525.Az

Gənc müəllimlərin ucqarlara marağı artır - Təhsil


 

DÖVLƏT TƏRƏFİNDƏN BU MƏQSƏDLƏ HƏYATA KEÇİRİLƏN STİMULLAŞDIRICI TƏDBİRLƏR MÜSBƏT NƏTİCƏ VERİB

Gənc müəllimlərin ucqarlara marağı artır - <b style="color:red">Təhsil</b>

Təhsil sahəsində həyata keçirilən ən mühüm islahatlardan biri də ucqar kənd və qəsəbələrə gənc kadrların göndərilməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan bu stimullaşdırıcı tədbirlərin nəticəsində son illərdə ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi xeyli artıb.

Bir neçə il öncə Bakı məktəbləri istisna olmaqla, digər şəhər və rayonlarda, əsasən isə ucqar dağ kəndlərində fənn müəllimləri problemi yaşanırdı. Kənd ümumtəhsil məktəblərinin, demək olar ki, hamısında tarix, coğrafiya, fizika, kimya müəllimlərinin çatışmazlığı hiss olunurdu. Buna səbəb isə gənc pedaqoqların ucqar qəsəbə və kəndlərə getmək istəməməsi idi. Ancaq dövlət tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində rayonlara üz tutan müxtəlif fənn müəllimlərinin sayı nəzərə çarpacaq dərəcədə artıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafi qərarı ilə dövlət sifarişinə əsasən rayon ümumtəhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün kompensasiya verilir.

Rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat əlavə ödənilir. 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyir ki, hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirləri tətbiq olunur. Növbəti illərdə belə müəllimlərin sayının daha da artacağı gözlənilir. Onun sözlərinə görə, bu il müəllimlərin yerdəyişməsi müsabiqəsinə təqdim edilən vakant müəllim yerlərinin 4455-i üzrə həvəsləndirmə (H) tədbirləri tətbiq olunacaq. 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə təqdim edilən 7539 vakant yerin 30 faizi (2295 yer) H1, 29 faizi (2160 yer) H2 həvəsləndirmə tədbirləri tətbiq olunan yerləri üzrədir. Azərbaycan bölməsi üzrə 6680 vakant yerin 2267-i H1, 2138-i H2 həvəsləndirmə yerləri üzrədir. Rus bölməsi üzrə üzrə 809 vakant yerin 28-i H1, 22-i H2 həvəsləndirmə yerləri üzrə təqdim edilib: "Qeyd edim ki, H1 həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər rayon mərkəzindən 20 km-ə qədər, H2 təvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşirlər. Bu məsafədən asılı olaraq, müəllimlər üçün bəzi güzəştlər tətbiq edilir. Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Xüsusi hallarda məsələyə təsdiqedici sənədlərin surəti təqdim olunmaqla fərdi qaydada Təhsil Nazirliyi tərəfindən baxılır. Həvəsləndirmə tədbirləri şamil olunan müəllimlərin iş yeri öz istəyi əsasında dəyişdirildikdə, onlara əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin tətbiqi dayandırılır".

Stimullaşdırıcı tədbirlər əsasında Lerik rayonunun Orand kənd tam orta məktəbini seçən Günel Hümmətova deyir ki, Bakıda anadan olub. Ali təhsilini də Bakıda başa vuran müəllimə işləmək üçün kəndə üz tutub: "Orta məktəb illərindən humanitar fənlərə böyük marağım var idi, tarix fənnini xüsusi ilə sevirdim. Bu sevgi məni Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə gətirib çıxardı. Təhsil alarkən müəllimlik peşəsini sevməyə başladım. Ancaq universiteti bitirdikdən sonra müəyyən səbəblərdən ixtisasım üzrə deyil, başqa işlə məşğul oldum. 5 il müəllim adından uzaq düşsəm də, bu peşəyə olan sevgim məni yenidən bu sahəyə dönməyə vadar etdi. Bundan sonra çox ciddi şəkildə müəllimlərin işə qəbulu imtahanına hazırlaşmağa başladım. İmtahan verdim və uğurla keçdim. Ancaq həmin il Bakıda yer sayı az idi və məndən daha yüksək bal toplayanlar olduğu üçün paytaxt məktəblərinə düşə bilmədim. Müəllimliyə çox böyük sevgim və marağım olduğu üçün bu, məni ruhdan salmadı. Müəllim hər yerdə müəllimdir. Şəhərdə də, kənddə də deyib təyinatımı Lerik rayonunun Orand kənd tam orta məktəbinə aldım. Peşman da deyiləm. Yaxşı ki, seçimim məhz bu məktəb olub".

G.Hümmətovanın dediyinə görə, ilk dəfə Orand kəndinə valideynləri ilə birlikdə gedib: "Kəndə ilk dəfə valideynlərimlə birlikdə getdim. Ömrü boyu şəhərdə yaşayan, şəhər mühitinə öyrəşmiş insan üçün kənddə yaşamaq bir az çətin olur. Bunu nəzərə alaraq valideynlərim mənə dedilər ki, sən kənddə yaşaya bilməyəcəksən. Ancaq mən qərarımı vermişdim və geri qayıtmaq fikrim yox idi. Qalacağım evin sakinləri ilə tanış olub evə yerləşdim. Məktəbin direktoru və kənd sakinləri ilə tanışlıq zamanı direktor dedi ki, məktəb binası hələ hazır deyil, dərs evlərdə keçilir. Bu, məni qətiyyən narahat etmədi. Bütün çətinliklərə hazır idim. Dərslərə başladım. Qısa bir zamanda uşaqlar mənə, mən də onlara elə alışdım ki, sanki illərdir biz bir-birimizi tanıyırıq".

G.Hümmətova vurğulayıb ki, Orand kənd məktəbində sentyabr ayından işə başlayıb: "Mən kəndə gedəndə orda məktəb binası yox idi. Oktyabr ayının əvvəlinə hazır oldu. Ancaq açılış dekabrın 19-u baş tutdu. Bu müddətdə dərsi evlərdə keçirdik. Bunun üçün iki ev ayrılmışdı. Müvəqqəti məktəb kimi istifadə edilən evin biri mən yaşadığım evin yaxınlığında, digəri isə bir xeyli  kənarda idi. Bəzən elə olurdu ki, birinci dərsi bir evdə, ikinci dərsi o birisi evdə keçməli olurduq. Hava günəşli olanda bir evdən digər evə getmək nisbətən rahat olurdu. Ancaq yağış yağanda çətinliklərlə üzləşirdim. Yağışda narahat yollarla hərəkət etmək çətinlik yaradırdı. Lakin bu çətinlik məni ruhdan, həvəsdən salmırdı. Əksinə, şagirdlərimi daha yaxşı öyrətmək, onları cəmiyyət üçün yararlı vətəndaş kimi yetişdirmək üçün daha böyük səylə çalışırdım. Bu evlərdəki şərait tədris üçün yararlı deyildi. Siniflər soyuq olurdu. Sobalar köhnə olduğu üçün onlardan istifadə edə bilmirdik. Ancaq şagirdlərin dərslərə, təhsil almağa marağı o qədər böyük idi ki, bu şəraitsizlik onları narahat etmirdı. Məktəb hazır olduqdan sonra ora köçdük. Eyni həvəslə işimi davam etdirdim. Dərslərimiz çox maraqlı keçirdi. Dərsi uşaqların marağını, diqqətini çəkəcək formada izah edirdim. Real həyatla əlaqələndirməyə, onların anlaya biləcəyi misallarla izah etməyə çalışırdım. Şagirdlərim yarışları çox sevirdilər. Mən də onların maraqlarını çəkəcək yarışlar təşkil edirdim. Açıq dərslər keçirirdim".

Aygün Balayeva Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergetika fakültəsini bitirib. Ötən il müəllimlərin işə qəbul üzrə müsabiqədən müvəffəqiyyətlə keçib. Bakının Kürdəxanı qəsəbəsində yaşamasına baxmayaraq, o, işləmək üçün Lənkəranın mərkəzindən 20 kilometr aralıda yerləşən Şovu kənd məktəbini seçib. Lənkəranın Şovu kənd tam orta məktəbinə stimullaşdırıcı tədbirlər əsasında təyinat aldıqdan sonra Aygun Balayeva kəndə köçüb.

Onun sözlərinə görə, universitet illərindən ucqar kənd rayonlarının məktəblərində işləmək arzusu olub: "Tələbə ikən ali məktəbi bitirib kənd rayonlarının birində müəllim işləməyi arzulayırdım. Universiteti bitirdim və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin işə qəbulu müsabiqəsinə qatıldım. Müsabiqədən müvəffəqiyyətlə keçdim. Məktəb seçimi mərhələsində ucqar kənd rayonlarında müəllim işləmək arzumu reallaşdırmaq üçün Şovu kənd tam orta məktəbini seçdim. Şovu kəndi və orada yerləşən orta məktəb haqqında ilk bilgiləri  internetdən əldə etmişdim. Məktəbin fəaliyyəti və görülən işlərlə maraqlandım. Xoşuma gəldi. Məktəbdə fizika müəlliminə ehtiyac var idi. Mən də böyük məmnuniyyətlə bu məktəbi seçdim. Kəndə gəldiyim ilk gündən də sakinlər tərəfindən böyük hörmətlə qarşılandım. Onların bu xoş münasibəti məni daha da ruhlandırdı. Bu kəndin insanları çox qonaqpərvər və mehribandırlar. Mən burada özümü evimizdəki kimi hiss edirəm".

Gənc müəllim vurğulayıb ki, dərs dediyi şagirdlərin demək olar ki, böyük əksəriyyəti onun tədris etdiyi fizika fənninə böyük maraq göstərib: "Məktəbin şagirdləri öyrənməyə, oxumağa böyük maraq göstərir. Bütün dərslərə diqqətlə qulaq asır, hər zaman nəsə öyrənməyə çalışırlar. Şagirdlərimdən çox məmnunam. Əminəm ki, onların hər biri gələcəkdə cəmiyyətimiz, dövlətimiz üçün faydalı insan olacaq".

A.Balayeva gənc müəllim olaraq kənddə işlədiyi üçün heç də peşman deyil. Əksinə, çox məmnundur: "Mən bu kəndə gəldiyim gündən həm çalışdığım məktəbin müəllim kollektivindən, həm də sakinlərdən böyük hörmət görmüşəm. Mənə öz doğmaları kimi davranıblar. Kənddə yaşamağın çətin olduğuna gəlincə, heç bir çətinlik yoxdur. Mən bugünədək burada heç bir çətinliklə qarşılaşmamışam".

Nübar Qəribli də Qəbələ rayonundan Astaraya işləməyə gedib. Onun çalışdığı Astaranın 240 yerlik Pəlikeş kənd tam orta məktəbi rayon mərkəzindən 45 kilometr məsafədə yerləşir. 2009-cu ildə əsaslı şəkildə təmir edildikdən sonra istifadəyə verilən məktəbdə 512 şagirdin təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. Qəbələ rayonunun Nic qəsəbə sakini olan Nübar Qəribli bildirib ki, o, gözəl mənzərəsi olan ucqar dağ kəndində müəllim kimi işləməkdən böyük zövq alır: "2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib Pəlikeş kəndinə təyinat aldım və müəllim kimi fəaliyyətə başladım. Pəlikeş ucqar dağ kəndlərindən biridir. Mənim yaşadığım Qəbələ rayonundan da təxminən 538 kilometr uzaqda yerləşir. İşimi çox sevdiyim üçün məsafə mənim üçün heç bir maneə yaratmır. Mən müəllimliyi, öyrətməyi və şagirdlərimi çox sevirəm. Ucqar dağ kəndlərindəki məktəblərin şagirdlərinin də müəllimə, yüksək səviyyədə təhsil almağa haqqı var. Biz müəllimlər məktəb ucqar kənddə yerləşir deyə ora gəlməkdən imtina edəndə, onda bu şagirdlər müəllimsiz qalar. Bu gün ucqar ərazilərdə yerləşən məktəblərin müəllim kadrlara ehtiyacı var. Müəllimlərin işə qəbulu müsabiqəsindən keçən müəllimlər də bunu nəzərə alaraq işləmək üçün məhz ucqar kəndlərin məktəblərini seçməlidirlər".

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü deyir ki, ucqar bölgələrdə çalışan müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlər ildən-ilə öz müsbət nəticəsini daha aydın göstərəcək: "Bu tədbirlərin tətbiqi Bakıdan uzaq bölgələrə gedən gənc pedaqoqların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Bir növ, bu qərar gəncləri ucqar ərazilərdə çalışmağa stimullaşdırır".

Sevinc QARAYEVA

 





07.07.2020    çap et  çap et