525.Az

Səddən asılı həyatlar - Türkan Turan pandemiyadan yazır


 

Səddən asılı həyatlar - <b style="color:red">Türkan Turan pandemiyadan yazır</b>

Koronavirus özü ilə birlikdə həyatımıza yeni sözlər, ciddi qaydalar gətirdi. Bunlardan biri hələ də qızıldan qiymətli olduğunun fərqinə varmadığımız "sosial məsafə"dir. Əvvəlcə məsələnin xam halına baxaq.

Bütün ölkə liderləri, Ümumdünya Səhiyyə Təşkilatı aylardır "sosial məsafəni qoruyun, maska taxın" deyirlər. Mütəmadi çıxışlar edir, təbliğatlar aparırlar. Amma bu həyati məsələ bir çox insanların bir qulağından girir, o biri qulağından çıxır. Virusun dayanmadan artdığı bu dönəmdə maska taxmağa başlanılsa da, sosial məsafəyə əhəmiyyət verən yoxdur. Kassalarda insanlar çiyin-çiyinə dayanırlar. Bankların və bənzər qurumların qarşısında da vəziyyət daha betərdir. Qınanılır, tənqid edilir, amma məsələnin kökü bir az daha dərindir.

Milyon illərdir insanlar birlikdə, iç-içə, yan-yana yaşayır. Küçədə, restoranda, bir sözlə, müxtəlif yerlərdə toplu halda olmağımız, izdiham yaratmağımız modern dünyanın tələbi deyil. Səbəb genlərimiz, əcdadlarımızdır. Onların tayfa halında yaşamasıdır. Birlikdə ov ovlayıb, quş quşlayıblar. Sürü halında hərəkət ediblər. Ayrı düşənlər çox vaxt qurd-quşa yem olublar. İnsan cəmiyyətin bir parçasıdır. Ondan uzaq düşürsə, təklənir, yalqızlaşır. Həyatı qısıtlanır, var olma səbəbini sorğulayır və axırda depressiyaya girir. Ona görə parklara, alış-veriş mərkəzlərinə, restoranlara, yəni insanların sıx olduğu yerlərə bu qədər önəm veririk. Çünki bunlar içimizdə cəmiyyətə dair arxayınlıq yaradır.

Ancaq aylardır bir virus ortaya çıxıb və bütün əzbərlərimizi pozaraq möhkəm olduğuna inandığımız hər şeyi yeraltı təkan kimi təməlindən oynatmaqdadır. Bu proses, istəməsək də, bizi bir-birimizdən ayrılmağa məcbur edir. Ona görə də, hamımız bunu dəhşətlə izləyir və qəbul etməkdən çətinlik çəkirik. Çünki genlərimiz sosial məsafə qavramına uyğun deyil. Qəbul etmək, alışdığımız həyatdan qopmaq, qaydalara əməl etmək istəmirik.

Bu, təkcə bizdə belə deyil. Bütün cəmiyyətlər ilkin olaraq eyni reaksiyanı verir. Çünki insanların təməl davranış şəkli bu cürdür. Sadəcə həmin cəmiyyətlər nə qədər feodal düşüncəli reaksiya versələr də, vəziyyətin fərqinə erkən varıb uyğunlaşa bilirlər. Amma biz ayaq uydurmamaq üçün əlimizdən gələni edirik.

Elə ona görədir ki, bizdə sərt karantin rejimi uzandıqca uzanır, onlar isə artıq normal həyata geri dönürlər.

Yaxşı, niyə məhz sosial məsafə qorunmalı olduğuna dair sual yaranır? Çünki nəfəs aldığımız havada görünməyən paltarlar kimi asılı qalan virus zərrələri bizi dərhal ələ keçirir. Xəstə insanın daşıdığı mikroblar belə yayılır. Ona görə də qorunmaq üçün iki metrlik sosial məsafəyə əməl etmək vacibdir.

Tarixə nəzər yetirsək, görərik ki, bundan əvvəlki pandemiyalardan da qurtulmaq üçün görülən tədbirlər arasında sosial məsafə əsas götürülüb. Hətta amerikalı iqtisadçılar 1918-ci ildə başlayan İspan qripinin ən çox yayıldığı bölgələrdə araşdırma aparmışdılar. Nəticədə məlum olmuşdu ki, sosial məsafəyə əməl edən şəhərlər həm virusdan daha erkən qurtulublar, həm də iqtisadiyyat qısa müddətdə əvvəlki axarına düşüb. İndi də fikir versək görərik ki, günə 700-800 və daha artıq insan itkisi olan ölkələr "sosial məsafə, maska taxmaq" qaydalarına əməl etməklə vəziyyəti kontrol altında saxlayıb və normal həyata geri dönməyə başlayıblar.

Təkcə İspan qripində yox, suçiçəyi, vəba və digər viruslar yayılanda insanlar yenə məsafə saxlamaqla bəlanı dəf etmişdilər.

Hələ o dönəmlərdə özlərini ətrafdakılardan quş dimdiyinə bənzəyən uzun burunlu maskalardan istifadə edərək qoruyurmuşlar.

Pandemiya bitdikdən sonra insanlar sadəcə xəstəlikdən qorunmağa görə yox, digər şəxslərlə yanyana gəlmək istəmədikləri üçün sosial məsafəni həyat tərzinə çevirmişdilər. Həmçinin, onları maraqlandırmayan kişilərə də eyni qaydanı tətbiq edib, həmin geyimləri silah olaraq istifadə etməyə başladılar. Çünki o zamanlar təbəqələr, irqlər, əkscins arasında məsafənin saxlanılması daha radikal şəkildə özünü göstərirdi. Hətta XIX əsrdə sosial məsafəni qorumaq istəyən qadınlar çəmbəri bir metrdən daha geniş olan donlardan istifadə edirdilər. Təbii ki, bunu əsasən yüksək təbəqədən olan qadınlar geyinə bilirdi. 1918-20-ci illərdə ətəklərin həcmi kiçildi, bu dəfə böyük şlyapalardan istifadə etməyə başladılar. Çünki həmin dönəm artıq İspan qripinin başladığı vaxtlar idi.

Ümumiyyətlə, sadəcə pandemiya dönəmində deyil, məsafə saxlamaq insana hər zaman faydalıdır. Keçmişimizə dönüb baxsaq görərik ki, sədd qoymadıqlarımız həmişə həddi aşdı, başımıza nə gəldisə, ürəyimizin içinə qədər dartıb saldıqlarımızdan, başımıza çıxardıqlarımızdan, qollarımızı açıb bağrımıza basdıqlarımızdan gəldi. Xəncəri uzağımızda dayananlar yox, kürəyimizi söykədiklərimiz sancdı, quyumuzu iki metr uzaqdakılar yox, bir addımlığımızda dayananlar qazdı. Evimizi yuxarı başa keçirdiklərimiz yıxdı. Ona görə də, sosial məsafəni həmişə saxlamaq lazımdır. Həm virusdan, həm də virus qədər təhlükəli insanlardan qorunmaq üçün...

 





06.07.2020    çap et  çap et