525.Az

İşıqlı qələm sahibi - Şükür Şükürov


 

İşıqlı qələm sahibi - <b style="color:red">Şükür Şükürov </b>

90 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Zəngilan rayon qəzeti respublika mətbuatının kiçik bir qanadı olsa da, daim vətənsevərlik missiyasını layiqincə yerinə yetirib. Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Üzeyir bəy Hacıbəyov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə ənənələrini və onların işıqlı ideyalarını müxtəlif janrlı qələm nümunələrində yaşadan, fərqli yaradıcılıq  məharətləri ilə milli mətbuatımızın inkişafına layiqli töhfələr verən, "Kənd həyatı" (indiki "Zəngilanın səsi") rayon qəzetinin otuz ilə yaxın bir dövrdə redaktoru olmuş Mürsəl Qocayevi, istedadlı jurnalistlər Nəriman Bəxtiyarovu, Şükür Hüseynovu, Şükür Şükürovu, Əvəz Rzayevi xatırlamaq və keçdikləri şərəfli yaradıcılıq yoluna nəzər salmaq onların nigaran ruhlarına xoş olardı. Həmin nəslin layiqli sələfləri olan Ərşad Əzimzadə, Salam Cavadlı, Şükufə Əliyeva və Lətif Şüküroğlunun da diqqətçəkən səmərəli fəaliyyətləri yüksək qiymətə, ən yüksək fəxri adlara layiqdir.

Qeyd etmək yerinə düşər ki, bu istedadlı qələm sahibləri həmişə gözütoxluq, nəfsi təmizlik və vətənpərvərlik kimi yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilmişlər.

Xoş xatirə olaraq  sonsuz iftixar və qürur hissi ilə qəlbimizdə yaşatdığımız, cəfakeş və işıqlı qələm sahibi olmuş Şükür Şükürovdan söz salmaq istəyirəm. O, 1932-ci il  may ayının 1-də Zəngilanın 25-dən artıq kəndini əhatə edən Bürünlü kəndində müəllim ailəsində doğulub.

Şayıflı kənd 7 illik məktəbini tərifnamə ilə bitirən gənc  Şükürün ali təhsil almaq arzusu onu 1950-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə gətirir. Tələbəlik illərində çəkdiyi ağır zəhmət və yuxusuz gecələr öz layiqli bəhrəsini verir. O, 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra ilk təyinatla Cəbrayıl rayonunda Böyük Mərcanlı kənd orta məktəbində fransız dili müəllimi kimi əmək fəaliyyətinə başlayır. Burada 3 il çalışdıqdan sonra 1959-1963-cü illərdə Zəngilan rayonunda Kilətağ  və Şayıflı kənd orta məktəblərində pedaqoji fəaliyyətini böyük coşqunluqla və sevgi ilə davam etdirir. Bu müddətdə öz biliyi, bacarığı, pedaqoji ustalığı ilə nəinki işlədiyi kollektivlərin, həm də rayonun pedaqoji ictimaiyyətinin dərin rəğbətini qazanır. 1962-ci ilin avqust ayında ailə həyatı qurur və həyat yoldaşının rayon komsomol komitəsinin birinci katibi vəzifəsinə seçilməsi ilə əlaqədar  Zəngilan şəhərinə köçür. 1963-cü ildən "Kənd həyatı" (indiki "Zəngilanın səsi") rayon qəzetinin şöbə müdiri vəzifəsinə irəli çəkilir. 1968-ci ilə qədər bu vəzifədə böyük səylə işləyir.

1968-ci ildən SSRİ Jurnalitlər İttifaqının üzvü olan gənc jurnalist Şükür Şükürovun təsirli yazıları daim oxucuların böyük marağına səbəb olur. O, istedadlı qələm sahibi kimi mətbuatda əsl vətəndaş mövqeyindən çıxış edərək, yaradıcılıq fəaliyyətində obyektivliyi əsas meyar kimi götürür. Aktual mövzulardan bəhs edən yazılarına görə dəfələrlə keçmiş SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin mükafatlarına layiq görülür.

İctimai fəallığına görə hələ 1964-cü ildə partiya sıralarına qəbul edilən Ş.Şükürov 1968-ci ildə Bakı Ali Partiya Məktəbində təhsil almağa göndərilir. 1970-ci ildə ali siyasi təhsilini də fərqlənmə diplomu ilə  başa vurur. Zəngilan rayon partiya komitəsində təlimatçı vəzifəsində işləməyə başlayır və qonşu Qubadlı rayon partiya komitəsinin ikinci katibi vəzifəsinə irəli çəkilməsi planlaşdırılır. Lakin həyat yoldaşının Sovet İttifaqı Kommunist Partiyası yanında Moskva Ali Partiya Məktəbində təhsilini başa vurmasına az bir müddət qalması və Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilməsi nəzərdə tutulduğuna görə həmin vəzifəyə seçilməsi təxirə salınır.

1971-ci ildən 1978-ci ilədək Ağsu rayon partiya komitəsində siyasi-maarif kabinetinin müdiri vəzifəsində çalışır. 1978-ci ilin dekabrından ömrünün sonuna kimi Zəngilan rayon "Kənd həyatı" qəzetində redaktor müavini kimi öz jurnalistlik fəaliyyətini davam etdirir.

İstedadlı jurnalist və vətənpərvər insan olaraq Şükür Şükürov Zəngilanda öz dəst-xətti ilə seçilən, son dərəcə təkrarsız bir şəxsiyyət, dəyərli və unudulmaz bir ziyalı olub. O, həmişə  haqq-ədalətin önündə gedən, cəsarətli, məğrur, ədalətli, sözün qədrini bilən, öz prinsipiallığı ilə seçilən dərin düşüncəli bir jurnalist kimi sevilib. Söz sərrafı kimi onun yazılarında sözün xüsusi çəkisi vardı. Öz ruhu, nəfəsi və bənzərsiz baxışı ilə fərqlənirdi. Müxtəlif janrlı  yazıları, fəlsəfi, psixoloji və pedaqoji mühakimələri oxucuların marağına səbəb olurdu. Müdrik söz dəyərini əməli fəaliyyətində şərəflə doğruldan Şükür Şükürov, sözün əsl mənasında, vətənsevər bir insan idi.

Partiya-sovet orqanlarında rəhbər vəzifələrdə çalışmış həyat yoldaşı Hürü Mehrəlıyeva deyir: "Gözəl bir ata, qayğıkeş valideyn və mehriban ailə başçısı idi. Sözün əsl mənasında yetim-yesir atası olan Şükür müəllim işdə çox tələbkar, həyatda tanıdığı hər kəsin qayğısına qalan, onların çətinliklərini, ehtiyaclarını həll edən bir insan kimi rəğbət qazanmışdı. Əsl vətənpərvər şəxsiyyət olduğunu hər bir əməlində sübut edirdi. Sakit təbiətli, vətəndaş mövqeyini qoruyan, sözünün çəkisini, yerini bilən şəxs idi. Mənəvi saflığı həyatının mənasi hesab edirdi. Yazıları sovet rejimi dövründə qələmə alınsa da, qaldırdığı məsələlər və əhatə etdiyi mövzular bu gün də aktualdır. Bütün bunlarla yanaşı, yaşlı anasını necə coşğun məhəbbətlə sevməsi, onun yolunu həmişə ən yüksək səviyyədə gətirməsi yeni nəsil üçün bir örnəkdir".

Mərd əməlləri və məğrur keyfiyyətləri ilə seçilən Şükür Şükürov haqqında xatirə söyləmək həqiqətən bizə kövrək anlar yaşadır. Onun yoxluğu təkcə ailəsində, dost və tanışları arasında deyil, mətbuatımızda və el-obamızda həmişə hiss olunur. Xüsusilə onun qətiyyətli hərəkətlərinin, təşəbbüskarlığının, dəyərli öyüd və məsləhətlərinin yeri bu gün daha çox görünür.

Yüksək istedad, coşqun ilham sahibi olan Şükür Şükürov jurnalistikanın bütün janrlarında bir-birindən maraqlı, yaddaqalan və düşündürən iqtisadi-siyasi analitik yazıları ilə rayon zəhmətkeşlərini qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsinə ruhlandırırdı. Mənəvi saflığı tam imkan verirdi ki, həmişə cəsarətli, obyektiv və  tənqidi yazıları ilə yerli və respublika mətbuatında çıxış etsin. Dəyərli və təsirli yazıları ilə çoxsaylı oxucuların rəğbətini qazanırdı.

Kiçik qardaşı Fehruz Şükürov onun barəsində yalnız kövrək hisslərlə söz salır: "Biz ailədə üç qardaş idik. Şükür ailənin ilk dəyərli övladı olduğu kimi, bütün qohumların, o cümlədən, el-obamızın da sevimlisinə çevrilmişdi. Atamız dünyadan vaxtsız köçdüyünə görə mənə və qardaşım Tofiqə hərtərəfli atalıq göstərmiş, yaxşı təhsil almağımızı himayə etmiş, vaxtında toy-şənliyimizi qurmuş, həyatda qazandığımız hər bir uğura qəlbən sevinmış və bizimlə fəxr etmişdir. Şükür çox səmimi, mehriban və heç zaman kimsədən köməyini əsirgəməyən bir qardaş və layiqli vətən övladı olub".

Şükür Şükürov cəmiyyətdə mövcud nöqsanlara qarşı həmişə barışmaz mövqedə dayanırdı. Ömrünün sonuna kimi öz məğrurluğunu və mənəvi şuxluğunu qoruyub saxladı. Kimə görəsə ədalətsizliyin və naqisliyin qarşısında əyilmədi və haqlı söz sahibi olduğunu həmişə ensiklopedik biliyi, yüksək natiqlik istedadı və qabiliyyəti ilə heç bir çətinlik çəkmədən sübut etməyi bacardı.

İstər redaktor müavini, istərsə də redaktor vəzifəsini müvəqqəti icra etdiyi müddətdə rayon qəzeti redaksiyasının əməkdaşlarına, habelə onların yaradıcılığına, təklif və iradlarına demokratik tərzdə yanaşır, həmişə mehriban dostluq və sərbəst yaradıcılıq atmosferi yaradırdı. İşdən sonra birgə səmimi söhbət aparmaq və öz düşüncələrini bölüşdürmək onun əsas xarakterik xüsusiyyətlərindən biri hesab edilirdi. Kollektivin,qohum və dostların ad günlərində və toylarında ürəkdən gələn təbrikləri,yaddaqalan rəqsləri ilə hamını ruhlandırır, məclislərin şən keçməsinə mənəvi ruh verirdi. Bütün insanlarla xoş  münasibət yaradırdı. Heç vaxt yersiz hökm etməzdi. Kənardan ciddi görünsə də, olduqcasəmimi duyğuları ilə zövq oxşayır, müdrik söhbətcilliyi ilə böyük maraq doğurur və yerli-yerində apardığı zarafatı ilə hamını məmnun edirdi.

İstedadlı jurnalist kəsərli qələmi ilə el-obasının həyat dolanbaclarında çıraq yandırır, böyük ustalıqla hər kəsin qəlbinə yol tapmağı bacarırdı. Dəyərli və geniş oxucu kütləsinin dərin hörmətini,  tükənməz məhəbbətini və rəğbətini qazanırdı.

Uzun illər "Kənd həyatı" rayon qəzetində Şükür Şükürovla birlikdə işləyən və daim onunla səmimi ünsiyyət saxlayan Salam Cavadlının dediklərindən: "Şükür müəllimin öz könül dünyası, fərqli maraqları vardı. Onda varlığında nəcibliyə, xeyirxahlığa yad nəsə tapa bilməzdin. Yalnız davamlı və sıx ünsiyyət saxlamaqla o gözəl dünyanı"görmək", anlamaq mümkün olurdu. Sözü çox xırdalamazdı. Heç vaxt qeybət etməzdi. Kiminsə onun haqqında xoş olmayan sözlər danışdığını eşidəndə, gülumsəyər və  "eybi yoxdur, qoy danışsın, təkicanı sağ olsun", deyərdi. Təkcə üstün savadı ilə deyil, həm də yazı qabiliyyəti ilə seçilirdi. Məhsuldar qələm sahibi kimi yorulmağın nə olduğunu bilməzdi. Di gəl ki, söz düşəndə  "siz qəzetçisiniz, mən isə elə-belə bacardığımı edirəm", söyləyərdi. Bütövlükdə isə son dərəcə açıq ürəkli, səmimi, təmənnasız və azad düşüncəli, demokratik bir ziyalı idi. Çox heyf ki, az ömür sürdü".

1984-cü il yanvar ayının 19-da amansız ölüm bu işıqlı insanı aramızdan vaxtsız və çox tez apardı. Həm ailə üzvlərini, həm qohumlarını, həm də bütün zəngilanlıları kədərə qərq etdi. Lakin nurlu siması, əzəmətli şux yerişi, məğrur baxışı, əqidə dönməzliyi, öz peşəsinə tükənməz sevgisi və sadiqliyi onu tanıyanların qəlbində əbədi yaşayacaq. Şükür Şükürovun vətənsevərliyinə çox yaxından bələd olduğuma görə tam səmimiyyətlə bildirirəm ki, bu gun Zəngilanın işğal dərdinə görə onun ruhu olduqca nigarandır. Şübhə etmirəm ki, sonsuz məhəbbətlə sevdiyi doğma və müqəddəs yurd yerlərimiz qəhrəman övladlarımızın mərdliyi və igidliyi nəticəsində mənfur düşmənlərin tapdağından azad ediləcək, bütün ata-babalarımızın, dünyadan köçmüş zəngilanlıların ruhları şadlığa qovuşacaq.

Bayram MƏMMƏDOV
Əməkdar müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





03.07.2020    çap et  çap et