525.Az

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr


 

Beynəlxalq aləm: <b style="color:red">ziddiyyətlər, münaqişələr, müharibələr</b>

(Əvvəli ötən şənbə sayımızda)

Makiavelli yeni italyan nümunəsini, Papa VI Aleksandrın oğlu olan Çezare Borciada tapmışdı. O, Mərkəzi İtaliyada yeni dövlət yaratmaq barədəki öz məqsədinə çatmaq üçün rəhmsiz tədbirlərə əl atırdı. Makiavelli deyirdi: "Hakimiyyəti beləcə əldə etmiş hər kəs qərara almalıdır ki, onun siyasəti öz düşmənlərini məhv etmək, bəzi müttəfiqlərini qoruyub saxlamaq, müharibələri udmaq yolu ilə getmək olmalıdır, lazım gəldikdə gücdən və yalandan istifadə etməlidir ki, özünü həm sevilən etməklə, həm də təbəələrini özündən qorxmağa məcbur etsin... Yaxın keçmişdə heç kəs Çezare Borcianı təqlid etməkdən yaxşı bir model tapmağa ümid edə bilməz". Makiavelli siyasi fəaliyyətin təhlilində model kimi seçdiyi şəxs əxlaq aləmini bütünlüklə tərk edən ilk adamlar arasında olmuşdu. Çezare Borcia vicdanını yatıranlardan, mənəviyyatı pozğunluğa tamamilə qurban verənlərdən biri idi.

Makiavelli müzakirə naminə bir məsələni aydınlaşdırmaq istəyirdi: qorxu təlqin edən olmaqdansa, daha çox sevilən olmaq yaxşıdır, yoxsa əksinə. Və cavab verirdi ki, hakimiyyətdə hər kəs həm sevilən, həm də qorxu yaradan adam olmağa borcludur. Lakin onların hər ikisinə eyni vaxtda nail olmaq çətindir. O, belə bir fikri dəstəkləyir ki, daha təhlükəsiz olmaq üçün, əgər sən bunlardan birini seçirsənsə, seviləndənsə qorxu yaradan olmaq yaxşıdır. Çünki biri ümumiyyətlə deyə bilər ki, adamlar təhlükədən qaçmaq və nəyisə almaq üçün nankor, yalan danışan, aldadıcı və aldadan olur. Əgər sən onların marağına xidmət edirsənsə, onlar özlərini sənə xidmətə həsr edəcəklər. Onlar öz qanlarını, mülkiyyətlərini, həyatlarını və övladlarını sənin onlara heç bir ehtiyacın olmayana qədər sənə vəd edəcəklər. Lakin tezliklə sənə kömək lazım olduqda, onlar sənə qarşı çevriləcəklər. Onların vədinə arxalanan hər bir hökmdar heç bir hazırlığı olmadığından, məhv olacaqdır. Sənə məlum olacaqdır ki, kimlərin ki, dəstəyini sən satın almışdın, onlar sənin uğrunda mübarizə aparmayacaqlar. Çünki sənin xarakterinin gücünə və könlünün kübarlılığına məftun idilər. Onlar buna haqq vermişdilər, lakin onlar heç vaxt səninki olmamışdılar və sonda da sən öz sərmayəndən fayda götürməyəcəksən... Məhəbbət borcluluq bağlılığına görə adamları cəlb edir. Lakin qorxu adamları cəzadan çəkindiklərinə görə başqa cür hərəkət etməkdən saxlayır və qorxu onları heç vaxt tərk etmir. O vaxta qədər ki, hökmdarı əgər məhəbbət ilhamlandırmırsa, özünü qorxu törədən edirsə, ən azı özünə nifrət bəslənməsinə yol verməyəcəkdir. Çünki bu, hökmdarı nifrət bəslənilən deyil, dəqiq qaydada qorxu törədən etməyə imkan yaradacaqdır, sən yalnız öz təbəələrinin və vətəndaşlarının mülkiyyətini və ya arvadını ələ keçirsən, o vaxt nifrət olunana çevriləcəksən. Əgər nə vaxtsa sən kimisə öldürsən, əmin ol ki, sən ancaq dözülən bir iş görmüsən və əvvəlcədən hansısa bir səbəbə malik olmusan. Lakin hər şeydən əlavə, sən başqasınım əmlakından əlini çək, çünki adamlar öz atasının ölümünü daha tez yaddan çıxarırlar, nəinki onun irsinin itirilməsini. Adamları öldürmək üçün ciddi səbəblər vardır və bir qatil başqasını qabağa verməyə ehtiyac duymur.

Filosof, Çezare Borcianı təqlid subyekti seçməkdə heç də səhv etməmişdi. Atası VI Aleksandr 1492-ci ildə Papa seçilsə də, kilsə qaydalarını və qadağalarını pozmaqda ad çıxarmışdı. Arvad almış, üç uşağı olmuşdu, din xadimləri üçün vacib olan tselibatı -  nikahsızlığı kobud surətdə pozmuşdu. Onun əxlaqsızlığını həm də doğma qızı Lukretsiya ilə şayiələrdə dolaşan intim yaxınlığı açıqca göstərirdi. İyrənc siyasətdə və fəaliyyətdə Çezare heç də atasından geri qalmırdı. O, düşmənlərini hiyləgərliklə məhv edirdi, qətllərin bilavasitə iştirakçısı və təşkilatçısı idi. İtalyanların tarixində bu ailə mənfur davranış nümunəsinə çevrilmişdi.

İtalyan Renessansı təsviri sənətdə inqilab yaratdığı kimi, həm də humanizmi meydana gətirdi. Onun intellektual hərəkatı Yunanıstanın və Romanın irsinin öyrənilməsinə əsaslanırdı. Humanistlər bəşəriyyətin öyrənilməsinə - nəzəriyyəni, şeiri, əxlaqi fəlsəfəni, tarixi yunan və Roma müəlliflərinin əsərlərini tədqiq etmək yolu ilə girişirdilər. Onlar indi humanist adlanan şəxslər idilər.

Petrarka (1304-1374-cü illər) çox vaxt italyan Renessans humanizminin atası hesab olunur. Poeziyası ilə o, geniş populyarlıq qazanmışdı. Öz etirafına görə, bir şair kimi böyük kralların qonağı olanda, onlar daha çox onun qonağı olurdular. Petrarka antik ədəbiyyata böyük maraq göstərirdi, ruhi ideyalara kifayət dərəcədə xoş münasibət bəsləyirdi. Humanistləri bir model kimi Siseronun nəsrindən və Vergilinin poeziyasından istifadə etməklə klassik latın dilinə düzgün münasibət bəsləməyə çağırırdı.

Avropanın böyük humanistlərindən biri Erazm Rotterdamlı (1469-1536-cı illər) idi, o, hökmdarların fəaliyyəti üçün əxlaqi prinsipləri ön plana çəkirdi, bu məsələdə Makiavellidən xeyli dərəcədə fərqlənirdi. Onun 1516-cı ildə yazdığı "Xristian hökmdarının tərbiyəsi" əsəri də siyasi hakimiyyət mövzusunda yazılmış traktat idi. O təkid edirdi ki, həqiqi hökmdar idarə etdiyi xalq qarşısında özünün əxlaqi vəzifələri barədə düşünməlidir.

Böyük humanist yazırdı: "Haqqa xidmət üçün heç kəsə zorakılıq etmə, heç kəsi qarət etmə, heç bir ictimai vəzifəni satma, hansısa rüşvətlə pozulmuş olma... Əgər sən qisasdan çox təhqirə görə cavab verməyə qalxsan, bu, dövlətə böyük itki olacaqdır. Əgər sən öz səltənətini insan həyatının zorakı ədalətsizliklə, quduzcasına qaydada baş verən itkisiz, həmçinin, dində böyük itkiyə yol vermədən müdafiə edə bilmirsənsə, vəzifəndən imtina et və dövrün israrlı tələbinə tabe ol".

Erazm Rotterdamlı qeyd edirdi ki, yaxşı hökmdar "Allaha bənzər yaşayandır, çünki Allah mərhəmətli və qüdrətlidir. Onun xeyirxahlığı onu hamıya kömək göstərən edir. Pis hökmdar isə öz ölkəsində vəbaya bənzəyir, o, şeytanın inkarnasiyasıdır, o, özünün böyük hakimiyyətini zorakılığı ilə birləşdirir. Yaxşı hökmdar odur ki, hər bir fərdin həyatını özününkündən daha çox qoruyur, o, gecə və gündüz bir şey üçün işləyir və çalışır. O, öz var-dövlətini ölkəsinin fayda götürməsinə sərf edir,  hətta mühafizə fəaliyyətində ona nail olmaq istəyir ki, hər kəs həm də dərin yuxu ilə yata bilsin,  ömrünü ölkəsinin dinc şəraitdə yaşamasına sərf edir. O, öz ölkəsinə əbədi sülh gətirmək üçün hər şeyi edir və hər şeyə imkan yaradır, çünki o, başa düşür ki, dövlət üçün bütün bədbəxtliklərin mənbəyi müharibədir". Görən Ermənistan  rəhbərləri bu müdrik kəlamdan, bundan xeyli əvvəl Bibliyanın nəsihətlərindən xəbərdardırlarmı? Bəs onda niyə müharibə cığırını tərk etmirlər? Onların cahilliyi  regionla yanaşı, öz xalqına da böyük bəlalar bəxş edir.

Daxili siyasətdə cinayətkarlığa qarşı mübarizə də mühüm əhəmiyyət kəsb edir, çünki vətəndaşların təhlükəsizliyi sabitlik və inkişaf üçün başlıca şərtə çevrilir. Cinayətkarlığa qarşı mübarizədə cəzanın təsirli, haqlı və ədalətli olması da xırda məsələ deyildir. Ona görə də dövlət inzibati orqanların fəaliyyətinə xüsusi diqqət verir, məhkəmələrin müstəqilliyinin təmin olunmasına çalışır. Təsadüfi deyil ki, məhkəmə hakimiyyətin üçüncü qolu hesab olunur.

XVIII əsrdə İngiltərə istisna olmaqla, əksər Avropa ölkələrində istintaq prosesində dəlil, sübut əldə etmək üçün işgəncənin tətbiq edilməsi mühüm vasitə olaraq qalırdı. İngiltərədə isə işgəncə 1638-ci ildə ləğv olunmuşdu. Etiraf əldə etmək üçün işgəncədən, ona xidmət edən alətlərdən cinayət hadisəsini açmaq üçün geniş istifadə edilirdi. Cəza da çox vaxt qəddarcasına və tamaşa şəklində açıq icra olunurdu. İctimai edamlar ənənəvi cəzanın təməl hissəsi idi. Çünki polis o qədər zəif idi ki, potensial cinayətkarları müəyyən etməyə və tutmağa gücü çatmırdı. Cəzanın icra edilməsində qədim dövrlərin vəhşi irsindən istifadə olunurdu. Ölüm cəzası ümumi hal xarakteri daşıyırdı və mülkiyyət cinayətlərinə görə də tətbiq olunurdu. İngiltərə öz cənayətkarlarını Yeni Dünyadakı kolonniyalarına, Amerikan inqilabından sonra isə Avstraliyaya göndərirdi.

Bu dövrdəki ədalətsiz qanunların və zoraki cəzaların tətbiq edilməsi bir sıra filosofları məcbur etdi ki, ədalətə yeni yanaşmalar axtarmağa başlasınlar. Onlardan daha çox nəzərə çarpan cəhdi italyan filosofu Çezare Bekkaria (1738-1794-cü illər) etmişdi. 1764-cü ildə yazdığı "Cinayətlər və cəzalar haqqında" essesində Bekkaria sübut edirdi ki, cəzalar qəddarlığa deyil, yalnız həqiqəti üzə çıxarmağa xidmət etməlidir. "Belə cəzalar... cinayətkarların bədəninə ən az işgəncə ilə birlikdə, digərlərinin ağlına güclü və daha uzun ömür sürəcək təəssüratlar üçün seçilməlidir". Filosofa görə cəzada cinayətin mahiyyəti, onun törənməsinə yönələn motivlər və baş verdiyi şərait nəzərə alınmalı, cəzanın ədalətliliyi şübhə doğurmamalıdır. Cəza nə sərt, nə də yumşaq olmalıdır, cinayətlə korrelyasiyaya əsaslanmalıdır.

Bekkaria həmçinin, ölüm cəzasından istifadə edilməsinin əleyhinə çıxırdı. Bu cəza adətən tamaşa şəklində icra olunurdu, lakin başqalarını cinayət törətməkdən çəkindirməkdə uğursuzluğa düçar olurdu. Dustaq edilmə, azadlıqdan məhrum olunma daha uzun sürən təəssürat yaradır. Bununla yanaşı, ən ağır cəza cəmiyyət üçün ziyanlı idi, çünki barbarlığın nümunəsi olaraq qalırdı. Həm də ölüm cəzasının tətbiq edilməsi cinayətkarlığa qarşı mübarizədə cəmiyyətin aciz qaldığını, cinayətkarlarla bacarmadığını göstərirdi.

Bekkaria yazırdı: "Bu cəfəngiyat deyilmidir ki, qətlə nifrət etməyi nəzərdə tutmaqla cəzalandıran qanunlar, əslində, qaydaya görə ölümün qarşısını almalıdır, ancaq ictimai şəkildə baş verən ölümün özünü törədir". O, təkcə elmi konsepsiyası ilə deyil, həm də insanlara münasibəti ilə əsl humanist olduğunu sübut edirdi, insanlıq naminə hər cür fədakarlığa hazır olduğunu bildirərək deyirdi: "Əgər mən bir həyatı xilas etmək aləti olmağı bacarsam, onun sahibinin xeyir-duası və göz yaşları, hətta bütün bəşəriyyətin nifrəti müqabilində belə, mənə kifayət dərəcədə bir təsəlli olacaqdır". O, adamları başqalarına qarşı mərhəmətli olmağa, ən çətin anda belə onlara kömək göstərməkdən çəkinməməyə çağırırdı.

XVII əsrin sonundan etibarən edamlara və işgəncələrə qarşı hisslərin böyüməsi bədən cəzasının və ən ağır cəzanın tətbiqinin tənəzzülünə aparıb çıxardı. Yeni tip dustaqxanalar tikildi. Dustaqların mənəvi reabilitasiyası üçün onların daimi işlə təmin edilmələri, barbarcasına icra edilən cəzaların ictimai baxış şəklindəki nümayişinin yerini tutdu.

SSRİ-də 1930-cu illərin kütləvi repressiyaları dövründə işgəncə tətbiq etməklə etirafın əldə edilməsi çox geniş yayılmışdı. Böyük məhkəmə proseslərində keçmiş rəhbər işçilər mühakimə olunanda əksər hallarda A.Y.Vışinski ittihamçı kimi çıxış edir, müttəhimləri ispan inkviziyasının bədnam nümunələri əsasında sındırmaq üçün təhqirlərdən də çəkinmirdi. Güclü hüquqşünas olan bu başabəla prokuror "Etiraf - sübutn çariçasıdır" şüarını irəli sürməklə qəddarlıqla, işgəncələr tətbiq etməklə əldə edilən etiraflara haqq qazandırırdı.

ABŞ-da da ittihamçılar hər cür vasitələrə əl atır, bəzən hətta təqsiri olmayanların ən ağır cəzaya məhkum edilməsinə nail olurdular. Sonralar bu hökmlərin saxta olduğu üzə çıxırdı. İndi də Kuba ərazisində fəaliyyət göstərən Quantanamo həbs düşərgəsi amerikan cəza sistminin biabırçı sifətini nümayiş etdirir.

(Ardı var)

 





05.07.2020    çap et  çap et