525.Az

BDU-da magistrlik dissertasiya işlərinin onlayn müdafiəsinə başlanılıb


 

BDU-da magistrlik dissertasiya işlərinin onlayn müdafiəsinə başlanılıb<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) magistrlik dissertasiya işlərinin onlayn müdafiəsinə start verilib.

BDU-nun mətbuat xidmətindən verilən xəbərə görə, Coğrafiya, Jurnalistika, Fizika və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrində magistr tələbələrin dissertasiya işlərinin müdafiəsi keçirilib. Mövcud pandemiya və karantin rejiminin tələbləri nəzərə alınaraq magistrantlar hazırladıqları dissertasiya işlərini onlayn formada müdafiə ediblər. 4 fakültə üzrə 37 ixtisaslaşmada 137 magistrlik işi müdafiə olunub.

Müdafiə BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova, fakültə dekanları, dekan müavinləri və kafedra müdirləri tərəfindən izlənilib. İxtisaslaşdırılmış şuraların sədrlərinin rəhbərliyi ilə keçirilən müdafiə prosesində magistrantlar dissertasiya işlərini yüksək səviyyədə təqdim ediblər.

Təqdim olunan dissertasiya işləri haqqında müzakirələr aparılıb, şura üzvləri sual, təklif və tövsiyələrini səsləndiriblər. Sonra səsvermə yolu ilə təqdim olunan işlər müsbət qiymətləndirilib.

Qeyd edilib ki, magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında həyata keçirilir. Bu və ya digər səbəbdən onlayn müdafiədə iştirak edə bilməyən magistrantlar üçün dissertasiyaların müdafiəsi Təhsil Nazirliyi tərəfindən hazırlanmış "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər"ə riayət olunmaqla ixtisaslaşdırılmış şuralarda ənənəvi formada təşkil edilib. Müdafiə prosesi ilə bağlı qaydalar BDU-nun Elmi Şurası tərəfindən təsdiqlənib və bütün proses həmin qaydalara uyğun olaraq aparılır.

Bütövlükdə magistratura səviyyəsində 768 magistrantın onlayn dissertasiya işinin müdafiəsi nəzərdə tutulur. Dissertasiya işlərinin müdafiəsi iyulun 10-dək davam edəcək.

Sevinc QARAYEVA

 





04.07.2020    çap et  çap et