525.Az

Tolstoy polisə qarşı - Sahilədən yeni esse


 

Tolstoy polisə qarşı - <b style="color:red">Sahilədən yeni esse </b>

Amerikalılar son həftələr ölkələrində polisə qarşı davam edən etirazları Tolstoyla bağlayırlar. "Nyu-York Tayms" qəzetinin müəllifi "Tolstoy polisə qarşı" yazısında maraqlı məqamlara toxunur. Yazı ilə qarşılaşandan sonra sosial-iqtisadi fərqlərə baxmayaraq, insanların harda yaşamaqlarından asılı olmayaraq, bəzi situasiyalarda hadisələrə eyni reaksiyalar verdiyini anladım. Təməl hissləri fərqlənsə də, tamamilə dəyişmir, itmir.

Sən demə, amerikalılar da karantinin ilk günlərindən çörək bişirməyə girişiblər. Bu həftələrdə sadə çizkeyk resepti və yemək bloqerlərinin səhifələri "Youtube" və "Google"da ən çox axtarılan ünvanlar olub. Amerikalıların da öz Ramin Bayramlısı var. Onun power-point təqdimatları da Tolstoyun "Hərb və sülh" əsəri və "I can't breathe" - "Nəfəs ala bilmirəm" hərəkatı kimi amerikalıların məşhur karantin məşğuliyyətlərindən hesab olunur. 

Evlərin, ölkələrin qapısı bağlanan ilk günlərdə bir bloqer "nəhayət, "Hərb və sülh"ü oxumağa vaxtımız var", deyərək "Tolstoytogether" - "Tolstoybirlikdə" haştaqını yaratdı. Onminlərlə amerikalı bu çağırışa qoşuldu. Hər gün 30 dəqiqə hərbdən və sülhdən oxumağa başlayan insanlar hakimiyyət oyunlarının mahiyyətini, müharibə və sülh yaratmaqla insanlardan alət kimi istifadə olunduğunu bir daha anladılar.

"Nyu-York Tayms"ın müəllifi "Hərb və sülh"ü kifayət qədər radikal saymadığını, Tolstoyun ömrünün son illərində yazdığı əsərlərini oxumağa başlayaraq daha çox təsirləndiyini qeyd edir. Müəllif "Baldan sonra" hekayəsini elitanın riyakar üzünü çılpaqlığı ilə ortaya qoyan mənbə kimi qiymətləndirir. Hekayədə cavan bir məmur balda bir qızı bəyənir. Elə həmin yığıncaqda qızın atası ilə də tanış olmaq imkanı qazanır və adamın alicənablığından riqqətə gəlir. Az qala, ataya qızından çox heyran olan oğlan həyəcandan yata bilmir, hava almaq üçün çölə çıxır və ayaqları onu yeni tanış olduğu möhtəşəm insanların evinə tərəf aparır. Oğlan bir evin qarşısında gördüklərindən sarsılır. İki cərgə əlisilahlı əsgər bir evin qarşısını kəsib. Polis tərəfindən saxlanan, qanına bələnmiş gənc tatar yerdə uzanıb, yaşanan insan faciəsi fonunda adamın zəhləsini tökən təbilçilər kənarda hərbi musiqi çalırlar. Yerdə uzanan tatara işgəncə verən adam üzünü çevirib, oğlana baxır - bu, bayaq balda tanış olduğu qızın atasıdır. Tatar üzünü ona tutub "Qardaşlar, rəhm edin" deyərək mərhəmət diləyir.

Yəqin biliriniz, ömrünün son otuz ili Tolstoyun mənəvi çevriliş yaşadığı dövr sayılır. Gənc yaşlarında iştirak etdiyi müharibələr, əsərlərindəki siyasi analizlər onda hakimiyyətlərin birbaşa icazəsi ilə törədilən zorakılıqlara qarşı ikrah hissi yaradır. Nəticədə, yazıçı mövcud siyasi rejimə etiraz edərək anarxizmi seçir. Mən başqa cür bilirdim, amma sən demə, İsveç Akademiyasının Tolstoyu ilk nobelçi kimi seçməməsinin səbəbi əslində, elə bu imiş.

Yazıçının ömrünün son illərində yazdığı və Rusiyada çap olunmayan əsərləri - əsasən pasifizm fəlsəfəsi ilə bağlı esseləri xarici ölkələrdə çox oxunurdu və Rusiya qədər olmasa da, müəyyən qədər başqa dövlətləri də narahat edirdi. İsveç Akademiyasının katibi deyirdi ki, Tolstoy mütləq pasifizmə çağırış edərək, müdafiə olunan adamların və millətlərin mübarizə haqqlarını əllərindən alır və bununla ya yalan danışır, ya da pasifizmin mahiyyətini anlamır. Yazıçı hökumətlərin polisin əli ilə törətdiklərinə qarşı o qədər qəzəbli idi ki, islahat belə tələb etmirdi, bütöv sistemin ləğvini istəyirdi. Tolstoy demirdi ki, mübarizə aparmayın. Əksinə, onun mövcud duruma üz çevirib, təbiətə - ibtidai həyata geri dönüşü üsyan idi və anarxizm sayılırdı. Tolstoy öz gedişi ilə uca səslə deyirdi ki, bu sistem, bu dünya doğru deyil, belə olmamalıdır. Və sual edirdi: "Zorakılığın olduğu, hətta onun dövlət tərəfindən sifariş edildiyi yerdə yaşamaq mümkündürmü?"

Məqalə müəllifinə görə, Amerikada polis məntəqələrinin dağıdılması, əslində, sülhə, sevgiyə çağırışdır, xəbərdarlıqdır: Bizi silahla, zorakılıqla ram etməyə çalışmayın, birlik, bərabərlik, demokratiya kimi fundamental dəyərlərə tüpürüb, zorakılığı yaymayın, yoxsa əks halda, mövcud polisi maliyyələşdirməkdən imtina edib, başqa sistem yaradarıq.

Məqaləni oxuyarkən ölkəmizlə paralellər aparmamaq mümkünsüzdür. Tolstoyun polissizlik sistemi nəzarətsizlik, cəzasızlıq kimi anlaşılmasın. Mən şəxsən belə anlamadım. Belə başa düşdüm ki, Tolstoyun və Amerikada ayaq tutub günlərdir dünyanı gəzən etirazların tələbi sülhdür, sevgidir. İnsanlar deyir ki, polis bizimlə ünsiyyət qura, danışa, bizə izah edə, bizi cərimələyə, bir sözlə, çətinlikləri başqa yolla həll edə bilər. Biz həmişə təhlükəli deyilik, biz düşmən deyilik. Polis təhlükəli olduğumuza əmin deyilsə, bizi öldürməsin, bizə işgəncə verməsin, bizim hüququmuzu pozmasın. Yürüşçü deyir ki, əziz hökumət, mən hansısa səbəbdən qanunu pozmuşamsa, daha səbirli, daha adil, daha vicdanlı ol, dərhal mənimlə qatil kimi davranma, qarışqa boyda əməlimdən fil düzəldib məni cani kimi təqdim etmə, məni xəstəlikdən, işsizlikdən, şəxsi, ictimai qayğılardan bezmiş durumda divara dirəyib əlacsız qoyma. Səsimi eşit. Eşit ki, başqa cür eşidilmirəm deyə, çarəsizlikdən əlimin altındakı zibili aşağı tullamayım. İmkan ver səninlə başqa cür ünsiyyət qurum, sənə güvənə bilim. Mahnı oxumaqdansa, polisinin etika və davranış kodeksini oxu. Bahalı texnika, silah-sursat sifariş verincə, insanlarla ünsiyyəti öyrədən təlimlər keç. Onda videoqrafa, PR komandaya, sosial şəbəkə reklamına ehtiyac qalmayacaq. Onda polisin mərhəmətini, şücaətini, mədəniyyətini, ədalətini əks etdirən videoları biz özümüz də çəkib paylaşarıq.

 





04.07.2020    çap et  çap et