525.Az

"Yaşadığım heç nəyə görə peşman deyiləm" - Rəssam Nəvai Mətin ilə müsahibə


 

"MƏNİ BU SƏNƏTƏ GƏTİRƏN HƏLƏ LAP UŞAQLIQDA YARANAN HƏVƏSİM, ƏTRAFIMDAKI İNSANLARIN MÜNASİBƏTİ OLDU"

"Yaşadığım heç nəyə görə peşman deyiləm" - <b style="color:red">Rəssam Nəvai Mətin ilə müsahibə </b>

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, şair Nəvai Mətinin bu gün 55 yaşı tamam olur. Onu hər zaman sənət üçün, mədəniyyət üçün, ədəbiyyat üçün çalışan görmüşük. Qəlbi sözlə, rənglərin sehriylə cuşa gələn, bütün sənət adamlarının dostu olan rəssam həm də bildiklərini gənc nəslə ötürməklə məşğuldur.

Onun bir neçə il öncə açdığı "Sədət art" studiyası təkcə rəssamlıq həvəskarı gənclərin deyil, az qala bütün ədəbiyyat, incəsənət adamlarının məskənidir. Nəvai müəllim burda qələm əhlində kitab təqdimatları keçirtmək, görüşlər təşkil etmək üçün şərait də yaradıb. Bu da onun sənətə bağlılığının daha bir nümunəsidir.

Nəvai Mətin müasir Azərbaycan rəssamlığında adını eşitdirməyi bacaran, çəkdiyi rəsmlər, portretlər, etüdlərlə diqqət cəlb edən rəssamdır. O,  Türkiyənin İzmir şəhərində yerləşən Beynəlxalq Aktivist  Sənətçilər Birliyinin Azərbaycan  nümayəndəsi,  Rəsm Komitəsinin rəhbəridir.

Nəvai Mətinlə ad günü söhbətimizi təqdim edirik: 

"Bəlkə də bəzən zamanı düzgün dəyərləndirmədik" 

- Nəvai bəy, bu 55 iliniz necə ötüb keçdi: zaman həqiqətən sürətlidir, ya biz - insanlar diqqətsizik?

- 55 ömrün pik nöqtəsidir. Hətta pikdən aşağıya doğru gedən yolun əvvəlidir. Bir vaxt vardı, biz də cavan idik, özümüzdən böyüklərə əlçatmaz zirvə kimi baxırdıq. Və illər keçdi, özümüz gəlib o zirvəyə çatdıq. Bir vaxtlar oğul idim, indi oğlum var. Bir vaxtlar nəvə idim, indi nəvəm var. Və beləcə, ömür su kimi axıb gedir. Mərhum şairimiz Akif Səməd bir şeirində deyir: 

Bir ömür yaşadıq - qalsın ağlara,
Yarısı havalı, yarısı sərxoş.
Dastanlar bağladıq qoca dağlara,
Çiçəyi havalı, arısı sərxoş.

Bəlkə də bəzən zamanı düzgün dəyərləndirmədik. Səhvlər elədik, yanlış qərarlar verdik. Amma eybi yox. Şəxsən, mən elədiyim, yaşadığım heç nəyə görə peşmanlıq keçirmirəm. Çünki bu ömür mənimdir, yaxşısı ilə, pisi ilə mən yaşamışam, ona görə də peşman deyiləm. Peşmanlıq hissi adama əzab verir, yəni bir səhvi eləmişəmsə, bu, artıq əzab deməkdir. Bir də peşmanlıq hissinin əzabına dözmək çətin olar. Nədənsə, insan ömründən söz düşəndə vaxtilə Əbülfəz Elçibəyin çox sevib əzbər dediyi, Nəcib Fazilin "Sakarya" şeirindən bu misralar yadıma düşür:

İnsan bu su misalı,
Qıvrım-qıvrım axar ya...

Çox təəssüflər olsun ki, insan həyatın bir oyuncağıdır, atar-tutar, atar-tutar, bir də baxarsan, atdı, tutmadı (gülür).

- Sizcə, insan həyatda nə qədər sərbəst olmalıdır?

- Bəzən biz sərbəstliyi düzgün qəbul eləmirik, yanlış anlayırıq. İnsan özünün həyatı anladığı qədər sərbəst olmalıdır. İnsanın yazılmış və yazılmamış qanunlara riayət etməsidir, ətrafa nümunə olmaqdır sərbəstlik. Amma çox təəssüflər olsun ki, insan bunu düzgün qəlbul etmir bəzən. Bir də görürsən gənc bir yazar cızığından çıxıb özündən qat-qat böyük adam haqqında fikir söyləyir. Hərəkətinə haqq qazandırmaq üçün də demokratiyanı əlində bayraq edir. Amma demokratiya, əslində, qanunlara tabe olmaqdır. Bir gün şah Abbasa deyirlər ki, bir dərədə canavar quzunu yeyib. Deyir, gedin araşdırın, görün canavar qudurub, ya quzu cızığından çıxıb? Məncə, hər kəs öz yerini bilməlidir. Düzdür, çox halda bilir, amma olduğu yer onu qane eləmir.

"Bir də onda ayıldım ki, sənətin içindəyəm" 

- Rəssamlığı nə vaxt sənətiniz kimi görməyə başladınız?

- Niyyətin hara, mənzilin ora deyiblər. Məni bu sənətə gətirən hələ lap uşaqlıqda yaranan həvəsim, ətrafımdakı insanların münasibəti oldu. Orta məktəbə gedəndə mənə "balaca rəssam" deyərdilər. Bütün siniflərin divar qəzetini mən yazardım. Məktəbdə sərgilərim təşkil olunardı. Beləcə, bir də onda ayıldım ki, sənətin içindəyəm, təvazökarlıqdan uzaq olsa da. Nənəmin yanında böyümüşəm. Nənə yanında böyüyən uşaqlar bir az ərköyün, şıltaq olur. Mən də ərköyün, şıltaq olmuşam. Uşaq vaxtımda rəsmlərimə ən yaxşı sahib çıxan nənəm olub. O, mənim çəkdiyim rəsmləri göz bəbəyi kimi qoruyardı. Kimsə rəsmlərimə toxuna bilməzdi. Nənəm icazə vermirdi. 

- Bütün rəsmlərin bir hekayəsi olmalıdırmı?

- Hər bir yaranmış əsərin, təbii ki, öz tarixçəsi var. Əsər ya sevgidən yaranır, ya da nifrətdən. Yəni rəssam, şair, bəstəkar, ilk növbədə, vətəndaşdır. Vətəndaş olmalıdır. Və bir vətəndaş kimi cəmiyyətdə olan neqativ və ya pozitiv hadisələrə reaksiya verməli, münasibətini bildirməlidir. Elə deyilsə, onda onun yaratdığı nə olmasından asılı olmayaraq, bir heçdir.

- Bir neçə ildir ki, həm də tələbələr yetişdirirsiniz. Rəssam olmaq üçün rəngləri tanımaq şərtdir, həyatı, ya özünü?

- Bəli, "Sədət Art" kursumuz artıq üç ildir ki, fəaliyyətdədir. Uşaqlarla işləmək insana xüsusi zövq verir. Hansısa bir uşaqda özünü görürsən, tərbiyəsində sənin də zərrə qədər də olsa, təsirin varsa, nə xoş, elə deyilmi? Bu tip studiyanı əvvəlcə Türkiyədə qurmuşdum. Amma orda olan çevriliş cəhdinə görə buna imkan qalmadı və Bakıya dönməli oldum. Bura qayıdandan sonra ordakı studiyanı burda qurdum. Məncə, doğru qərar oldu. Bu gün çox sayda tələbələrimiz var. Amma bu, təkcə mənim yox, kursda çalışan digər müəllimlərin də zəhməti hesabına başa gəlir.  

"Hələ ömrün yarısı qalıb"

- Dörd aydır pandemiya şəraitindəyik. Bu yaşananlar sizin işinizə necə təsir göstərdi?

- Doğrudur, pandemiya bütün sahələrə öz zərbəsini vurdu. Hazırda karantin səbəbindən kursumuz fəaliyyətini müvəqqəti dayandırıb, uşaqlar kursa gələ bilmirlər. Bu, çox neqativ haldır. Uşaqların davamlı fəaliyyətinə ziyandır. Amma neyləmək olar, tək biz deyil, bütün dünya bu bəlanın içərisindədir. Əsas olan uşaqların sağlamlığını qorumaqdır. Biz böyüklər də həm özümüzün, həm də uşaqların sağlamlığını qorumalıyıq.

- Rəssamlıq nadir sənətlərdəndir ki, dil problemi yoxdur, bütün dünyada onu anlayanlar tapılır. Elədirmi?

- Bəli, rəssamlıq və musiqi elə sənətdir ki, dünyanın istənilən yerində rahatlıqla anlaşılır, ya sevilir, ya da sevilmir.

- Aşıq Alı demişkən, "50-ni aşırdın, yüzə nə qaldı?" Bu cümlənin kontekstindən azca çıxıb soruşum: Nəvai müəllim, bundan sonrası üçün nələr qalıb?

- Hələ ömrün yarısı qalıb (gülür). Bundan sonra da həyatdan, taledən gələcək nə varsa, başım-gözüm üstünə. Önəmli olan odur ki, gələn hər nə olsa da, onu layiqincə qarşılayıb, yola salmağı bacarasan. Bu yaşıma kimi kimsəyə pislik eləmədim, heç kimsənin quyusunu qazmadım, əksinə, əlimdən gəldiyi qədər hər kəsə yaxşılıq etməyə çalışdım. Elə bundan sonra da bu yolla davam edəcəyəm (gülür).

Şahanə MÜŞFİQ

 





03.07.2020    çap et  çap et