525.Az

Baş epidemioloqun dediklərini qəribliyə salmayaq... - Şahanə Müşfiqin yazısı


 

Baş epidemioloqun dediklərini qəribliyə salmayaq... - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Son iki gündə Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor, respublikanın baş epidemioloqu İbadulla Ağayevin COVİD-19-la mübarizədə ölkənin son durumuyla bağlı mətbuata verdiyi açıqlama gündəmin əsas mövzularından birinə çevirlib.

Ölkənin pandemiya ilə mübarizə apardığı, karantin qaydalarının hər keçən gün sərtləşdiyi, hər gün virusa yoluxanların və ölənlərin sayının artdığı bir zamanda baş epidemioloqun səssizliyi, jurnalistlərin suallarını cavabsız qoyması ictimaiyyətdə onsuz da narazılıq yaratmışdı. Bu narazılığı tragikomediya halına gətirib çıxaran isə onun verdiyi açıqlama oldu. 

İki gün öncə Unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb. İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib: "Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin".

Belə bir zamanda vəziyyətə birbaşa cavabdeh olan şəxsin rayona getməsi və hər şeydən xəbərsiz qalması, maraqlanmaması, hələ bunu jurnalistə də açıq-aydın deməsi etirazla qarşılandı.

Düzünü desəm, pandemiya yayılandan və dörd-beş aydır, mətbuatın, sosial şəbəkələrin, məişətimizin əsas mövzusuna çevriləndən bacardığım qədər başqa işlərlə başımı qatmağa, xəbərlərə aludə olmamağa çalışıram. Çünki görürəm ki, ard-arda gələn, hazırda həyatımızın, az qala, böyük bir hissəsinə çevrilən bəd xəbərlər insanda ruh düşkünlüyü, bədbinlik, çıxılmazlıq içərisində ümidsizlik yaradır. Və fikrimcə, bu, koronavirusdan daha təhlükəli virusdur. İnsan bu günlərdə gərək özünü COVİD-19 kimi, ümidsizlikdən, qorxu, təlaşdan da qorusun.

Bu məsələdə bir məqam da maraqlıdır, bütün dünya alimləri iddia edirlər ki, virusdan qorunmağın, ya da xəstəliyin öhdəsindən gəlməyin tək yolu immunitetdir. Deyilənə görə, immuniteti güclü olan insanlar hətta yoluxduğunu belə bilmədən, tez bir şəkildə xəstəliyin öhdəsindən gəlirlər. Bəs, immuniteti necə gücləndirməli? Təkcə meyvə-tərəvəzlə, göy-göyərtiylə olacaq işdirmi bu? Axı bilirik ki, insan orqanizminin əsas ehtiyacı olan vitaminlərdən biri "D Vitamini" və bol oksigendir. Onu isə yalnız günəşdən və təmiz havadan ala bilərik. Elə bilirsiniz, yayda insanların rayonlara, dağlıq ərazilərə, istirahət məkanlarına getməsinin tək səbəbi işdən-gücdən yorulmaqdır? Yox, insanlar bu isti aylarda, günəşin bol zamanlarında açıq havada, dəniz kənarında olmaqla orqanizmin ehtiyacı olan maddələri əldə edirlər.

Gələk günümüzə... Mart ayından - təbiətin ən gözəl çağından başlayaraq pandemiya səbəbindən, az qala, bütün dünya evlərə məhkum edildi. Bu aspektdən yanaşsaq, əslində, baş epidemioloqun sözlərini qəribliyə salmaq da düz olmaz. O, koronavirusla mübarizənin əsas üsulunu təqdim edib: televizorsuz, internetsiz həyat və təmiz hava. Onun öncəki müsahibələrində də bu mövzuya göndərişlər var. Doğrudan da, təmiz hava, günəş şüaları immuniteti möhkəmləndirmək üçün ideal vasitələrdəndir və Operativ Qərargah da, yaxşı olardı ki, karantinlə bağlı qərar qəbul edərkən bu məsələni də nəzərə alaydı. Əslində, biz elə adi hallarda da Bakının sıxlığından, insanların çoxluğundan danışırıq. O ki qaldı pandemiya zamanı ola. Artıq Bakıya giriş-çıxış düz 4 aydır, məhdudlaşdırılıb. Yayda isə insanlar bir qayda olaraq şəhərin boğanağından qurtulmağa çalışırlar. Hər yay paytaxt məhz sakinlərinin bir çox hissəsinin müxtəlif raoyunlara getmələri hesabına əhəmiyyətli dərəcədə boşalır, bir növ rahat nəfəs alır, insanlar kimi o da növbəti mövsümə enerji toplayırdı. Gədəbəy, Tovuz, Yardımlı, Lerik, Quba, İsmayıllı kimi səfalı, bol oksigenli rayonlarımız indi qonaq-qarasız qalıb. Təmiz hava orda, insanlar isə Bakıda... Fikrimizcə, baş epidemioloqun sözləri əlaqədar qurumları düşünməyə vadar etməlidir. Onsuz da indi rayonlar nisbətən boşdur, şəhərdəki kimi sıxlıq deyil. Kim istəyir, arzulayırsa, müəyyən yoxlanışlarla şəhərdən çıxmalarına icazə verilməli, hətta buna şərait yaradılmalıdır.

Bu yerdə Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın baş epidemioloqla bağlı mətbuata verdiyi açıqlama haqda da bir məqama toxunmaq yerinə düşər. Baş epidemioloqun məlum açıqlamasına toxunan mətbuat xidmətinin rəhbəri deyib ki: "Karantin rejimi ilə əlaqədar ATU-da tədris prosesi dayandırıldığına görə yaşı 65-dən yuxarı olan professor İbadulla Ağayev hazırda işə çıxmır. O, bu gün 2 nəfər qohumu ilə birgə Bakıdan kənarda, ailə üzvünün dəfnində iştirak edib. Jurnalist zəng edərkən İ.Ağayev məhz dəfn mərasimində olub. Bu durumda bir qədər emosional danışaraq jurnalistə yalnız axşam cavab verə biləcəyini bildirib. Lakin təəssüf ki, jurnalist İ.Ağayevin axşam müsahibə verəcəyi ilə bağlı hissəni yazmadan yalnız baş epidemioloqun ölkədəki durumdan xəbərsiz olduğunu yazıb.

Qeyd edək ki, İ.Ağayev tutduğu vəzifəyə əsasən, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərir. Digər tərəfdən, xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, respondentin xəbəri olmadan onun səsini yazıb paylaşmaq qanun pozuntusudur. Qeyd edim ki, ATU rəhbərliyi məsələ ilə bağlı ətraflı araşdırma aparacaq".

Mətbuat katibinin qəzəblə səs yazısını yayan jurnalisti hədəf alması, onu tapacaqları ilə hədələməsi və epidemioloqun açıqlamasın “malalamaq” cəhdlərinin yersiz olduğunu düşünürəm. Təsadüfi deyil ki, onun dedikləri haqlı olaraq bir çoxları tərəfindən ironiyaya ilə qarşılanıb. Ola bilər ki, bu məsələdə hardasa jurnalist etikası gözlənilməyib və ya bu hadisə ATU-nun işgüzar imicinə xələl gətirir. Amma baş verənlər onu göstərir ki, epidemioloq olması vacib zamanda hadisələrdən kənardadır və bu məsələ ilə başqaları məşğul olur.

Dövlətin virusla mübarizəsini dəstəkləyən və bu mübarizədə iştirak edən hər kəsə öz təşəkkürümüzü bildiririk, amma konkret bu məsələylə bağlı günahkar axtarışını da düzgün saymırıq.

İ.Ağayev isə həqiqətən də bir epidemioloq kimi işini yaxşı bilir. Yaxşı olardı ki, əlaqədar qurumlar baş epidemioloqun kəndə getməsini qəribliyə salmasınlar və məsələni gərginləşdirməsinlər. Bu çətin zamanda insanları Bakıda həbs etməkdənsə, yaxşı olardı ki, şəhərin qapıları açılsın və bu yay günlərindən paytaxtı tərk etmək istəyənlərə imkan verilsin. Belə halda həm şəhərdə seyrəklik yaranar, insan sıxlığı azalar, həm də rayon havasında, dağlıq ərazidə insanlar daha sağlam və virusa qarşı daha dayanıqlı olarlar.

 





04.07.2020    çap et  çap et