525.Az

"Sevgidən yazan hər şairin həyatında kədərli sevgi hadisəsi baş vermir" - Müsahibə


 

QİRAƏTÇİ TOFİQ VƏLİYEV: "BƏDİİ QİRAƏTİ ƏMİNƏ YUSİFQIZININ SAYƏSİNDƏ SEVMİŞƏM"

"Sevgidən yazan hər şairin həyatında kədərli sevgi hadisəsi baş vermir" - <b style="color:red">Müsahibə </b>

Tanınmaq üçün sosial şəbəkələrin əlverişli şərait yaratdığı sənət sahiblərindən biri də bədii qiraətçilərdir. Təsadüfi deyil ki, sosial şəbəkələrin həyatımızın önəmli bir hissəsinə çevrilməsi başqa sahələrdə olduğu kimi, bu sahə ilə məşğul olan gənclərin də tez bir zamanda tanınmasına təkan verib.

Bir müddətdir tanıdığım qiraətçi Tofiq Vəliyev də belə gənclərdəndir. Onun ifasında şeirlərə qulaq asanda səsindəki fərqli aura istər-istəməz adamı özündən alıb başqa bir aləmə aparır.

Söhbət zamanı sosial şəbəkələrin onun fəaliyyətində önəmli rol oynadığını vurğulayan Tofiq Vəliyevlə fərqli məsələlərə toxunduq. Buyurun oxuyun. 

- Necə oldu ki, şeirləri səsləndirib sosial şəbəkəkələr üzərindən paylaşmağa qərar verdiniz?

- Məktəb vaxtlarımdan şeir söyləməyi sevirəm. Bir az içinə qapanan uşaq olduğumdan müəllimlərimin və dostlarımın yanında şeirləri yüksək səslə oxumurdum. Axşamlar evdə anama şeirlər oxuyurdum və bu, anamın xoşuna gəlirdi. Bu isə məndə olan həvəsi daha da artırırdı. Nəhayət, 2019-un fevral ayında ilk şeir səsləndirdiyim videonu İnstaqram üzərindən izləyicilərlə bölüşdüm.



"Mütaliə həyatımın ayrılmaz
hissəsidir" 

- Hansı qiraətçiləri dinləyirsiniz?

- Ən birinci Əminə Yusifqızının çıxışlarını dinləmişəm. Hətta deyərdim ki, bədii qiraəti onun sayəsində sevmişəm. Sonralar Xəzər Süleymanlı, Kamran Yunis və Kamran Ağabalayevi dinləməyə başladım.

- Mütaliə etməklə aranız necədir, hansı əsərləri oxuyursunuz?

- Ümumiyyətlə, düşüncələrimi insanlarla bölüşməyi sevirəm. Ona görə də mütaliə həyatımın ayrılmaz hissəsidir. Daha çox dram və faciə janrında olan əsərləri oxumağı sevirəm. Xalid Hüseyinin "Min möhtəşəm günəş" və "Çərpələng uçuran" əsərləri həqiqətən mənim nəzdimdə möhtəşəm deyə biləcəyim əsərlər sırasına daxildir.

- Sizcə, hansı ədəbi forma müəllifə öz fikirlərini daha yaxşı ifadə etmək imkan verir - poeziya, yoxsa nəsr?

- Müəllif öz düşüncələrini qələmə almaq istəyirsə, onun üçün fərqi yoxdur, bu, poeziya dilində də ola bilər, nəsr dilində də. Müəllif üçün  ən vacib olanı öz fikirlərini oxucuya çatdırmaqdır. Bunun üçün müxtəlif janrlardan istifadə etmək olar. 



"Unutmağın ölməyi var, gülüm..."
 

- Özünüz də şeir yazırsınız?

- Şeir insanların öz duyğularını, düşüncələrini ifadə edə bilməsi üçün əsas vasitələrdən biridir. Gəlin qəbul edək ki, bu günə qədər daha çox oxunan, ən çox diqqəti cəlb edən əsərlər şeir formasında yazılıb. Mən də bu cür əsərləri oxuyaraq özümü bu sahədə görmüşəm və bir neçə dəfə sınamışam. Uğurlarım çox olub deyə bilmərəm, amma ən azından qənaətbəxş olub. Bir şeirimi də sizlərə oxumaq istərdim:
 
Unutmağın geci-tezi olmur,
Yağışlı havada da unudarsan,

Qarlı havada da...
Unutmağın ağrısızı olmur,
Bədənini keyitsən də,
Qəlbinin ağrsını hiss edərsən. 

Unutmağın səni olmur əzizim,
Ürəkdən sevib, ürəkdən istəyəsən.
Səni tapdığım hər qadından
Mənim əvəzimə üzr istəyəsən. 

Unutmağın saatı olmur,
Hər dəqiqə onu gözləyəsən.
Unutmağın məsafəsi olmur,
Qəlbimdən sənə yol ölçəsən.

Unutmağın ölməyi var, gülüm,
Sənsiz ölməyi düşünməmişəm.




"Dünyanı səyahət etmək ən böyük arzularımdan biridir"

- Deyirlər, qəmgin şeirlər oxuyan insanlar çox vaxt sevgidən yaralı olur. Siz necə düşünürsünüz?

- Əlbəttə ki, öz aktuallığını qoruyan şeirlər sevgi məzmunundadır. Amma Məhəmməd Füzuli demiş,

Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun yalnız adı var.

Yəni ki, sevgidən yazan hər şairin həyatında kədərli sevgi hadisəsi baş vermir.

- Bəs, gələcək planlarınız barədə nə deyərsiniz?

- Karavanla dünyanı səyahət etmək ən böyük arzularımdan biridir. Həmçinin, gələcəkdə  şeirlərimi bir araya yığıb, kitab şəklində dərc etdirmək istəyirəm.

Günel ABBAS

 





01.07.2020    çap et  çap et