525.Az

"Özünü qoru, çevrəni xilas et"


 

BU ADDA YARADILAN MEDİA HƏRƏKATININ ÜZVLƏRİ MAARİFLƏNDİRİCİ AKSİYA KEÇİRİB

"Özünü qoru, çevrəni xilas et" <b style="color:red"></b>

"Özünü qoru, çevrəni xilas et" Media Hərəkatı üzvləri koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində istirahət günləri maarifləndirici aksiya keçiriblər.

Hərəkata qoşulan media təmsilçiləri yaşadıqları ərazidə, çevrələrində maskadan istifadə etməyən qonşularına, yaxınlarına maska paylayıb, qoruyucu vasitələrdən istifadənin, sosial məsafə saxlamağın, gigiyenik qaydalara əməl etməyin zəruriliyini söyləyiblər.

"Yaşadığımız ərazidə maskadan istifadə etməyən qonşularımıza maska verdik, qoruyucu vasitələrdən istifadənin vacibliyini bildirdik. Bir nəfəri belə qoruyucu vasitələrdən istifadə vərdişlərinə sövq edə bildiksə, çevrəmizin sağlamlığına azacıq töhfə vermiş olduq".

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, durumun ciddiliyinin vətəndaşlar tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün media təmsilçiləri və jurnalistləri "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatına qoşulmağa dəvət edib.

O qeyd edib ki, Media Hərəkatına qoşulanlar virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcək:

"Müraciətimiz yaxınlarımıza, dostlarımıza və bütün xalqımızadır: Yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin. Çətin də olsa, həyatınız naminə, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə qoyulan tələblərə ciddi riayət edin.

Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, həyatla çarpışan xəstələrin mücadiləsini görürük. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və onlara dəstək olaq. Üzləşdiyimiz bu çətin durumda hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın. Bir daha vətəndaşlarımızı rastlaşdığımız bu çətin vəziyyətlə mübarizədə məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırırıq. Biz məsuliyyətli olmasaq, özümüzü və yaxınlarımızı qorumasaq, bu xəstəlik daha da uzun çəkəcək. Gəlin xəstəlik ailəmizə gəlib çatmamış, sevdiklərimizi bizdən ayırmamış bu virusa qalib gələk".

Hərəkata yüzdən çox media nümayəndəsi qoşulub.

 





01.07.2020    çap et  çap et