərzində  həm Türkiyədə, həm də dünyada gündəmə gələn mədəniyyət, incəsənət və biznes sahələri ilə əlaqədar bir çox məsələləri yaymaqla məşğuldur. Baş verən hər şey toplumun gözü önündə gerçəkləşdiyindən bundan yan keçmək düzgün olmazdı. Bu səbəbdən silsilə yazılar və şəkillər vasitəsilə hadisələri cəmiyyətə çatdırıb, vəziyyəti müəyyən dərəcədə yaxşılaşdırmaq adına yola çıxdım.

Təbii ki, hər şey  bu dərgi ilə məhdudlaşmayacaq. Proqramımızda konsertlər, yarmarkalar, festivallar, yığıncaqlar, konfranslar, xeyriyyə tədbirləri, mükafatlandırma mərasimləri təşkil etmək də yer alır. Bu vasitə ilə həm milli, həm də beynəlxalq sahədə institusional birləşməyə və formalaşmağa doğru gedirik ...

Bizimlə olmaq istəyənlər yalnız sənət adamları da deyil. Burada dünyanın bütün bölgələrindən və sahələrindən olan hər kəs üçün bir yer var. 

"Sosial media bütün işlərimizi göstərmək və tanıtmaq üçün ən sürətli vasitədir" 

- Sosial medianın imkanlarından razısınızmı?

- Sosial media bütün işlərimizi göstərmək və tanıtmaq üçün ən asan, ən sürətli vasitədir. Biz də bütün sosial media hesablarımızı aktivləşdirərək  irəliləməyə davam edirik. Təəssüf ki, heç bir maliyyə mənbəyimiz və tanışlarımız yoxdursa, digər mənbələrlə (TV, radio, jurnal və ya qəzet və s.) əlaqə qura bilmirik. Ona görə də texnoloji imkanlardan istifadə etmək daha sərfəlidir. Texniki baxımdan da bacarıqlı olduğumuzdan bizə bu məsələdə çətinlik yaranmır.

Sosial şəbəkələrin yaratdığı əlaqələr nəticəsində, hazırda sizinlə təmasda olduğumuz kimi, bütün dünya ilə də tez və asan bir şəkildə ünsiyyət qura bilərəm. Bu kimi səbəblərdən sosial şəbəkələrin həm fəaliyyətimizdə, həm də həyatımızdakı rolu əvəzsizdir.

- Bəs, gənc nəslin sosial mediadan istifadəsi barədə nə deyə bilərsiniz?

- Sosial şəbəkələr vasitəsilə gənclərlə daha sürətli və daha aktiv şəkildə əlaqə qura bilirik. Elə onlar da bu platformalara sərfəli, sadə və sürətli olduğu üçün daha çox üstünlük verir. Məncə, gənclərin sosial media istifadəsi həqiqətən təqdirəlayiqdir. 

"Heç vaxt əzmkarlığımdan əl çəkməmişəm" 

- Türkü söyləyib sazda ifa etməyə nə zamandan başlamısınız?

- Atam Ahmet Uslunun və ətrafımdakı önəmli şəxslərin təsiri altında olduğumdan gənc yaşda musiqiyə başlamışam. Evdə, məktəbdə, Xalq Təhsil Mərkəzində və getdiyim hər yerdə özümü sübut etməyi bacarmışam. Heç vaxt əzmkarlığımdan əl çəkməmişəm.

Sonrakı illərdə mərhum Ozan David Sularinin qardaşı Müslüm Dədənin yanında uzun müddət "Anadolu İnanc" və mədəniyyətimiz üçün ədəbi təlimlər də almışam. İndi də bəzi məqamları öyrənirəm, çünki hələ yolun başlanğıcındayam.

- İlk musiqi albomunuz "İncədən incə" bir il əvvəl işıq üzü gördü. İrəlidə yeni layihələriniz varmı?

- Xalq mahnılarından ibarət olan "İncədən İncə" adlı albomum 2019-cu ildə CD formatında və rəqəmsal mediada işıq üzü gördü. Sözləri Yunus Emreyə, musiqisi mənə aid olan yeni video klipim də tezliklə bütün dünyada yayımlanacaq.  

"... son dayanacağınız yer öz mədəniyyətinizin tam ortasıdır" 

- İndiki gənclərin xalq mahnılarına (türkülərə) münasibəti sizi qane edirmi?

- Dünyada olduğu kimi Turkiyədə də gənclər fərqli və yeni tərzdə ifa edilən musiqilərə üstünlük verirlər. Amma o populyar musiqilər bir müddət sonra yox olur. Gənclər də bu mahnıların küləyinə qapılır, külək dayandıqda isə yerə yıxılıb özlərinə gəlməyə çalışırlar. Buna görə də onlara həmişə belə bir tövsiyə edirəm: Hər nə qədər bu musiqilərlə hərəkət etsəniz də, son dayanacağınız yer öz mədəniyyətinizin tam ortasıdır. Bunu heç vaxt unutmayın. 

"Uğurlarımın davamı bir qartopu kimi böyüyərək irəliləyəcək" 

- Profilinizdə qeyd etmisiniz ki, "Anadolu musiqisini, alətlərini və ənənəvi mədəniyyətini təhrif etmədən; yerli və vizual mənbələr ilə tanıtmaq üçün yola rəvan oldum". Bu günə qədər məqsədinizə nə dərəcədə nail ola bilmisiniz?

- İlk məqsədim öz musiqimizi və mədəniyyətimizi təbliğ etmək üçün əsərlər yaratmaq, bəstələmək və ifa etmək idi. Bu proses "İncədən incə" albomumla başladı.

Mədəniyyətimizin bütün xüsusiyyətlərini, keyfiyyətlərini və burada yaşayan toplumunu tanıtmağı isə dərgimiz vasitəsilə həyata keçirdik. Anadolu.Life jurnalımız və www.Anadolu.Life veb ünvanımızdan bütün bunları izləyə bilərsiniz.

Düşünürəm ki, fəaliyyətimin və uğurlarımın davamı bir qartopu kimi böyüyərək irəliləyəcək.

- Elə "Anadolu.life" dərgisindən danışdıq. Nə zaman yaratmısınız dərginizi?

- Anadolu.Life jurnalı uzun illər davam edən araşdırmanın məhsuludur. Çox çalışdım, araşdırdım, müxtəlif təlim və sınaqlardan sonra bu qərarı qəbul etdim. Mart ayından isə beynəlxalq səviyyədə olması üçün ilk nömrəmizi internet üzərindən yayımladım. Bu müddətdə yanımda olan əziz dostlarım və dəvətlərimi qəbul edən yoldaşlarıma təşəkkür edirəm.

- Dərginizdə əsasən hansı materiallar yayımlanır?

- Dərgimizin asan və başa düşülən olması üçün bütün texnoloji materiallardan istifadə edirəm. Dərginin PDF formatında müsahibələrimizi, məqalələrimizi, tarixi hekayələrimizi, arxiv sənədlərimizi  və s. materialları ən incə detalına qədər dərc edirik. Vizual olaraq rəsm, video klip və təqdimat videosu kimi hərəkətli materiallar da əlavə edərək daha gözəl bir şəklə salırıq.

Buna görə də Anadolu.Life dərgisində özlərini ifadə və izah etmək istəyən insanlar üçün  əlverişli bir yer yaranıb.

- Azərbaycan və Türkiyə aşıq sənəti arasında hansısa fərq görürsünüzmü?

-  Düzdür, hər bir ölkənin özünəməxsus tərzi və üslubu var. Bu səbəbdən dünya ilə müqayisə etmək bir qədər düzgün deyil. Amma Azərbaycan və Türkiyə aşıq sənəti arasında fərq olmadığını düşünürəm. Ona görə də bir yerdə ifa edilən mahnılar sanki rəngarəng ahənglə rəqs edirlər.

- Azərbaycan dilində danışa bilirsinizmi?

- Bəli, həm yaxşı başa düşür, həm də danışa bilirəm. Çünki hər iki dil Oğuz qrupunda olan Altay dillərinə məxsusdur. Ortaq bir soya mənsub olduğumuz üçün heç bir çətinlik çəkmirəm. 

"Hər kəsə ən azından bir dəfə Azərbaycana gəlməyi tövsiyə edirəm" 

- Azərbaycanda olmusunuz?

- Əvvəllər bir neçə dəfə Bakıya gəlmişəm. O zaman Sumqayıtı, Kürdəmiri və Şirvanı da gəzib görmüşəm. Ancaq uzun müddətdir gəlmirəm. Televiziya və digər vasitələrdən gördüyüm qədərilə vizual olaraq dəyişdiyini düşünürəm. Hər kəsə ən azından bir dəfə Azərbaycana gəlməyi tövsiyə edirəm.



- Bir incəsənət adamı kimi türk xalqlarının mədəniyyətinə bələdsiniz. Sizcə, Türkiyə və Azərbaycan mədəniyyətində hansı oxşarlıqlar və ya fərqliliklər var?

- Dilimizdə olduğu kimi, həyat tərzi, yemək və digər məsələlərdə də ortaq nöqtələrimiz çoxdur. Məncə, Azərbaycan və Türkiyə arasında heç bir fərq yoxdur, biz eyniyik.

- Azərbaycan şairlərindən və yazıçılarından kimləri oxuyursunuz?

- Bu siyahıda Azərbaycan ədəbiyyatının ən böyük şairi olan Məhəmməd Füzulinin adını xüsusi qeyd etmək istəyirəm. Həsənoğlu, Ərzurumlu Darir və Seyyid Nəsimi də o dövrün yetişdirdiyi şairlərdəndir. Onların da yaradıcılığından çox təsirlənmişəm. Şah İsmayıl Xətainin isə məndəki yeri və əhəmiyyəti olduqca fərqlidir. Çünki o şeirlərində Azərbaycan türkcəsindən istifadə edərək füsunkarlıq yaradıb.

- Yaşar bəy, ən böyük arzunuz nədir?

- Ən böyük xəyalımı reallaşdırmaq üçün lazım gəlsə, ölənə qədər çalışacağam. Çox istərdim ki, elm, mədəniyyət və incəsənət dünyaya sülh və qardaşlıq gətirsin, mən də bunu dünya  gözü ilə görüm.

- Tədbirlərdə, verilişlərdə olan bir adam kimi, hazırda içində olduğumuz mühit sizə nə dərəcədə təsir etdi?

- Hər kəs kimi, maddi və mənəvi cəhətdən bizə də təsirsiz ötüşmədi, bir sıra ciddi ziyanlar meydana gəldi. Epidemiya səbəbiylə həyatını itirən çox dəyərli dostlarımız oldu, əməklərimiz və səylərimiz boşa çıxdı. Bir sözlə, çox şeyimizi itirdik...

Buna baxmayaraq, həyat sevincimizi, həyatda qalmaq əzmimizi heç nə poza bilməz, qaldığımız yerdən ayağa qalxaraq davam edəcəyik. Həyatı doya-doya yaşayıb bir arada olmaq çox gözəl bir duyğudur.

Unutmamalıyıq ki, hər şey tamamilə yox olduqda, geriyə bir tək ümid qalır. O ümidi əsla itirməməliyik.

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

- Dünyada sülh və qardaşlığın hökm sürməsi üçün bir araya gəlməliyik. Bunu isə Elm, Mədəniyyət və İncəsənət vasitəsi ilə edə bilərik. Bunun üçün əlimdən gələni edirəm və bundan sonra da edəcəyəm.

Günel ABBAS

Video kliplər:

https://www.youtube.com/watch?v=bG5XjKlsXSA

https://www.youtube.com/watch?v=57Olqxzhoqg

https://www.youtube.com/watch?v=9kUpwjvmw-E

https://www.youtube.com/watch?v=bZNxMLoh5Y0

 

Elektron poçt : [email protected]

Feysbuk: yasaruslu.Anadolu

İnstaqram: yasar.uslu.denizci

 

 





23.06.2020    çap et  çap et