525.Az

İddiasız yaşaya bilmək - Professor Nəsir Əhmədlinin doğum gününə


 

İddiasız yaşaya bilmək - <b style="color:red">Professor Nəsir Əhmədlinin doğum gününə</b>

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimlərindən yoxdur. Və yəqin ki, heç vaxt olmayacaq da. Kim bilməsə də, o fakültənin məzunları bunu yaxşı bilirlər. Hansısa bir əzazil müəllimlə rastlaşanda da, o dəqiqə yəqin edirdin ki, başqa fakültədən gəlib.

Tələbələrdə bu əminliyi, öz müəllimləri ilə bağlı bu yəqinliyi, arxayınçılığı Jurnalistika fakültəsinin müəllimlərinin doğma və təmənnasız münasibəti yaratmışdı. Bir dəfə söhbət düşəndə sevimli müəllimimiz Cahangir Məmmədli fakültədə bu ənənəni - təmənnasızlığı ustad müəllimimiz, mərhum professor Şirməmməd Hüseynovun qoyduğunu dedi. İllər, onillər keçib, dünyada, ölkədə çox sular axıb-durulub, amma o ənənə bu gün də yaşayır. Ona görə də Jurnalistika fakültəsinin tələbələri də, məzunları da öz müəllimlərini həmişə ehtiramla, xoş duyğularla xatırlayırlar. Düzdür, tərəzinin sevgi gözünü işə salsaq, ola bilsin, kimsə kimdənsə bir qədər ağır gəlsin, amma bütün hallarda o müəllimlərin hər biri bu ehtirama, bu sevgiyə layiqdirlər. Elə buna görədir ki, indinin özündə də biz məzunlar o müəllimlərin, demək olar, hər biri ilə həm də doğma, simsar adam kimi, dost kimi görüşə bilirik.

Tərəzinin o sevgi gözündə ən ağır gələn xocalarımızdan birinin - professor Nəsir Əhmədlinin doğum günüdür, 77 yaşını tamamlayır.

Nəsir müəllimin yüzlərdə tələbələrindən biri də mən olmuşam. Düzü, indi Nəsir müəllimin hansısa dərsindən konkret hansısa məqamı xatırlamaq mənə çətin gəlir. Amma onun hər dəfə auditoriyadakı özündən arxayın, güvənli duruşu, içinin dopdolu olduğundan xəbər verən çöhrəsi bu gün də yadımdadır. O arxayın və toxdaq duruş sanki deyirdi ki, mən burdayam, kim öyrənmək istəyirsə, buyursun, hazıram, yox, kimsə öyrənmək, oxumaq istəmirsə, onu da incidən, dağa-daşa salan deyiləm.

Adam var, müəllim kimi bir dəfə də auditoriyaya girməyib, amma öz davranışı, əxlaqı ilə həyatda ətrafındakılara örnək, nümunə - müəllim olub, düşüncəsi ilə yaşam tərzi üst-üstə düşüb həmişə. Belə adamlar öz  həyat normaları ilə həm də neçə-neçə insanı atmaq istədiyi nə qədər pis addımdan, bəd əməldən çəkindiriblər. Bu anlamda Nəsir müəllim təkcə auditoriyada, Jurnalistika fakültəsində müəllim olmayıb - həmişə düşündüyü kimi yazıb, yazdığı kimi yaşayıb. Yəqin ki, heç kim indiyəcən bir dəfə də olsun onun dilindən boğazdan yuxarı, qəlp bir kəlmə söz çıxdığını eşitməyib, özünün istəmədiyi bir yazının, ürəyincə olmayan bir fikrin altında imzasını görməyib. Mən də nə eşitmişəm, nə də görmüşəm. Və müəllimimin təkcə tələbələri üçün yox, çevrəsində olan hər kəs üçün nümunə sayıla biləcək dopdolu, sanballı bir həyat yaşadığını görüb müşahidə etdikcə sevinmişəm, qürurlanmışam, şəstlə "O adam mənim müəllimim olub", demişəm.

İddiasız, təvazökar adamlara həmişə xüsusi rəğbətim olub. İddiasız olmaq həm də özündən arxayın olmaqdır, öz yerini, öz mərtəbəni bilməkdir. Mənim müəllimim də belədir. Bəlkə elə buna görədir, Nəsir müəllim adamla ünsiyyət zamanı elə sərbəst mühit, rahat aura yaradır ki, səndən yaşca böyük olduğunu unudursan, özünü onun tay-tuşu, yaşıdı kimi hiss edə və yanında açıla bilirsən. Buna imkan verən həm də Nəsir müəllimin içinin genişliyi və bu genişliyi daima özündə ifadə edən işıqlı, nurlu çöhrəsidir.

Xocam, çöhrə demiş, bu gün sizin şəkilləriniz - o nurlu çöhrəniz Feysbuku bir xeyli işıqlandırıb. Həmişə belə qalın, işığınızı əsirgəməyin!

Doğum gününüz mübarək!

P.S. Pisniyyət pandemiyanın "məsafə saxla" qadağasına görə Sizinlə qoşa şəklimi paylaşmadım. Amma inanıram ki, tez bir zamanda hamılıqla bu qada-balanı da adladacağıq. Və onda çoxlu görüşlərimiz və məclislərimiz olacaq, neçə-neçə qoşa şəkillər çəkdirəcəyik. Hələliksə indiki gərgin günlərdə tək demək istədiyim budur: Salamat qalın, sağlam olun, özünüzü qoruyun!

 





02.07.2020    çap et  çap et