525.Az

Azərbaycan hökuməti Şaumyana üzük alır - Müsəllim Həsənovun qeydləri


 

Azərbaycan hökuməti Şaumyana üzük alır - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Tarixçə

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır.

Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525"

***

25 may 1918: Azərbaycan müstəqilliyini elan etməlidir!  

Bilirdinizmi ki, Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə müzakirəyə hələ 1918-ci il mayın 25-də başlanılıb? 

Həmin gün Tiflisdə Zaqafqaziya Seyminin müsəlman fraksiyalarının fövqəladə səhər iclası keçirilir. İclas Zaqafqaziyada siyasi vəziyyətin kökündən dəyişməsi ilə əlaqədar çağrılır.

Seymin üzvü Xudadat bəy Məlikaslanovun sədrliyi ilə keçirilən iclasda bildirilir ki, etibarlı mənbələrdən alınan məlumata görə, Seymin gürcü katibi Batumda olan sülh nümayəndə heyətinin üzvləri ilə birbaşa gizli danışıqlar aparır. Eyni zamanda, Gürcüstanın ayrılması və müstəqilliyinin elan edilməsinə hazırlıq görülür.

Yaxın günlərdə müstəqillik aktının qəbul ediləcəyini Gürcüstan Milli Şurasının üzvü G.Veşapelinin Seymin üzvü Rəhim bəy Vəkilovla dünənki görüş zamanı dedikləri də təsdiq edir.

İclasda bu məsələ müzakirə edilərək təsdiq olunur ki, Gürcüstanın ayrılması artıq, demək olar ki, həll edilmiş məsələdir və Seymin müsəlman sektoru bu addıma əvvəlcədən hazır olmalıdır.

Bütün müsəlman fraksiyası prinsipial qərar qəbul edir: Gürcüstanın ayrılacağı və müstəqilliyini elan edəcəyi təqdirdə Azərbaycan da müstəqilliyini elan edir...

Onda hələ mayın 25-i idi...  

26 may: Zaqafqaziya xalqlarının birliyi alınmır... 

Bilirdinizmi ki, Azərbaycanın müstəqilliyinin elan edilməsi ərəfəsində Tiflisdə hansı müzakirələr gedib? 

1918-ci il mayın 25-də Zaqafqaziya Seyminin müsəlman fraksiyalarının ikinci - axşam iclasına Fətəli Xan Xoyski sədrlik edir. Gürcüstanın ayrılmaq istədiyi barədə səhər iclasındakı müzakirə davam etdirilir.

Qərara alınır ki, Xoyski elə indi gedib Seymin sədri Çxeidze ilə görüşsün və  Seymin mayın 26-a təyin edilmiş iclasının gündəliyini öyrənsin. Batumda sülh danışıqlarında olan müsəlman nümayəndə heyəti ilə əlaqə saxlamaq da ona həvalə edilir.

Xoyski gedəndən sonra iclasa sədrlik edən Xasməmmədov bildirir ki, Zaqafqaziya Respublikasını təşkil edən elementlər arasında mehriban birlik heç vaxt olmayıb. O, Azərbaycan türklərinin bolşeviklərlə apardığı mübarizə məsələsində gürcülərin - hökumət üzvlərinin ikili mövqe tutduqlarını misal çəkir.

Müəyyən vaxt keçəndən sonra Xoyski iclasa qayıdır, az sonra onun dalınca Seymin sədri Çxeidze, üzvləri Sereteli və Gegekçori də içəri girir.

Sereteli Seymin gürcü sektoru adından bəyanat verir: Zaqafqaziya xalqlarını müstəqillik şüarı ətrafında birləşdirmək mümkün olmadı. Zaqafqaziyanın parçalanması faktı göz qabağındadır. Xüsusən Türkiyə ilə danışıqlarda birliyin olmadığı bir daha ortaya çıxdı.

Azlıqda qalan tərəf kimi bizim fikrimiz nəzərə alınmadı və indi biz Gürcüstanın müstəqilliyini elan etməyə məcburuq. İnanırıq ki, gələcəkdə birlikdə ola biləcəyik, amma indi müstəqillik elan etməkdən başqa yolumuz yoxdur. Seymin sabahkı iclasında biz Zaqafqaziya Respublikasının dağıldığını təsdiq edəcəyik.

Çxeidze də Zaqafqaziya xalqlarının birliyinin pozulmasına təəssüf etdiyini bildirir.

Cavab nitqi söyləyən Xoyski deyir ki, Zaqafqaziya xalqları bir-biri ilə çox sıx bağlıdır, amma bir halda ki, gürcü xalqının istəyi belədir, bizim buna mane olmaq hüququmuz yoxdur. Azərbaycan türklərinin də yeni yaranmış vəziyyətə uyğun qərar qəbul etməkdən başqa yolu qalmır.

Bundan sonra gürcü nümayəndələr gedirlər.

Fraksiyalar hərtərəfli müzakirədən sonra qərar qəbul edir: Əgər Gürcüstan müstəqilliyini elan etsə, biz də Azərbaycanın müstəqilliyini elan etməliyik!  

27 may: Milli Şura yaradılır 

Bilirdinizmi ki, İrəvanın ermənilərə güzəştə gedilməsi barədə təklif ilk dəfə mayın 27-də səsləndirilib? 

1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxılır və mayın 27-də müsəlman fraksiyalarının daha bir fövqəladə iclası keçirilir.

M.Y.Cəfərovun sədrlik etdiyi iclasda Batum konfransından təzəcə qayıtmış N.B.Usubbəyov məruzə edir. O bildirir ki, Türkiyə Zaqafqaziyanın müstəqilliyini dəstəkləyir və yardım göstərməyə də hazırdır.

Usubbəyov onu da deyir ki, Batum konfransındakı Türkiyə nümayəndə heyətinin fikrinə görə, Zaqafqaziyanın çiçəklənməsinin başlıca təminatı Zaqafqaziya xalqlarının həmrəyliyi və birliyi ola bilər.

O, Türkiyə nümayəndə heyətinin daha bir fikrini də çatdırır:  Bu birliyə nail olmaq üçün biz tərəfdən ermənilərə bir qədər ərazi güzəştə gedilməlidir...

Bundan sonra Zqafqaziya Seyminin buraxılması ilə əlaqədar yaranmış siyasi vəziyyət müzakirə edilir.

Uzun müzakirələrdən sonra qərara alınır ki, Zaqafqaziya Seyminin sabiq müsəlman üzvlərinin yığıncağı özünü Zaqafqaziya Müsəlmanlarının Müvəqqəti Milli Şurası adlandıraraq, Şərqi Zaqafqaziyanın idarə edilməsini öz üzərinə götürür.

Sonra səsvermə yolu ilə Milli Şuranın Rəyasət heyəti təşkil olunur.

Daha sonra M.Ə.Rəsulzadə gizli səsvermə yolu ilə Milli Şuranın sədri seçilir.

Qurucu babalar cümhuriyyət yaratmağa hazırlaşırdılar...

Mayın 27-si idi... 

28 may: Cümhuriyyət necə elan olundu?

Bilirdinizmi ki, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti necə elan olunub? 

Mayın 28-də Müsəlman Milli Şurasının iclası keçirilir.

Həsən bəy Ağayevin sədrliyi ilə keçən iclasda sabiq seymin 26 nəfər üzvü iştirak edir.

İclasın gündəliyinə üç məsələ daxil olunur:

1. Son hadisələrlə bağlı doktor Ağayevin Yelizavetpol haqqında məlumatı.

2. Rəsulzadənin Batumdan göndərdiyi teleqramın və məktubun oxunması.

3. Seymin buraxılması və Gürcüstanın müstəqilliyinin elan olunması ilə əlaqədar Azərbaycanın vəziyyəti.

İlk iki məsələnin müzakirəsindən sonra üçüncü məsələ barədə Xəlil bəy Xasməmmədov məruzə edir. O, Azərbaycanın müstəqilliyinin elan olunması zərurətini əsaslandırır. Usubbəyov, Şeyxülislamov, Seyidov və başqaları da bu ideyanı dəstəkləyir.

Şuranın üzvü F.X.Xoyski təklif edir ki, bəzi məsələlər yerlərdə həll edilincə, Azərbaycanın müstəqilliyinin elan olunmasından imtina olunsun, dünya dövlətləri ilə danışıqlar aparmaq üçün tamhüquqlu hökumət təşkil edilsin.

Lakin hərtərəfli müzakirələrdən sonra dərhal müstəqil Azərbaycan demokratik cümhuriyyətinin elan olunması barədə qərar qəbul edilir.

Şura üzvlərindən 24 nəfəri bu qərarın lehinə səs verir, iki nəfər isə bitərəf qalır...

Bundan sonra müstəqillik bəyannaməsi oxunur. Şura üzvləri bəyannamənin mətnini ayaq üstə dinləyirlər.

Hökuməti təşkil etmək F.X.Xoyskiyə həvalə olunur.

Bir saatlıq fasilədən sonra iclas davam edir və Xoyski hökumətin tərkibini elan edir.

P.S. İrəvanın ermənilərə güzəştə gedilməsi barədə məsələ növbəti gün - mayın 29-da müzakirə olunacaqdı...

29 may: "qaçılmaz bəla" - İrəvanın verilməsi... 

Bilirdinizmi ki, İrəvan ermənilərə 1918-ci il mayın 29-da müəyyən şərtlərlə, özü də  "qaçılmaz bəla" kimi güzəştə gedilib?   

Müsəlman Milli Şurasının Tiflisdəki keçmiş canişin sarayında keçirilən iclasına H.B.Ağayev sədrlik edir. 

İclas başlayan kimi F.X.Xoyski Azərbaycan və Ermənistan federasiyaları ərazisinin sərhədləri haqqında Ermənistan Milli Şurası ilə aparılan danışıqların nəticəsinə dair məlumat verir.

F.X.Xoyski çıxışının sonunda bildirir ki, erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazımdır. Aleksandropolun (Gümrü - M.H.) Türkiyəyə verilməsindən sonra belə bir siyasi mərkəz ancaq İrəvan ola bilər.

Xoyski daha sonra deyir ki, "ona görə də İrəvanın ermənilərə güzəştə gedilməsi qaçılmazdır".

X.B.Xasməmmədov, M.Y.Cəfərov, Şeyxülislamov və M.Məhərrəmov da bu barədə danışaraq, İrəvanın ermənilərə güzəştə gedilməsinin tarixi zərurət, qaçılmaz bəla olduğunu etiraf edirlər.

Səsvermə keçirilir.

İclasda iştirak edən 28 nəfər Şura üzvündən 16-sı İrəvanın güzəştə gedilməsinin lehinə səs verir. Bir nəfər əleyhinə çıxır, üç nəfər bitərəf qalır.

Bu rəqəmlər Müsəlman Milli Şurasının 3 nömrəli protokolundan götürülüb. Lakin fikrimizcə, burda bir texniki yanlışlıq var. 28 nəfərdən 16-sı lehinə, 1-i əleyhinə səs verib, 3-ü isə bitərəf qalıbsa, qalan 8 nəfər necə səs verib?

Təəssüf ki, bu yanlışlıq illərdir ki, kitabdan kitaba keçir...

Əslində isə iclas iştirakçılarının siyahısı protokolda verilib. Onlar 18 nəfərdir. İclasın sədri və katibi də bu siyahıya əlavə ediləndə 20 nəfər olur. Deməli, qərar qəbul olunmasında 28 nəfər yox, 20 nəfər iştirak edib. Onlardan da 16-sı bu "qaçılmaz bəla"ya səs verib... 

P.S. Biz bu qeydləri məşhur 3 nömrəli protokol əsasında yazmışıq. İrəvanın güzəştə gedilməsi barədə daha ətraflı məlumatı isə tarixçi Vasif Qafarovun araşdırmalarından əldə etmək olar...

Vasif Qafarov: İrəvanı siyasi mərkəz kimi Ermənistana güzəştə getmək məcburiyyətində olan Azərbaycan nümayəndələri şəhəri bu şərtlə güzəştə getməyə razı oldular ki, ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, yəni Qarabağın dağlıq hissəsinə olan iddialarından imtina etsinlər.

Lakin ermənilər həmişəki kimi verdikləri vədə əməl etmədilər... 

Azərbaycan hökuməti Şaumyana üzük alır. Toy üçün...

Bilirdinizmi ki, Stepan Şaumyanın böyük oğlu Levon evlənərkən nişan üzüyünü Azərbaycan hökuməti alıb?

Levon Şaumyanın ərizəsinə Azərbaycan K(b)P MK bürosunda 1921-ci ildə baxılıb. 

"Dinlənildi: Bir qədər pul, ayaqqabı və evlənməsi ilə əlaqədar iki nişan üzüyü verilməsi barədə Levon Şaumyan yoldaşın ərizəsi.

Qərara alındı: Azərbaycan Fövqəladə Komissiyasının sədri Bağırov yoldaşdan xahiş olunsun ki, yoldaş Şaumyanın ərizəsini təmin etsin".

Levon Şaumyanın ərizəsi təmin olunur.

Sonralar Levonun kiçik qardaşı Sergey də Azərbaycandan yararlanır.

Moskvada tələbə olarkən ona təqaüd təyin edilir.

Azərbaycan K(b)P MK bürosu 1937-ci ilin martında belə bir qərar qəbul edir: "Yoldaş Rəhmanova tapşırılsın ki, Moskvada olan Sergey Şaumyana (Stepan Şaumyanın kiçik oğlu) ayda 400 rubl miqdarında təqaüd təyin etsin..."

P.S. Sonralar M.C.Bağırovun Şaumyanın oğlanlarına münasibəti dəyişir və 1949-cu ildə rəsmi çıxışlarında onları "təxribatçı" adlandırır...

 





28.06.2020    çap et  çap et