525.Az

Türkiyə ilə Azərbaycanın ortaq hüznü - İrfan Çiftçi itkisi


 

İYULUN 3-də 55 YAŞINDA VƏFAT EDƏN GÖRKƏMLİ ZİYALI, İCTİMAİ XADİM, ALİM VƏ ŞAİR İRFAN ÇİFTÇİ HƏR ZAMAN SONSUZ SEVGİ VƏ EHTİRAMLA XATIRLANACAQ

Türkiyə ilə Azərbaycanın ortaq hüznü - <b style="color:red">İrfan Çiftçi itkisi</b>

COVİD-19 pandemiyasının dünyada hər kəsi qorxu, təlaş, qeyri-müəyyənlik içərisində saxladığı zamanda bir də yaxın dostların, cəmiyyət üçün gərəkli, dəyərli insanların itkisi son dərəcə ağır olur.

İyulun 3-ü səhərini də, təəssüf ki, çox ağır xəbərlə açdıq. Azərbaycanın ən yaxın dostlarından, Türkiyə Səfirliyinin mədəniyyət və tanıtma üzrə müşaviri olmuş şair, yazar, alim İrfan Çiftçi, ürək tutmasından, 55 Yaşında dünyasını dəyişdi.

Bu, təkcə Türkiyənin deyil, eləcə də Azərbaycanın, Türk dünyası mədəniyyətinin itkisidir. Çünki İrfan Çiftçi 30 ildən artıqdır ki, Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında həm fərdi şəkildə, həm də rəsmi-ictimai səviyyədə mühüm rol oynayıb, ölkələrarası inteqrasiyanın, qardaşlığın möhkəmləndirilməsinə çalışıb. Onun bu istiqamətdəki işləri təkcə müstəqillik dövrünü deyil, Azərbaycanın müstəqilliyindən öncəki zamanıda əhatə edir. Sanki o, gələcəyi görürmüş kimi, ta o vaxtdan bu yöndə mühüm fəaliyyət sərgiləyib, tərcümələri, yazıları, keçirdiyi tədbirləri ilə önəmli işlərə imza atıb. Hələ 1994-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsində işləyərkən Azərbaycanla bağlı mədəni tədbirlərin keçirilməsində, yubileylərin, müxtəlif mərasimlərin təşkilində hər zaman öndə olub.

Son illərdə onun ölkəmizlə bağlılığı daha da güclənmişdi. Çünki Azərbaycanda Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri vəzifəsində çalışırdı. Bu dövrdəki fəaliyyətinin bilavasitə şahidi kimi, onun hər zaman Türkiyə və Azərbaycanı eyni səviyyədə düşündüyünü, hər iki ölkənin mədəniyyəti üçün durmadan çalışdığını, ədəbiyyat və incəsənət aləmində sayılan, seçilən bir şəxsiyyət olduğunu görmüş, bir jurnalist və yazar kimi təşkil etdiyi bir çox tədbirlərdə yer almışam. O, vəzifə etibarilə Türkiyəni burda tanıtmalı olsa da, onun fəaliyyətinin qayəsində iki ölkəni bir-birinə ən yaxşı şəkildə tanıtmaq vardı. Onun burada keçirdiyi kitab sərgiləri, ədəbiyyat, kino, kulinariya festivalları və digər mühüm tədbirlər iki ölkənin sənət adamlarının qaynayıb-qarışmasına çox kömək etmişdi.

İrfan Çiftçi həm intellektinə, həm milli mövqeyinə görə, həm də dünyada gedən proseslərə ətraflı bələd olan insan kimi çox ciddi, səmərəli fəaliyyət göstərirdi. Çünki o, mədəniyyətin, ədəbiyyatın təkcə Türkiyə və Azərbaycanda deyil, bütün dünyada oynadığı ciddi rolu dərindən anlayır və bu yöndə əməli fəaliyyətini əzmlə davam etdirirdi. 

Nə qədər hüznlü də olsa, məhz bütün bu dəyərli işlərinin, yorulmaz fəaliyyətinin, fədakarlığının nəticəsidir ki, bu gün İrfan Çiftçinin ölüm xəbəri Türkiyə ilə bərabər, Azərbaycan ictimaiyyətini də dərindən sarsıtdı. Tanınmış simalar - qələm sahibləri, ziyalılar, sənətkarlar sosial şəbəkələrdə, mətbuatda İrfan Çiftçini minnətdarlıqla yad edir, vəfatına ürəkdən üzülürlər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da bu xəbəri alanda çox kədərləndiyini deyərək, İrfan Çiftçini Azərbaycanı ürəkdən sevən ziyalı kimi yad etdi: "İrfan Çiftçinin Azərbaycan-Türkiyə mədəni-ədəbi əlaqələrinin inkişafında çox mühüm rolu vardı. Onu hələ vaxtilə İstanbul Bələdiyyəsi Mədəniyyət İdarəsində işlədiyi zamandan tanıyırdım. Mərhum sənətkarımız Tofiq İsmayılovla birgə, iki ölkə arasındakı əlaqələrin inkişafında çox işlər görmüşdülər. O, çox dərin ədəbiyyat bilicisi idi. Azərbaycan ədəbiyyatını yaxşı bilir və çox sevirdi. Azərbaycanlı ədəbiyyatçıların arasında çox yaxın dostları vardı. Bu itkiyə çox üzüldüm. Allah rəhmət eləsin!"

AYB-nin katibi, şair, publisist Rəşad Məcid İrfan Çiftçinin simasında ilk növbədə 30 illik əziz dostunu itirib. Odur ki, belə bir dost haqqında artıq keçmiş zamanda danışmaq onun üçün son dərəcə ağırdır: "Təxminən 30 il əvvəl Bakıdan İstanbula birbaşa təyyarə reysləri yeni açılırdı. Oraya səfərlərimizin birində fəal, ziyalı bir gənclə - İstanbul Universitetində çalışan İrfan Çiftçi ilə tanış olduq, dostlaşdıq. O, Azərbaycandan gələn bütün ədəbiyyat adamlarını axtarıb-arayırdı. İrfanın müxtəlif zamanlarda Aşıq Ədalət, Vaqif Səmədoğlu ilə necə tanış olmağı, görüşləri bir əfsanə kimi danışılır. İrfan Çiftçi Azərbaycanı çox yaxşı tanıyır və sevirdi. Hətta təkcə Azərbaycanı deyil, bütün Türk dünyasını bu cür sevirdi. Sonralar o, İstanbul Böyükşəhər bələdiyyəsinin mədəniyyət idarəsində işləyərkən rəhmətlik kinorejissor Tofiq İsmayılovla birgə Azərbaycan mədəniyyət, ədəbiyyat xadimlərinin Türkiyəyə səfərlərini təşkil edirdilər. Onların təşkilatçılığı ilə çox maraqlı, əhəmiyyətli və yaddaqalan tədbirlər keçirilirdi. O vaxtdan hər dəfə Türkiyəyə gedəndə İrfanla görüşürdüm, o da Bakıya tez-tez gəlirdi. Buraya səfərlərində də ancaq ədəbiyyat adamları, ziyalılarla görüşlər arzulayır, tanımadıqları ilə tanış olmaq istəyirdi. Anar müəllimlə, Ramiz Rövşənlə yaxın dost idi. Mən də Türkiyəyə gedəndə öz yazıçı, jurnalist doslarımı onunla tanış edirdim. İstəyirdim, onlar da Türk ədəbiyyatına, mədəniyyətinə dərindən bələd olan, Azərbaycanı çox sevən bu insanı tanısınlar. Dəfələrlə onunla birgə İstanbulda Çorlu Mədrəsəsində çay içmişik, indi əfsanəyə çevrilən uzun-uzun söhbətlərimiz olub.

Sonra mən onun haqqında "Səfərin təzəsi, dostun köhnəsi" adlı yazı yazdım. Həmin yazı bu iki ölkənin dostluğuna hörmət və ehtiram nümunəsi kimi həm Azərbaycanda, həm də Türkiyədə çap olundu. Bu son illərdə də İrfan mənim haqqımda geniş bir esse yazdı. O yazı həm Bakıdakı kitabımda çıxdı, həm də Türkiyədəki kitabımın ön sözü kimi çap olundu.

İrfanın həyatının son illəri Azərbaycanda, Türkiyə Səfirliyinin Mədəniyyət müşaviri vəzifəsində keçdi. O, bu vəzifədə çox fəal çalışdı, yorulmadan işlədi. Azərbaycan ədəbi-mədəni mühiti, ictimai sektoru ilə sıx təmaslar qurdu, xüsusən gənc yazarlarla, sənətçilərlə birgə çoxşaxəli fəaliyyəti oldu və yaddaqalan, çox önəmli işlər gördü.

İrfanın ölüm xəbərini səhər saatlarında Türkiyə Səfirliyinin mətbuat müşaviri Hüseyn Altunalandan eşitdim. Çox pis oldum, sarsıldım. İrfanla ötən həftənin şənbə günü, yəni ölümündən cəmi bir neçə gün qabaq yazışmışdıq. Ovqatı yaxşı idi, mənə zəng vuracağını dedi. Dünən, yəni iyulun 2-də baxdım, Vatsapda axırıncı dəfə axşam saat 8-9-da görünüb. Gecə isə qəfildən ürək tutması keçirib və dünyasını dəyişib. Bu xəbərdən sonra cənab səfir Erkan Özoral da mənə zəng etdi. Bizim dostluğumuzu cənab səfir də bilirdi. Mənə başsağlığı verdi, birlikdə dərdimizi, itkimizin ağrısını bölüşdük...

Bir neçə ay əvvəl İrfanın dostu Şenol Demiröz vəfat etdi. O zaman İrfan mənə bir şəkil tapıb göndərmişdi. Uzun illər əvvəl çəkilmiş həmin şəkildə İrfan, Şenol Demiröz, Ramiz Rövşən və mən birlikdəyik. Bir neçə ay qabaq o şəkli paylaşıb Şenol bəyə vida sözü yazdıq. İndi də İrfan özü qəfil bizi tərk etdi. Və mən o şəkli bu dəfə İrfana vida rəmzi kimi paylaşdım. Ruhu şad olsun əziz dostumun! Onu unutmayacağıq!"

Şair Qismət Rüstəmov İrfan Çiftçiylə tanışlığını belə xatırlayır: "Rəşad Məcid məni İrfan Çiftçi ilə tanış edəndə 23 yaşım vardı. Həmin gün Filarmoniyadakı poeziya festivalından sonra İrfan bəylə Bakı bulvarında uzun-uzadı türk ədəbiyyatından danışmışdıq, ürəyimiz soyumamışdı, evə çatan kimi, yarım qalan söhbətimizi yazışaraq davam etdirmişdik. Gerçəkləşməsini istədiyim iki arzudan bəhs etmişdim: Bakıda böyük kitabxanası, tədbir zalları, sənət emalatxanaları olan Türkiyə Mədəniyyət Mərkəzinin yaradılması və İstanbul Kitab Yarmarkasında Azərbaycanın fəxri qonaq olması. Həmin gecəki söhbətimizdə İrfan bəy son cümləsi təxminən belə olmuşdu: Bax, indi məni kövrəltdin, bunlar mənim 20 illik arzularımdır... Məkanı cənnət olsun!"

AMEA-nın Ədəbiyyat institutunun aparıcı elmi işçisi, dosent Pərvanə Məmmədli İ.Çiftçini belə xatırlayır: "Azərbaycanda çalışdığı illərdə ölkəmizin mədəni irsini və həyatını yaxından bilən, yeri gələndə ümumi işin xeyrinə cəsarətli tənqidi fikir söyləməkdən çəkinməyən bir aydını hər iki qardaş ölkə itirdi. Çox üzücü xəbər oldu".

Teleaparıcı Nailə İslamzadənin də yaddaşına İrfan Çiftçini səmimi, nəcib bir insan, Azərbaycan mediasının fəal dostu kimi həkk olunub.

Tədqiqatçı alim, yazıçı Gülhüseyn Kazımov İrfan bəylə cəmi 10 gün öncə danışdığını deyir: "İnanmağım gəlmədi. 10 gün əvvəl Vatsapla danışdıq. Dedim, Məşədi Məmməd Fərzəliyevin irsinin tapılması ilə əlaqədar etdiyin köməklik barədə "Bizi birləşdirən mədəniyyət" verilişində danışmışam. Verilişi göndərdim, baxdı. Allah rəhmət eləsin o gözəl insana".

İnanıram ki, adları və xatirələri, fikirləri burada yer almayan yüzlərlə insan var ki, İrfan Çiftçi onların da qəlbində, hafizəsində silinməz izlər qoyub və onu hər zaman işıqlı düşüncələrlə yad edəcəklər.

Mən onu həm də qiymətli böyük dostum, doğmam kimi xatırlayıram. Gülər üzü, xoş söhbətləri, insanı hər zaman gözəl gələcəyə inandıran, nikbin ovqata kökləyən sözləri yaddaşımda ömürlük yaşayacaq. Əlbəttə, biz daha onun həmişə harasa tələsən, hansısa işləri yoluna qoymaq üçün çırpınan, yeni-yeni ideyalar irəli sürən, bəzən hansısa mövzuyla bağlı dərin düşüncələrə dalmış hallarını görməyəcək, tədbirlərdə məzmunlu, əhatəli nitqini eşitməyəcək, keçirdiyi mərasimlərdə iştirak etməyəcəyik. Amma bu saydıqlarımı və bundan daha artığını dəfələrlə həyata keçirdiyi üçün İrfan bəyə hər zaman minnətdar qalacağıq.

Gözəl qəlbli əziz dostumuza, Azərbaycan və türk sevdalısı böyük ziyalımıza Allahdan rəhmət diləyir, ailəsinə, hər iki ölkədə, eləcə də bütün Türk dünyasındakı çoxsaylı sevənlərinə dərin hüznlə başsağlığı veririk!

Qeyd edək ki, Türkiyə və Azərbaycan mədəni-ictimai mühitinin əvəzsiz itkisi olan, iki ölkənin qardaşlıq əlaqələri üçün mühüm işlər görmüş İrfan Çiftçi ilə bu bazar günü - iyulun 5-də saat 12-də İstanbul Universitetində vida mərasimi keçiriləcək. Dəfn üçün isə cənazəsi həmin gün İstanbuldakı Fateh Məscidindən götürüləcək.

Allah rəhmət eləsin!

Şahanə MÜŞFİQ

 





04.07.2020    çap et  çap et