525.Az

İndianapolisdəki doğma ünvan - Elman Eldaroğlu yazır


 

XALQ ŞAİRİ FİKRƏT QOCANIN AMERİKADA YAŞAYAN QIZI GÜNAY XANIMIN EVİNDƏ ÖZÜMÜZÜ VƏTƏNDƏ HİSS ETDİK

İndianapolisdəki doğma ünvan - <b style="color:red">Elman Eldaroğlu yazır </b>

Qəribədir, çoxları Amerika Birləşmiş Ştatlarını yaşamaq üçün ən münasib ölkə hesab edir. Hətta bəziləri elə düşünür ki, Amerika bəxtəvərlər ölkəsidir. Necə deyərlər, hamı yağ-bal içində yaşayır, ağaclardan yarpaq əvəzinə dollar sallanır. Əsl həqiqətdə isə vəhşi kapitalizmin sərt qaydalarının tüğyan etdiyi bu məmləkətdə yaşamaq, uğur qazanmaq elə də asan deyil, çətindən çətindir...

Amerikanı gəzib-dolaşdıqca, burada yurd salan soydaşlarımızın hansı çətinliklərə sinə gərərək qazandıqları uğurları görəndə adamın ürəyi dağa dönür və sevinirsən ki, Azərbaycanın övladları heç də aciz deyillər...

O, uzun illərdir Azərbaycanda yaşamır, amma Azərbaycanla yaşayır...

İçində bir Azərbaycan vardır- cismi qürbətdə olsa da ruhu vətəndədir...

Azərbaycanla bağlı nə varsa ona doğma, əziz, müqəddəsdir - canı candan ayırmaq olmur...

Evində hara baxsan, Azərbaycanı xatırladan nəsə görəcəksən - axı Azərbaycanla nəfəs alır...

O da, arzularının qanadlarında gəlib bu məmləkətə. Deyir ki, - "Uşaq vaxtlarımda Allahdan diləyirdim ki, uzaq ölkələrdən birində evim olsun, yaşamağa da şərait. Sanki Allah məni eşitdi, arzum çin oldu. İndi Amerikadayam"...

Haqqında söhbət açdığım şəxs ötən əsrin yetmiş-səksəninci illərində adı musiqi qanadlarında dillərə qonan, "Günayım" ("Şıltaq qız") mahnısının qəhrəmanı Qocayeva Günay Fikrət qızıdır. Bu mahnı üç böyük sənətkarın - görkəmli bəstəkar Ramiz Mirişli, Xalq şairi Fikrət Qoca və Xalq artisti Flora Kərimovanın müştərək yaradıcılıq məhsulu olduğundan dillər əzbərinə çevrilib...

... Gör nə şıltaqdır Günayım,
Tez küsər, tez də barışar.
Gah bir nəğməyə dönər o,
Bəzən od olar, alışar...

Günay Fikrət qızı 1972-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra BDU-nun Şərqşünaslıq fakültəsinə qəbul olunub. 1998-ci ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdiri vəzifələrində çalışıb.

2004-cü ildən ABŞ-ın İndiana ştatında yaşayır. Ailəlidir, Pərviz adında oğlu var. Həyat yoldaşı Corc milliyətcə ingilis olsa da, azdan-çoxdan Azərbaycanca danışa bilir. Deyir ki: "Mən Günayı sevirəm"...

Amerikalılar evində qonaq qəbul etməyi, qonaqlıq verməyi xoşlasalar da, qonağın evdə qalmasını elə də xoşlamırlar. Uzaqdan gələn qonaq hökmən mehmanxanada yerləşməlidir. Dörd gün Günay xanımgildə qonaq olduq. Corc bizə əsl Azərbaycan qonaqpərvərliyi göstərdi və gəlişimizdən məmnun olduğunu daima hiss etdik. Avtomobili ilə bizi ştatın baş şəhəri İndianapolisin gəzməli-görməli yerlərinə aparır, qayğısını əsirgəmirdi...

Günay xanım evdə yemək bişirməyi çox xoşlayır. Böyük mətbəxində ərsəyə gətirdiyi milli xörəklərimizdən təam edərkən adama elə gəlirdi ki, sanki uzaq Amerikada yox, doğma Azərbaycandadır...

Rus, Azərbaycan, türk dillərini mükəmməl bildiyindən Amerikaya yenicə gəldiyi vaxtlarda tərcüməçi işləyib. Bu ölkəyə pənah gətirən Axıska türklərinin sənədləşmə işlərinə tərcüməçi kimi təmənnasız yardımçı olub. Sonradan fotostudiya yaradaraq orada çalışıb.

Musiqini çox sevir. Atasının sözlərinə ondan çox mahnı bəstələyib. Onların hamısı Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar kitabında yer alıb. İndiananın tanınmış aranjimançılarından biri ilə Xalq şairinin sözlərinə bəstələnən "Çıx get" mahnısının üzərində yenidən işləyərək fərqli üslubda bir mahnı ərsəyə gətirib. Dinləyib çox xoş olduq. Bu işi davam etdirməyi, yeni mahnılar üzərində işləməyi planlaşdırır. Üstəlik, atasının müxtəlif illərdə nəşr olunan şeir kitablarını ingiliscəyə çevirib ictimaiyyətə təqdim etməyi düşünür.

İndianapolis şəhərində azərbaycanlılar elə də çox deyillər. Amma tez-tez ünsiyyətdə olur, bir-birini arayıb axtarırlar. İndiana Universitetinə təhsil almağa gələn tələbələrə ana-bacı nəvazişi göstərir Günay xanım. Əl tutur, yardım edir. Milli bayramlarımızı yığışıb birlikdə keçirirlər.

Xanım-xatun qadındır o. Davranışında, ən adi hərəkətlərində belə, əsl xanımlara xas olan əlamətlər sezilir...

Günay xanım Azərbaycanda gedən prosesləri həssaslıqla izləyir, baş verən hadisələrlə maraqlanır...

Amerikada qadınların, demək olar, hamısı, qocalı-cavanlı, şəxsi avtomobillə hərəkətdə olurlar. İmkanı ola-ola niyə avtomobil almadığını soruşanda 2009-cu ildə Azərbaycanda olarkən başına gələn avtomobil qəzasından danışdı Günay xanım. Demə, rayonların birindən anası, oğlu ilə birlikdə geriyə - Bakıya dönərkən sürücünü sükan arxasında yuxu tutub, maşın yoldan çıxaraq səddə dəyib. Qəzada hamı yaralanıb, lap çox zədə alan da Günay xanım olub. Odur-budur avtomobil sürməyə ürək eləmir...

Oğlu Pərvizin iyirmi beş yaşı var. İngilis dilində təhsil alsa, ingilislərin arasında araya-ərsəyə gəlsə də, bu gənc zabitin nə danışığında, nə də hərəkətlərində hiss etməzsən ki, Azərbaycandan kənarda böyüyüb. Mədəni davranışı, şux zarafatları ilə könül oxşayır, ünsiyyət yaradır hər kəslə. Bütün gənclər kimi arzuları böyükdür. İnanırıq ki, Pərviz əzm və möhkəm iradə ilə vəhşi kapitalizmin çətinliklərinə sinə gərərək böyük uğurlara nail olacaq...

Dediyim kimi, çox diqqətlidir, qayğıkeşdir Günay xanım. Biz İndianapolisi tərk edib Bluqminton şəhərinə getməli idik. Ayrılmaq zamanı çatanda, o da həyat yoldaşının avtomobilinə əyləşərək İndianapolisdən Bluqminton şəhərində yerləşəcəyimiz evə qədər bizi müşayiət elədi. Sağollaşanda qəhərini boğa bilmədi, gözləri yaşardı...

... İndiana ştatının İndianapolis şəhərində, göl qırağında bir ev var - Günay Fikrət qızının evi. Sanki o göl balaca Xəzər, o ev isə kiçik Azərbaycandır...

 





23.06.2020    çap et  çap et