525.Az

"Doğma universitetimizə yenidən geri dönürük" - Sorğu


 

JURNALİSTİKA FAKÜLTƏSİNİN MAGİSTRANTLARI TƏƏSSÜRATLARINI BÖLÜŞÜRLƏR

"Doğma universitetimizə yenidən geri dönürük" - <b style="color:red">Sorğu </b>

Gələcəyini sağlam sütunlar üzərində qurmaq istəyən hər bir gənc düzgün təhsilin necə önəmli olduğunu yaxşı bilir. Yaxşı olanları uzaqda axtarmaq hər zaman üçün vacib deyil. Bəzən onlar lap yaxınımızda olurlar. Elə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsini bitirən gənclərimiz də uğuru çox uzaqda axtarmadılar. Onlar magistratura təhsili almaq üçün yenidən BDU-nun Jurnalistika fakültəsini seçdilər.

Tələbələrimiz bu günlərdə hansı hissləri keçirir? Gələcəkləri haqqında hansı planlar qururlar? Bunu onların özlərindən soruşduq. 

"Ötən dörd ildə yaşadıqlarım məni yenidən buraya gətirdi"

Kənan Novruzov:



- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsinə qəbul olanda heç bu qədər sevinməmişdim. Çünki o vaxt məni nələrin gözlədiyini bilmirdim, bura ilə heç bir tanışlığım yox idi. Mənim üçün Bakı Dövlət Universitetinin digər ali məktəblərdən, Jurnalistika fakültəsinin başqa fakültələrdən o qədər də böyük fərqi də yox idi. Amma indi nə Oksfordu, nə də Harvardı BDU-ya dəyişərəm. Ötən dörd il ərzində Jurnalistika fakültəsində yaşadıqlarım, gördüklərim, tanıdığım insanlar məni yenidən buraya gətirdi. Müəllimlərim, qrup yoldaşlarım yaxşı xatırlayarlar, bir neçə ay əvvəl BDU-ya əlvida məktubu yazıb vidalaşmışdım. Həmin nostalji dolu sətirləri yazanda nə biləydim ki, məni jurnalist edən ailəmə bir daha qovuşacağam? Deyəsən, doğrudan da, Rəşad Məcidin dediyi kimi, dəlicəsinə istəyəndə hər şey mümkün olur.

Beləliklə, daha iki il səninləyəm, BDU! Daha iki il universitetimin giriş qapısından əmin addımlarla içəri daxil olacağam, gülərüz müəllimlərimin maraqlı mühazirələrində iştirak edəcəyəm. 

"Jurnalistika fakültəsi uşaqlıqdan içimdə böyütdüyüm bir eşqdir"

Leyla Rəhimli:



- Jurnalistika fakültəsi mənim uşaqlıqdan içimdə böyütdüyüm bir eşqdir. Həmin eşqlə 2016-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsinə daxil oldum. Ora daxil olmaq mənim üçün xəyal idi, sentyabrın 15-i universitetə ilk dəfə gedəndə elə bilirdim qanad açıb uçacağam. Dörd ildə bu eşqim heç azalmadı, əksinə, daha da artdı. Universitetin sonlarına doğru magistratura haqqında düşünməyə başladım. Fikirləşdim ki, bu sahədə praktiki fəaliyyət öz yerində, ancaq akademik fəaliyyət də lazımdır. Çünki gənc və yararlı kadrlara hər zaman ehtiyac var.

İlk vaxtlar təhsilimi xaricdə davam etdirməyi nəzərdə tuturdum. Daha sonra ani qərar dəyişikliyilə magistratura təhsilimi Vətəndə - doğma Bakı Dövlət Universitetində davam etdirmək qərarı aldım. Builki imtahan prosesi bir az qəliz idi. İkinci turun ləğv olunma məsələsi gündəmə gəldi, daha sonra ləğv olundu. İlk turun test imtahanını verib rahatlaşdıqdan sonra, pandemiya dövrü başlandı. Bu, Jurnalistika fakültəsinə hazırlaşan tələbələri narahat edirdi. Bildiyiniz kimi, bizim fakültəyə qəbul üçün xüsusi qabiliyyət imtahanı keçirilir. Lakin sonra bəlli oldu ki, bu imtahanı onlayn formada təşkil etmək mümkün olacaq. Nəticədə biz - altı nəfər tələbə imtahanda iştirak edib, "məqbul"la qiymətləndirildik. İxtisas seçiminin cavabları elan olduğu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" kafedrasının magistrantı olduğumu öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Çünki könüldən bağlı olduğum doğma universitetimə yenidən geri dönürdüm. Mənim üçün bu uğur açılacaq yeni qapıların ilk pilləsidir. 

"Jurnalistika fakültəsi mənə çox şeylər qazandırdı" 

Elbrus İbrahimov:



- Magistraturaya hazırlaşmaqda əsas məqsədim elmi fəaliyyətimi davam etdirmək idi. Açığı, bu il mənim üçün çox çətin keçdi. Bir yandan universitet, bir yandan hazırlıq, bir yandan iş həyatı, digər yandan da Sumqayıtda yaşamağım mənim üçün müəyyən problemlər yaradırdı. Dərsləri vaxt tapdıqca avtobusda və işdə oxuyurdum. Düşünürdüm ki, nəticələrim zəif olacaq, elə bu cür də oldu. Amma bu il qəbul üçün sənəd verənlərin sayı az olduğundan dövlət sifarişi ilə BDU-nun Jurnalistika fakültəsinin "Radio və televiziya menecmenti" ixtisasına daxil oldum. Əslində, əvvəlcə Azərbaycanla yanaşı, Türkiyədə magistratura təhsili almaq üçün də hazırlaşırdım. Hazırda Türkiyədə təhsil üçün ilkin mərhələdən keçmişəm, əgər dəvət alsam, bu məsələni ailəmlə birlikdə yaxşıca fikirləşəcəyəm. Dəqiq olan bir məqam var ki, mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistraturasını qazanmışam. İndi BDU-nun magistrantı olaraq sevincliyəm, çünki dörd il boyunca təhsil aldığım həmin fakültəyə yenidən qayıtmaq imkanım olacaq. Jurnalistika fakültəsi mənə çox şeylər qazandırdı. Hələ ikinci kursdan fakültəmizin studiyasında TV və radio ilə bağlı praktiki biliklərə yiyələnirdim. Artıq inkişaf etdikcə studiya rəhbəri Ramin Rzayev məni xəbər aparıcısı olaraq təyin etdi. Bir müddət sonra Cəlalə Nəzəroğlunun dəvəti ilə diksiya akademiyasında nitq təlimçisi olaraq işlədim. Nəhayət, Aynur Nəsirova məni ARB TV-də praktikaya cəlb etdi. Universitet başlayanda isə yarımştat olaraq işə başladım. Hazırda ARB TV-də səs redaktoru olaraq çalışıram. Universitetin mənə qazandırdıqlarını saymaqla bitməz. Özümü çox şanslı hiss edirəm. Qismət olsa, yenidən həmin auditoriyalarda müəllimlərimdən mühazirə dinləyəcəyəm. 

"Hədsiz sevincliyəm"

Ruhiyyə Allahverdiyeva:



- Magistraturaya qəbul olduğum üçün hədsiz sevincliyəm. Təhsilimi elə Bakı Dövlət Universitetində davam etdirəcəyəm. Hazırlaşmağa başladığım ilk vaxtlardan məqsədim "Televiziya və radio yayımları menecmenti" ixtisasına qəbul olmaq idi.  Bundan belə öz ixtisasım üzrə peşəkar olmaq üçün çalışacağam. Qeyd etmək istəyirəm ki, bu ərəfədə həm müəllimlərimiz, həm də "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bizdən öz dəstəklərini əsirgəmədilər. Onların hər birinə dərin minnətdarlığımı bildirirəm.

Günel ABBAS

 





03.07.2020    çap et  çap et