525.Az

Ağcabədidə pandemiya ilə mübarizə tədbirləri gücləndirildi


 

Ağcabədidə pandemiya ilə mübarizə tədbirləri gücləndirildi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Ağcabədidə pandemiyaya qarşı mübarizə tədbirləri gücləndirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, şəhər, qəsəbə və kənd bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəallarının, ümumtəhsil məktəblərinin direktorlarının, körpələr evi-uşaq bağçalarının müdirlərinin, tibb işçilərinin və ictimaiyyətin fəal nümayəndələrinin iştirakı ilə geniştərkibli videokonfrans keçirilib. Videomüşavirədə pandemiya ilə bağlı müzakirələr aparılıb, mövcud vəziyyət təhlil edilərək aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat verərək həyata keçirilən tədbirlərin fonunda Ağcabədi rayonunda bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb. Baş Nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən videokonfrans, konfransda verilən tapşırıq və tövsiyələr barədə iştirakçıları məlumatlandırıb.

Videomüşavirədə çıxış edən rayon prokuroru Salman Səmədov Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini, bununla da karantin rejiminin tələblərini pozanlara qarşı cərimələrin artırıldığını və cəza tədbirlərinin sərtləşdirildiyini müşavirə iştirakçılarının nəzərinə çatdırıb. O, hər kəsi pandemiya ilə mübarizə tədbirlərində məsuliyyətli olmağa çağırıb.

Videomüşavirədə pandemiya ilə mübarizə çərçivəsində yaradılmış mobil qrupların tərkibinə Rayon İcra Hakimiyyəti başçısı aparatının, yerli inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə işçiləri, YAP rayon təşkilatının fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri və könüllüləri də daxil etməklə qrupların sayının 148-ə çatdırılması qərara alınıb. Həmin mobil qrupların şəhər, qəsəbə və kənd ərazilərində fəaliyyət göstərən ictimai iaşə, ticarət və xidmət obyektlərində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına, bankomatlar, ödəniş terminalları, poçt və bank şöbələrinin qarşısında növbəliliyə, sosial məsafənin qorunmasına, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsinə nəzarət funksiyalarını həyata keçirməklə əhali arasında təbliğat və təşviqat işləri aparmaları tapşırılıb.

 





03.07.2020    çap et  çap et