525.Az

Özümüzlə savaşmalı, həyatla barışmalı... - İzzət Mikayılzadə yazır


 

VƏ HƏLƏLİK İNSANLARLA VİDALAŞMALI

Özümüzlə savaşmalı, həyatla barışmalı... - <b style="color:red">İzzət Mikayılzadə yazır </b>

Hər insan öz həyatında qorxunc, təsirli, könül parçalayan hadisələr yaşayır. Bu gün isə insanlıq adına yaşadığımız bəla -  COVID-19 bizi sarsıdır, nəticə çıxarmağa vadar edir. Əslində, ağıllı insanlara görə, bu psixologiyanı yaşamaq bir cəhətdən üstünlükdür.
 
Təbii ki, bu üstünlüyü fürsətə çevirmək öz əlimizdədir. Virusa yoluxan insanlarla bağlı xəbərlərlə yəqin ki, artıq hər birimiz tanışıq. Bəs, virus hələlik onun caynağına keçməyən insanlara necə təsir edir? Virus yox olduqdan sonra insanlar cəmiyyətə necə adaptasiya olacaqlar? 

İnsan özü ilə tək qalır. Düşünür, düşünür və ən başda öyrənməli olduğu cümləni özü ilə tək qalanda öyrənir. Əslində, biz həyatla savaşmamalıydıq, özümüzlə barışmamalıydıq, insanlarla çox da yaxınlaşmamalıydıq. Kiçik yerdəyişmə etməklə, özümüzlə savaşmalı, həyatla barışmalı, insanlarla isə hələlik vidalaşmalıyıq.

İnsanın həyatında ən önəmli mərhələsi məhz özü ilə savaşanda başlayır. Hələlik biz sağlamıq, amma qapımızın, pəncərəmizin və divarlarımızın arxasında neçə-neçə insanlar öz həyatlarını itirir. Əlimizdən isə heç nə gəlmir.

Belə fikirlər səslənir ki, postpandemiya dövründə insanlar psixoloji cəhətdən bir neçə qrupa bölünəcəklər. Bir qrup insanlar yaşadığımız bu çətin dönəmdən nəticə çıxaracaq, sağlamlığına, ailə, dostluq və sevgi münasibətlərinə dəyər verəcək, ölüm duyğusunun həmişəkindən bir az daha yaxında olmasını hiss edəcək və beləliklə, sonra oxuyaram, sonra izləyərəm, sonra yazaram dediyi hər şeyi indi edəcək. Həyatını yola vermək əvəzinə həqiqətən yaşayacaq, inkişaf edəcək, ailəsinə, dostlarına, işinə sevgi ilə bağlanacaq. Ümid edirəm ki, yeni sivilizasiyada bu tip insanlar daha çox yer alar, çünki artıq bəşəriyyət adına daha çox bəla yaşamağa heç kimin taqəti qalmayıb. Bəlkə elə virus biz gəncləri bəzi yetişkinlərin təbiətlə oynadığı dünya düzənindən xilas etdi. Mən həmişə şamın yox olarkən yaratdığı işığın müqəddəsliyinə inanmışam. Əlbəttə, yaxınlarını itirən insanların acılarına şərikik, bu bəla ümumbəşəridir, amma mümkün qədər nikbinliyi qorumalı, bir qədər də eqoist olmalıyıq ki, virusun qəzəbinə tuş gəlməyək.

Digər qrup insanlar isə əksinə, yaşadığımız bu vəziyyətdən təsirlənərək depressiyaya düşəcək, uzun müddət qapalı şəraitdə qalmaq onun ruhuna təsir edəcək, virus təhlükəsi ortadan qalxsa belə, evdən çıxmayacaq və nəticədə cəmiyyətə adaptasiya ola bilməyəcək, öz təkliyindən həzz alacaq, həyat onlar üçün balaca komalarından ibarət olacaq.

Tək qalmaq, düşünmək, yazmaq, yaratmaq... Bu sözlər qulaqda gözəl səslənir. Ümumiyyətlə, bu həyatda tək qalmağı bacaran insanlar daima nəsə qazanır və yaradırlar. Amma tək qalanda düşünməyə nəyinsə olması üçün biz mütləq şəkildə cəmiyyətin içərisinə qarışmalıyıq, dostlarımızla, ailəmizlə vaxt keçirməli, gəzməli və görməliyik.

Bu yerdə çox təəssüf ki, 3-cü növ insan cığırı da açmağa məcburam. Söhbət bizi bu vəziyyətə gətirib çıxaran, təbiətlə müharibədə olan insanlardan gedir.  3-cü növ insanlar elə olduğu kimi qalacaq. Bu, ən təhlükəli insan qrupudur. Baş vermiş hadisələrdən nəticə çıxarmayacaq, inkişaf etməyəcək və beləliklə, gələcəkdə baş verə biləcək problemlərə hazırlıqlı olmayacaq, çıxılmaz vəziyyətdə qalacaq. Özündə çatışmayan cəhətləri yenə görə bilməyəcək, dəyişməyəcək. Bu insan qrupundan bu qədər kəskin şəkildə danışmağımın səbəbi həmişə bu tip insanlardan əziyyət çəkməyimdən qaynaqlanır. Təkcə mən yox, elə əksəriyyət bu insanların əlindən yanıqlıdır. Belələri ilə normal ünsiyyət qurmaq çox çətindir, onlar çıxılmaz vəziyyətə düşdüklərində  "mən beləyəm" deyərək canlarını qurtarmağa çalışırlar. Təəssüf ki, bəşəriyyəti sarsıdan virus belə, onları dəyişdirə bilmir. İnkişaf və yenilik olmayan yerdə heç bir həyat işartısından söz gedə bilməz.

Hər şeyə rəğmən dua etməliyik ki, virus çox da xəsis deyil. Çox şeyi bizdən alır və almağa da davam edəcək, amma qarşılığında bizim bildiyimiz və hələ bilmədiyimiz şeylər də verəcək. Məsələn, bildiyimiz bir şey var ki, bizim hələlik indi gəzmək, səyahət etmək, könlümüzcə istirahət etmək kimi imkanlarımız yoxdur, amma əlimizdə o qədər gözəl fikirlər var ki: "Hansı tərəfə gedirsən get - Gündoğana, Günbatana, Şərqə, Qərbə - çıxdığın hər səfəri özünə doğru səyahət kimi düşün! Öz içində səfər eləyən adam axırda ərzi dolaşır"   (Şəms Təbrizi).

Bu şərait özümüzə səfər etmək üçün əsl fürsətdir. Bu fürsət həm bizi, həm də cəmiyyəti qazanclı çıxara bilər. Həmişə oxumağa öyrəşdiyimiz tarix kitablarının indi müəllifi özümüz olacağıq, yeni sivilizasiyanı biz yaradacağıq. Gəlin inanaq ki, istənilən dövrdə, istənilən situasiyada özünü göstərən kitablar yaşadığımız  bu dönəmdə də bizim köməyimiz olmağı bacaracaq.

 





02.07.2020    çap et  çap et