525.Az

Anı yaşamaq... - Xumar Ağayeva


 

Anı yaşamaq... - <b style="color:red">Xumar Ağayeva </b>

Anı yaşamağın mənasını ifadə edən bir cümlə deyəcəm sizə, bu cümlənin əvəzi 27 il həbs cəzası ilə ödənib.

Bu bir cümlədə düz 27 ilin təcrübəsi var.

Bütün sözlər də bütün hisslər kimi yaşananda gerçək olur. Keçmişdə və gələcəkdə yaşamaq doğru deyil, məsələ bu günü yaşamaqdır. Daha dəqiq desək anı yaşamaq.

Qaradərili lider Nelson Mandela 27 il həbs cəzası çəkəndən sonra 1990-cı ildə həbsdən çıxıb və 1994-cü ildə Cənubi Afrikanın ilk qaradərili prezidenti seçilib.

Qaraların azadlıq uğrunda mübarizəsinin ən vacib şəxslərindən biri olan Mandelanın Londonda 90 illik yubileyi qeyd edilirdi.

Orada Mandelaya sual verirlər ki, "illərlə əzab çəkmək necə bir hiss idi?"

Mandela cavabında "Mən əzab çəkməmişəm, sadəcə, bu günü yaşamağın önəmini və sabahı düşünməməyin vacib olduğunu öyrənmişəm", deyir.

Bu bir cümlədə 27 illik təcrübə ilə Mandela yaşadıqlarına əziyyət demir. Bizim isə bu sözə inanmağımız üçün 27 il həbs cəzası çəkməyimizə gərək yoxdur.

Zamanın bölünməyən ən kiçik hissəsidir an. Anı yaşamaq  "mən ağlıma nə gəlirsə, ürəyim nə istəyirsə onu yaşayıram, heç kimə də hesabat vermirəm" demək deyil. Anı yaşamaq "nə edirsinizsə onu etməyə davam etməkdir".

Çay içirsinizsə çay içmək, bir musiqi dinləyirsinizsə musiqi dinləməkdir. İçdiyiniz çayın darçın dadını, istiliyini, hiss etməkdir. Dinlədiyiniz musiqinin içinə girib onu yaşamaqdır.

Anı yaşamaq keçmişi və gələcəyi düşünməyib bu günü yaşamaqdır. Bu gün beş dəqiqəmizi verib sabahı xəyal edirik və ya dünən baş vermiş hər hansı müsbət və ya mənfi hadisəni beynimizdə müzakirə edirik. Nəticədə bu günümüzdən beş dəqiqəni oğurlayırıq və bu günün beş dəqiqəsini yaşamağı itiririk. Hansı ki, o beş dəqiqədə musiqi dinləyib günəşin batışından zövq ala bilərdik və.s.

Mən demirəm keçmişə və gələcəyə getmək lazımsızdır, hətta deyərdim gərəklidir. Amma gedib tez də geri dönmək şərti ilə, orada ilişib qalmamaq şərtilə.

Bir sözlə, tam mənası ilə həqiqətən yaşadığımız an bu andır, indidir. Anda olan zaman hisslərimizə və davranışlarımıza sahib ola bilirik, hər şeyi olduğu kimi hiss edib yaşaya bilirik. Bunun nəticəsində həyatımızın kontrolu öz əlimizdə olur. Özgüvənimiz və özümüzə verdiyimiz dəyər artmış olur. Gözəl bir film izləyiriksə, onu yaşayaq, uşağımızla oynayırıqsa, fikrimiz onda olsun, işləyiriksə, fikrimiz işdə olsun.

Anı yaşamaq o anı dərk etmək deməkdir. Bunun üçün özünüzü tanımalısız - bədəninizi, ruhunuzu, nəfəsinizi hiss etməlisiz, duyğularınızın, hisslərinizin dilini bilməlisiz və ən əsası bütün bu saydıqlarımla indi və burada (anda) olmalısınız. Anı yaşamaq hər zaman xoşbəxtlik bəxş etməyə, dinclik verməyə bilər. Anı yaşamaq üçün dənizi, təbiətdə olmağı gözləmək olmaz. Hətta mətbəxdə qabları bol köpüklə yuyarkən, suyun səsini, istiliyini, köpüyün əlinizdə yaratdığı hissi, sevdiyiniz yeməyi yeyərkən, yeməyin dadını , onun dilinizdə qoyduğu tamı hiss edə bilməkdir.

Anı yaşamaq həm də qəbul etməkdir. Bəzən əsəbi, narahat, gərgin vaxtlarımızda özümüz və ya yaxınlarımız fikrimizi dağıtmağa çalışır. Ancaq biz gərginlik anında bu duyğuları yaşamasaq, onlar boğazımızda açılmamış bir düyün kimi qalıb bizi rahat nəfəs almağa qoymayacaq. Bütün duyğularınızı olduğu kimi qəbul edin və yaşamağa çalışın. Bu zaman həyatınızdakı duyulması asan və gözəl günləri yaşamağa başlayanda çətinlikləri, gərgin anlarınızı daha asan qəbul edib yaşaya  biləcəksiniz.

Anı yaşamaq özümüzü daha yaxşı tanımağımıza kömək edəcək. Anı yaşayaq ki, həyatımız bütün çoxluqları və gözəllikləri ilə bizim olsun.

 





01.07.2020    çap et  çap et