525.Az

"Qarabağ" qəzetinin 30 yaşı tamam olur


 

"Qarabağ" qəzetinin 30 yaşı tamam olur<b style="color:red"></b>

1990-cı ilin may ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu Dağlıq Qarabağ və ətraf rayonlarda baş verən hadisələrin daha dəqiq və obyektiv işıqlandırılması üçün "Qarabağ" adlı qəzet təsis etdi. Qəzet Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat Komitəsinin orqanı kimi 1990-cı il iyul ayının 1-də fəaliyyətə başladı.

"Qarabağ" ilk gündən Dağlıq Qarabağın tarixi, mədəniyyəti, adət-ənənəsi və görkəmli şəxsiyyətləri haqqında oxuculara ətraflı məlumat verməyə başladı. Məlum olduğu kimi, həmin vaxt bölgədə erməni separatizmi baş qaldıraraq azərbaycanlılara qarşı torpaq iddiası ilə bölgədə müharibə şəraiti yaratdı.

Qəzetin əməkdaşları münaqişənin alovlandığı bütün nöqtələrdən real vəziyyət haqqında respublika oxucularına və dünya ictimaiyyətinə Azərbaycan və rus dillərində dəqiq və operativ məlumatlar çatdırıb.

Məhz "Qarabağ" qəzeti 27 fevral 1992-ci il tarixli sayında (faciənin səhəri günü)  Xocalıda baş verən hadisələri "Xocalıda soyqrımı törədildi" başlıqlı xəbərlə 40 min tirajla ilk dəfə Azərbaycana yaydı.

"Qarabağ" qəzetinin 30 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Mətbuat Şurasında qəzetin kollektivi ilə görüş keçirilib, qəzetə Diplom təqdim olunub.

30 illik yubileylə əlaqədar olaraq bir sıra tədbirlər nəzərdə tutulub, o cümlədən, məcburi köçkün rayonlarının sakinləri ilə görüş keçiriləcək.

Uzun illərdir ki, "Qarabağ" qəzeti Azərbaycan ordusuna və məcburi köçkünlərə təmənnasız olaraq paylanır.

 





02.07.2020    çap et  çap et