525.Az

"Sən mənim ömürlük elə yaramsan..." - Afaq Şıxlının şeirləri


 

"Sən mənim ömürlük elə yaramsan..." - <b style="color:red">Afaq Şıxlının şeirləri </b>

HƏKİM!

Bir gün, nisgil yağar baxışlarından,
Bir gün, ürəyindən məhəbbət keçər,
Bir gün, silmədiyin göz yaşlarından
Xatirə yelkənli bir həsrət keçər.

Keçər, arxasınca boşalar gözün,
Bəyaz xalatına naxışlar düşər.
Yadına bir qızın utancaq üzü,
Bir də o intizar baxışlar düşər.

Xəyalın uzanar keçən günlərə,
Bir anlıq fikrindən çıxar yaşın da.
Dolaşıb keçmişə eh birdən-birə
Çözülər o əski qəm yaddaşın da.

Unudub qayğılı, yorğun həkimi
Kənara qoyarsan "yer" işlərini.
Tərgitmək istərsən pis adət kimi
Sevib-sevilməmək vərdişlərini.

Yox yerdən üzünə bir kədər çökər...
İmdadmı istərsən susduqlarından?
Yorub vicdanını sabaha qədər,
Düşərsən kətilə söküləndə dan.

... Qəribə dünyanın işinə bir bax,
İllərdi anmırdın eşqin adını.
Heyif, əllərinə verəcək sabah
Kimlərsə yenə də öz həyatını.

Çəkilsə keçmişdən gələn o kölgə
Könül ağrısı da çəkilər qına.
İllərin yükü də azalar bəlkə,
Bir şəfqət toxunsa dodaqlarına.

KÖÇƏRDİM!

Göy üzünü versəydilər kirayə,
Sevə-sevə yerdən göyə köçərdim.
Çəkdiklərim - istəyimə bəraət...
Əcəlimi öyə-öyə köçərdim.

Bir ətəklik xara kimi qatlayıb
Ayrılığı taxçalara düzərdim.
Keçmişimin üzərindən atlayıb
Gələcəyi qarış-qarış gəzərdim.

Qismətim öz barmağımın ucunda -
Qar ömrümün qarasını silərdim.
Kainatın gen qucağı içində
Hər keçən gün doğulardım, ölərdim!..

ƏSƏN OLMASIN!

Hər evə səadət bəxş elə ki sən
İlahi, bəxtindən küsən olmasın!
Yarısın hər insan öz qismətindən,
Eşqini çöllərdə gəzən olmasın!

Əzəldən quyusu qazılmış dərin... -
Torpağı, dənizi ləldir bu yerin!
Əli uzanmasın dilənçilərin,
Barını bizlərsiz üzən olmasın!

Gözlər örtülməsin dövlətlə, varla,
Özümüzün olsun bu düz, o tarla!
Millətim adını desin vüqarla,
Tarixi yalandan yazan olmasın!

Mən - yeri qürbətəm, baharım güzdür,
Yaşımdan böyüyəm - səksəndir, yüzdür...
"Qələbə!" - eşitsəm, bilim ki düzdür!
Daha yolumuzu kəsən olmasın!

ANAMA

Ana, neçə gündür sənsiz qalmışam...
O dünya sənlidir, bu dünya sənsiz.
Səndən olan gündən səndən olmuşam,
Bilməm səninləyəm bu gün, ya sənsiz...

Belə də gizlicə getmək olarmı?
Qoy üzü gülməsin heç ayrılığın!
Görəsən, anacan, anası varmı
Zalım ayrılığın, puç ayrılığın?

Xətrinə dəyməyim gəlmir yadıma.
Gəlsəydi, bəlkə də ölərdim, ana!
Uzaq təsəllilər yetmir dadıma,
Yol olsa, yanına gələrdim, ana!

Sən demə qismətdə həsrət qabağı
O gözəl üzündən öpmək də yoxmuş!
Səni öz qoynuna alan torpağın
Üstünə göz yaşı səpmək də yoxmuş!

Sən mənim ömürlük elə yaramsan -
Nə qanı quruyar, nə göz bağlayar.
"Ana" demədiyim əziz anamsan!
Səni saçımdakı hər tel ağlayar.

16.04.20

ANAM

Yordu hamı üçün özünü anam,
Amma bir kəsi də yormadı... getdi.
Çox arzu-muradı yetdi kamına,
Təkcə bir arzuya varmadı, getdi...

Evinin önüydü - "Axundov bağı",
Gəzməyə çıxardıq hər axşamçağı...
Özü sağaldardı oğul-uşağı,
Könül yaramızı sarmadı, getdi.

Gözü yol çəkərdi, bilmirəm niyə,
Təsəlli verərdi: "Ölüm haq", - deyə.
Saatı qurmuşdu sabah yeddiyə,
Amma heç yuxudan durmadı... getdi.

25.05.20.

GÖZLƏYƏ-GÖZLƏYƏ...

Nə qış bitdi, nə yaz gəldi,
Şaxta getdi, ayaz gəldi.
Ağaclar yerə dikildi
Yarpaq gözləyə-gözləyə...

Bitdik namərd savaşında,
Qar qalmadı dağ başında.
Ər qalmadı sağ, başında
Papaq, gözləyə-gözləyə!

Hünər bitdi, vaxt daraldı,
Köhlənsiz düzlər saraldı.
Yollar - baxa-baxa qaldı,
Torpaq - gözləyə-gözləyə!..

(Moskva)

 





25.06.2020    çap et  çap et