525.Az

Fərid Şəfiyevin "Eurasia Review" portalında məqaləsi dərc olunub


 

Fərid Şəfiyevin "Eurasia Review" portalında məqaləsi dərc olunub<b style="color:red"></b>

"Eurasia Review" portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin "BMT Baş Assambleyasının tezliklə keçiriləcək xüsusi sessiyası" adlı məqaləsi dərc olunub.

Mərkəzdən verilən məlumata görə, məqalə dünyanın üzləşdiyi COVİD-19 böhranı fonunda Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə həsr olunub.

Müəllif yazıda COVİD-19 pandemiyasının dünyada bir sıra fikir müxtəlifliklərini ortaya çıxardığını yazır və qeyd edir ki, BMT məhz İkinci Dünya müharibəsi zamanı bu fərqlilikləri aradan qaldırmaq üçün yaradılmışdı. Zamanla müəyyən münaqişələrin öhdəsindən gələ bilməsə də, BMT Soyuq Müharibə zamanı öz effektivliyini ortaya qoydu. Müəllif qeyd edir ki, hazırda İkinci Dünya müharibəsindən sonra ən böyük böhran olan COVİD-19-la mübarizə məqsədi ilə beynəlxalq ictimaiyyət hələ də adekvat cavab verməyib. Həmçinin, regional təşkilatlar səviyyəsində bir sıra cəhdlər edilib və müəllif bu kontekstdə Azərbaycanın sədrlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatının aprel və may aylarında keçirilmiş virtual sammitlərini xatırladır.

Fərid Şəfiyev qeyd edib ki, məhz Qoşulma Hərəkatı sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev payızda BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürüb: "Tarixdə bir çox beynəlxalq layihələr hər hansı ölkə və ya fəallar tərəfindən irəli sürülür. Məsələn, Millətlər Liqasının yaradılması ideyası ABŞ Prezidenti Vudro Vilson tərəfindən irəli sürülmüşdü. 20-ci əsrin əvvəllərində tərkisilah haqqında Haaqa Konvensiyasının təşəbbüskarları Rusiya çarı II Nikolay və xarici işlər naziri Mixayıl Muravyov olub. Ümid edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü gələcəkdə də inkişaf etdiriləcək və beynəlxalq ictimaiyyət İkinci Dünya müharibəsindən bu yana üzləşdiyimiz ən böyük böhranın öhdəsindən gəlmək üçün ümumi yanaşma nümayiş etdirməyə nail olacaq".

S.QARAYEVA

 





04.07.2020    çap et  çap et