525.Az

Hamı öləcək, tək qalacaqsan... - Məhsəti Musanın yazısı


 

Hamı öləcək, tək qalacaqsan... - <b style="color:red">Məhsəti Musanın yazısı</b>

Bir gün şah bir yuxu görür. Görür ki, dənizin ortasında, qayıqda tək-tənha dayanıb. Nə qədər qışqırsa da, çağırsa da, səsinə səs verən yoxdur. Hövlnak qalxıb yuxuyozanları başına yığır. Yuxusuna yozum istəyir.

Yuxuyozanlardan biri deyir:

- Qibleyi aləm sağ olsun, bu o deməkdir ki, ətrafınızdakı insanların hamısı öləcək, siz bu dünyada  tək-tənha qalacaqsınız.

Şah qəzəblənir, onu zindana saldırır. Sonra digər yuxuyozan deyir:

- Qibleyi aləm sağ olsun, yuxunuzdan belə məlum olur ki, siz ətrafınızdakıların hamısından çox yaşayacaqsınız.

Sözlər şahın xoşuna gəlir və ikinci yuxuyozanı yaxşıca mükafatlandırır.

Sözün böyük gücə malik olduğunu hamı bilir. Şah İsmayıl Xətaidən bəri söz haqqında oxşar  fikirləri eşitsək də, dilimizdə daha çox onun misraları qalıb:

Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı...

Bəli, söz ilə yaşatmaq da  olar, öldürmək də. İstər müxtəlif həkimlərin etiraflarını dinləyəndə, oxuyanda, istərsə də elə gündəlik həyatımıza nəzər salanda bəzən bir çox ağır xəstələrin məhz dava-dərmanın deyil, güclü inamın, onlara edilən təlqinlərin sayəsində sağaldığına şahid ola bilərik. Ümidverici sözlər xəstənin altşüuruna təsir edir və sağalma işində böyük rol oynayır. Yadımdadır, kiçik yaşlarımda tez-tez yıxılıb  dizlərimi qanadırdım. Kimsə "oy", "vay", "can" deyəndə sanki ağrım daha da artırdı.  Özümə yazığım gəlir, kövrəlirdim və dizimdəki yaraya baxdıqca səsimi başıma atıb ağlayırdım. Amma həmin vaxt atam yanımda olardısa məni sakitləşdirər, deyərdi ki, üç dəfə "heç nə olmaz" de, ağrısı kəsəcək. Mən üç dəfə təkrar edirdim bu sözləri. Və dərhal ağrının keçdiyini hiss edirdim. Çünki bu sözlərin təsir edəcəyinə ürəkdən inanırdım və atamın dizimə toxunmağına, qanı təmizləməyinə mane olmur, sonra  heç nə olmamış kimi oynamağıma davam edirdim.

Bugünün insanı çox aqressivdir. İctimai yerlərdə, nəqliyyatda rastımıza çıxanların əksəriyyəti qaşqabaqlıdır, əsəbidir, barmaq altındakı tətiyi xatırladır, bir kəlməyə bənddir. Efirlərimizdən də evimizə dava-dalaş, səs-küy ötürülür. Sosial şəbəkədə də vəziyyət eynidir. İnsanlar bir bəhanə gəzir ki, içindəki nifrəti, qəzəbi açıb töksün. Ziyalılarımıza ümid bəsləyirik, tanınmışlara göz dikirik, bəzən onlar da eyni davranır. Kəndliyə yerini-yurdunu sevdirmək əvəzinə kəndçiliyi aşağılayıcı söz kimi işlədərək onu  kəndə qovurlar. Bəli, qayıtmağa çağırmırlar, məhz qovurlar. Belə olduğunda  kəndli ay qayıtdı hay! Səadəti şəhərin aldadıcı işıqlarında, kədərin üstünə çəkilmiş parıltılı boyada axtaran  bu saf insanlara torpağı sevdirmək lazımdır. Min zəhmətlə qazandığı pulu kirayə, nəqliyyat və yeməyə xərcləyib ümidsizliyə yuvarlanmaqdansa, kəndin havasını, suyunu dəyərləndirməyi təbliğ etmək lazımdır. Lazımsız, heç bir mənəvi dəyəri olmayan bəzi müsabiqələrin, yarışmaların əvəzinə kənd təsərrüfatı ilə məşğul olanlar arasında yarışlar keçirilsə, mətbuatda bir aktrisanın şalvarının enli, ya dar olmağının əvəzinə bir gənc kəndlinin zəhməti xüsusi şəkildə işıqlandırılsa, ictimaiyyətə təqdim edilsə, tanınsa, o da həvəslə işləyəcək, ətrafına daha çox insan yığılacaq. Bir müddət öncə sosial şəbəkədə #mənkəndliyəm haştağı yaratdım. Əvvəlcə gənclər qoşulmağa çəkindilər. Lakin özüm də müəyyən fotolarımı paylaşandan sonra səsimə səs verdilər. Məlum oldu ki, əslində, müxtəlif işlərdə çalışan, üzdə olan, öz rayonunda, rayondan kənarda  tanınan gənclərimiz həm də kiçik ailə təsərrüfatı ilə məşğuldurlar. Daha sonra bu paylaşımlardan ruhlanan, fəallığı ilə tanıdığımız bir gənc qızımız da öz həyətlərində yenicə əkdiyi şitillərin fotosunu çəkib həmin haştağla paylaşdı. Onlara həvəslə qulluq etdiyini vurğuladı. Əslində, kiçik bir təbliğat apararaq bu  paylaşımların sayını çoxalda bilərdik. Amma məqsədim kiçik bir yoxlama aparmaq idi və həmin qısa müddətdə izlədiklərim nəticə çıxartmaq üçün mənə bəs idi.

Sözün təsiri onun necə deyilməsindən asılıdır. Biz nə qədər ki, şəhərdə heç bir fərli iş tapmayan, təhsili, peşəsi olmayan və buna görə də çox böyük əziyyətlə pul qazanmağa məcbur qalan kəndliyə niyə kənddə olmalı olduğunu izah edə bilməyəcəyik, bu problem həmişə var olacaq, şəhərə axın davam edəcək, şəhərli-kəndli giley-güzarı yaşanacaq. Kəndli rahatlığın şəhərdə olduğunu, özünün əziyyət çəkib, qızmar günəş altında işlədiyini, bağ-bostanda can qoyduğunu düşünüb ruhdan düşməməlidir. O düşünməlidir ki, balaca bir toxumu torpağa basdırır, su verir, qayğı göstərir, torpaqla kəndlinin birliyi nəticəsində o bapbalaca toxumdan yeni həyat göyərir, böyüyür, gözlərinin önündə çiçəkləyir, daha sonra bar verir. Sən yaratdığından həm zövq alırsan, həm də ailəni dolandırırsan, yaşadırsan. Yaratmaq və yaşatmaq nə gözəl hissdir, deyilmi?

Kəndi burda qoyub keçək daha bir gündəm mövzusuna. Bu gün dünyanın bir sıra ölkələri kimi, biz də məlum pandemiya ilə mübarizə aparırırq. Bu bəlanın varlığına inanan da, inanmayan da, üzdə inanmış kimi görünüb ürəyində gülən də var. İnsanlar da, fikirlər də fərqlidir, müxtəlifdir. Bəli, çox çətindir təbliğat aparmaq. Qarşı tərəfdən hər cür cavab ala bilirik. Amma yenə də insanların fikir ayrılığını səbrlə, anlayışla qarşılayıb özümüz, yaxın ətrafımız  şəxsi nümunə göstərməklə onları təhlükədən xəbərdar etməliyik. İnsanları hədələməklə, barmaq silkələməklə, öləcəksiniz, qırılacaqsınız deməklə nəticə əldə etmək olmayacaq.

Ağır dönəmdəyik. Sabah başımıza gələcəklərdən xəbərsizik. Vətəndaşlarımızı dözümlü,  səbrli olmağa, qoyulan qaydalara əməl etməyə, özlərini və başqalarını qorumağa,  bu təbliğatdakı söz sahiblərimizi isə əhalini ruhdan salmamağa çağırırıq. Yoxsa "Hamı öləcək, tək-tənha qalacaqsan" - deyən yuxuyozandan nə fərqimiz olacaq?

 





24.06.2020    çap et  çap et