525.Az

BDU HORIZON-2020 proqramının qrant layihəsini qazanıb


 

BDU HORIZON-2020 proqramının qrant layihəsini qazanıb<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsi və Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutu əməkdaşlarının Avropa Komissiyası tərəfindən maliyyələşən HORIZON 2020 beynəlxalq qrant proqramına birgə təqdim etdikləri SOMPATY (Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology / Spektral Optimallaşdırma: Riyaziyyatdan fizika və yüksək texnologiyaya) adlı layihə qalib elan edilmişdir.

Almaniyanın İlmenau Texniki Universitetinin koordinatorluğu ilə həyata keçiriləcək layihədə Çex Respublikası Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Almaniyanın Lübeck Universiteti, Bakı Dövlət Universiteti, Belarus Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Qazaxstan Respublikası Riyaziyyat və Riyazi Modelləşdirmə İnstitutu, Özbəkistanın Daşkənd Turin Politexnik Universiteti iştirak edir.

Qrant layihənin məqsədi Almaniya, Azərbaycan, Belarus, Çex Respublikası, Qazaxstan, Özbəkistan, Ukrayna ölkələrinin universitetləri və elmi tədqiqat mərkəzləri arasında əməkdaş mübadiləsi, müştərək elmi tədqiqatların aparılması və təlimlərin təşkil olunmasıdır. Layihənin icra müddəti 1 aprel 2020 – 31 mart 2024 illəri əhatə edir, büdcəsi 883200 avro təşkil edir.

Layihədə Bakı Dövlət Universitetini Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun və Mexanika-riyaziyyat fakültəsinin alimləri və professor müəllim heyəti təmsil edir.

Layihə haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklə keçid edə bilərsiz:
https://cordis.europa.eu/project/id/873071.

 





07.07.2020    çap et  çap et