525.Az

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq şansı


 

34 GƏNC XARİCDƏ DOKTORANTURA TƏHSİLİ ALACAQ

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq şansı<b style="color:red"></b>

Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir.

Bu məqsədlə 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul edilib.

2019-cu ildə isə Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalar" təsdiq olunub.  Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu  vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirir. 

NAMİZƏDLƏRİN SEÇİMİ 

2019-cu ildən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbuluna start verilib. Sənədlərin qəbulu prosesi 2020-ci ilin yanvar ayının 10-dək davam edib. Öncə namizədlər platforma üzərindən öz ərizələrini təqdim ediblər. Namizədlərin seçim kriteriyalarına uyğun gəlib-gəlmədiyi araşdırılıb və bundan sonra Dövlət Proqramının meyarlara uyğun olan şəxslər müsahibə mərhələsinə buraxılıblar. Xaricdə doktorantura təhsili üçün birinci mərhələdə 67 namizəd sənəd verib və onlardan 45 nəfəri müsahibə mərhələsinə keçib. 8 nəfər müsahibədən mənfi cavab alıb. 2 nəfər isə müsbət cavab alsa da, imtina edib. Yekunda 34 nəfər qəbul olunub və proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb. Ancaq onların da demək olar ki, əksəriyyəti Türkiyəni seçib. 

AZƏRBAYCANIN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN KADR POTENSİALI GÜCLƏNDİRİLƏCƏK

Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"ın həyata keçirilməsində əsas məqsəd elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir: "Qeyd edim ki, "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın ali təhsil sisteminin daha da gücləndirilməsinə yönələn bu proqramın icrası nəticəsində təhsilin doktorantura səviyyəsində xaricdə təhsil və təcrübənin maliyyələşdirilməsi ilk dəfə həyata keçirilir.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Mən əminəm ki, məhz bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək". 

500-ə YAXIN NÜFUZLU UNİVERSİTETİN ADININ YER ALDIĞI SİYAHI 

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyir ki, "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın şərtlərinə əsasən, namizədlər ixtisası üzrə xarici universitetlərə müraciət ünvanlayıb dəvət aldıqdan sonra Təhsil Nazirliyinə sənədlərini təqdim etməlidir. Namizədlərin dəvət aldıqları ali təhsil müəssisəsinin adı isə mütləq şəkildə Təhsil Nazirliyinin 500-ə yaxın nüfuzlu universitetin adının yer aldığı siyahıda olmalıdır. Bu siyahıda yer alan universitetlər iki beynəlxalq "Times Higher Education (THE) World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai)" reytinq siyahısından seçilib: "Qeyd edim ki, Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili alacaq şəxsləri xarici ali təhsil müəssisələrinə təhsil almağa  Təhsil Nazirliyi göndərmir. Nazirlik ali məktəbə qəbul və seçim prosesinə qarışmır. Doktorantlar universitetə qəbul olunduqdan sonra Nazirliyə müraciət edir. Təhsil Nazirliyi də müvafiq qaydalar əsasında onların təhsilinin maliyyələşməsini təmin edir".

Onun sözlərinə görə, Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsilini tamamlayanlara da "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində yenidən təhsil almaq imkanı verilir. Ancaq ikinci dəfə eyni səviyyə üzrə təhsil almaq üçün bəzi şərtlər müəyyən edilib. Belə ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə dövlət sifarişli yerdə təhsil alan şəxslərə dövlət vəsaiti hesabına ikinci şans verilmir. Azərbaycanda ödənişli əsaslarla doktorantura təhsili alan şəxslər isə tədqiqatını tutarlı şəkildə əsaslandırmalıdır ki, eyni səviyyə üzrə bu dəfə xaricdə doktorantura təhsili ala bilsinlər.

Hökumətlərarası təqaüd proqramları üzrə təhsil alanlar isə doktorantura səviyyəsi üzrə təhsilinin 50 faizə qədərini tamamladığı təqdirdə Dövlət Proqramında iştirak etmək hüququ qazanır. Həmin proqramlar üzrə təhsilin digər səviyyələrində təhsilini tamamlayanlar isə istisnasız yeni Dövlət Proqramından yararlana bilər".

PROQRAM ÇƏRÇİVƏSİNDƏ TƏHSİL ALMAĞIN ŞƏRTLƏRİ 

N.Məmmədlinin sözlərinə görə, "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almağın ən vacib şərtlərindən biri isə təhsilalanın ölkəyə döndükdən sonra çalışacağı təhsil müəssisəsi ilə bağlıdır. Belə ki, xaricdə doktorantura təhsili almaq istəyənlər Təhsil Nazirliyinə müraciət edəndə, sadəcə təhsil almaq istədiyi xarici universiteti deyil, həm də təhsilini başa vurduqdan sonra qayıdıb işləyəcəyi ali təhsil müəssisəsinin adını göstərməlidir: "Təhsilalanın Dövlət Proqramından ancaq üçtərəfli - Təhsil Nazirliyi, təhsilalan və onun çalışacağı universitet arasında müqavilə bağlandığı təqdirdə yararlanması mümkündür. Bu  universitetlərdə çalışan, təhsilini davam etdirmək istəyən və bunu maddi çətinlik üzündən reallaşdıra bilməyən gənclərə dəstək məqsədi daşıyır. Çalışacaqları universitetlə müqavilə onların qayıdarkən işlə bağlı hər hansı probleminin olmayacağına əminliyi üçün tələb edilir".

BÜTÜN İSTİQAMƏTLƏR ÜZRƏ TƏHSİL ALMAQ İMKANI 

Şöbə müdiri bildirib ki, Dövlət Proqramı çərçivəsində gənclər demək olar ki, bütün istiqamətlər üzrə təhsil alacaqlar: "Gənclərə təbiət ixtisaslarından riyaziyyat, mexanika, astronomiya, fizika, kimya, biologiya, yer elmləri, coğrafiya ixtisasları üzrə təhsil almaq imkanı yaradılıb. Bu ixtisaslar arasında kənd təsərrüfatı üzrə aqrar elmlər, texniki və texnoloji ixtisaslar üzrə texnika elmləri, iqtisadiyyat üzrə iqtisadiyyat elmləri var. Burada təhsil, səhiyyə və humanitar istiqamətlər üzrə müvafiq ixtisaslarda da tədqiqatçı gənclərin təhsili maliyyələşdirilir. Məsələn, təhsil üzrə pedaqogika, psixologiya, təhsilin idarə edilməsi, səhiyyə və rifah üzrə əczaçılıq, səhiyyənin idarə edilməsi kimi əhəmiyyətli ixtisaslar". 

DOKTORANTURA TƏHSİLİNİN MALİYYƏLƏŞMƏSİ İKİİSTİQAMƏTDƏ HƏYATA KEÇİRİLİR 

"2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın icrasını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirir. Xaricdə doktorantura təhsili üzrə il ərzində 100 tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, xaricdə təhsil alanların maliyyələşdirilməsi qaydası da artıq məlumdur. Qaydalara əsasən, doktorantura təhsilinin maliyyələşməsi məsələsi əsasən iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət, universitetlərə qəbul olan tələbənin təhsil haqqının ödənilməsi, ikinci istiqamət, tələbənin yaşayış üçün xərclərinin ödənilməsi. Bu zaman məsələyə tələbənin oxuduğu yaşayış standartına uyğun baxılır. Əgər tələbə oxuyursa və təhsil xərcləri varsa, təhsil haqqı proqram tərəfindən veriləcək.

Bu il məsələyə pandemiyanın şəraitinə uyğun fərdi şəkildə baxılacaq. Dərslər onlayn qaydada keçirilsə və tələbə həmin şəhərdə olmursa, o zaman yaşayış xərcinin ödənilməsi nəzərdə tutulmur. Tələbələrin maliyyələşməsi sentyabrdan başlayaraq həyata keçiriləcək. 

AZƏRBAYCANLI GƏNCLƏRİN XARİCDƏ TƏHSİLİNİN DÖVLƏT TƏRƏFİNDƏN MALİYYƏLƏŞDİRİLMƏSİ ƏNƏNƏSİ DAVAM ETDİRİLİR 

Əməkdar elm xadimi, təhsil eksperti Şahlar Əsgərov bildirib ki,  sevindirici haldır ki, azərbaycanlı gənclərin xaricdə təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi ənənəsi bugün də davam etdirilir: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası nəticəsində 3558 azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərində ölkə üçün prioritet istiqamətlər üzrə təhsil almaq imkanı qazanıb. Onların demək olar ki, böyük əksəriyyəti təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb və müxtəlif sahələrdə yüksək ixtisaslı kadr kimi fəaliyyətini uğurla davam etdirir.  Mən əminəm ki, "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" da digər Dövlət Proqramı kimi uğurla icra olunacaq. Bu proqramı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə dünya standartlarına uyğun səviyyədə təhsil alması baxımından çox əhəmiyyətli hesab edirəm. Məhz bu Dövlət Proqramı sayəsində Azərbaycan universitetləri xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almış və fəlsəfə doktoru dərəcəsi olan yüksəx ixtisaslı, peşəkar müəllim kadrları qazanmış olacaq".

Sevinc QARAYEVA

 





03.07.2020    çap et  çap et