525.Az

Yeni dövrün qaçılmaz fenomeni: elektron kitab


 

Yeni dövrün qaçılmaz fenomeni: <b style="color:red">elektron kitab</b>

COVİD-19 pandemiyasının insanlığı təhlükə altında saxladığı bu günlərdə iş yerləri, əyləncə məkanları bağlanan, günün az qala bütün hissəsini evdə keçirməyə məcbur qalan insanlar vaxtlarını doğru, faydalı və əyləncəli dəyərləndirməyin yollarını axtarmağa başladılar.

Əlbəttə, bu məşğuliyyətlərin başında kitab oxumaq gəlirdi. Çünki kitab bu günlərdə insanlara ən çox lazım olan şeyləri verir; stressi azaldır, yuxusuzluğu aradan qaldırır, empatiya duyğusunu gücləndirir, beyin funksiyalarını sürətləndirir, tənhalıq hissinin qarşısını alır, depressiyadan xilas edir, ya da lap başından depressiyanın yaranmasına əngəl olur, həyatdakı çətinliklərlə daha yaxşı mübarizə aparmamızı təmin edir, insanı daha sosial edir, yaddaşı gücləndirir, hisslərimizi daha yaxşı ifadə etməyə kömək edir, dünyanı daha yaxşı yerə çevirmək üçün güc verir. Bütün bunlarla yanaşı, həm də evdə keçən darıxdırıcı karantin günlərində ən yaxşı dostumuza çevrilən, yalnızlığımızı paylaşan kitabları niyə sevməyək, oxumayaq ki?!

Müşahidələr də onu göstərdi ki, pandemiya insanların kitaba yenidən qayıtmasına şərait yaratdı. Karantin rejiminin əvvəllərində nəşriyyat direktorları da kitaba olan tələbatın artdığını demişdilər.

Elektronlaşma dövrünün kitabları...

Ancaq Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə tətbiq edilən sərt karantin rejimi bir çox iaşə obyektləri kimi, kitab mağazalarının da zaman-zaman fəaliyyətini müvəqqəti dayandırmasına səbəb olur. Doğrudur, bəzi böyük kitab mağazaları onlayn sifariş və çatdırılma həyata keçirsələr də, o da vaxt alan bir prosesdir. Bu yerdə yadımıza elektron və ya PDF kitablar düşür. Sürətlə inkişaf edən texnologiya çox şey kimi kitabları da telefonlarımıza, planşetlərimizə və ya elektron kitab cihazlarına sığdırmağı bacardı.

Tarixinə nəzər salsaq, həm də yazıçı və ixtiraçı olan ispaniyalı müəllim Angela Ruiz Robles hamımızın bildiyi elektron kitabların ilk versiyasını yaradıb. 1949-cu ildə "Mexaniki ensiklopediya"nın patentini alıb. Kitab-düymələrin, işıqların və çevrilə bilən səhifələrin yer aldığı elektrikli cihaz idi.

Elektron kitab, elektron mürəkkəb texnologiyası ilə, minlərlə kitabı nazik bir planşetdə gəzdirməyə və istədiyiniz yerdə dərhal istədiyiniz kitabı oxumağa imkan verən inkişaf etmiş bir texnologiyadır. Bu kitablar çıxandan sonra müəyyən qədər ənənəvi kitaba olan maraq səngidi. Dünyada kağız kitabların satışında azalma müşahidə olundu. Bu da yəqin ki, elektron kitabların bəzi üstünlüklərindən irəli gəlirdi. Belə ki, elektron kitablar iri həcmli kitabları yanımızda daşımaq, əldə tutub oxumaq məcburiyyətindən bizi azad edir, hansı kitabı oxuduğumuzu heç kim bilmir, qaranlıqda da oxumaq olur, kitab üçün mağazaya, kitabxanaya getməyə gərək qalmır, yazının, şriftlərin ölçüsünü dəyişmək olur və sair. Eyni zamanda, bəzi mütəxəssislər iddia edirlər ki, bu kitabların çoxalması və kağız nəşrlərin azalması meşələri də kəsilməkdən qoruyacaq.

Doğrudur, ənənəvi kitabın qoxusu, vərəqləri çevirmək həzzi, kitabla təmas edərkən müəllifə və obrazlara daha yaxın olduğunu hiss etmək başqa bir zövqdür. Bu zövqü elektron kitablardan almaq olmur. Eyni zamanda, elektron kitablar həm gözə ziyandır, həm də beynin qavramaq qabiliyyətini ləngidir. Yəqin buna görədir ki, son illərdə dünyada istehlak seqmenti üzrə elektron kitabların (məhz kitabların, cihazların deyil) satışı ciddi dərəcədə azalıb. Əksinə, kağız kitab və jurnalların, həmçinin, uşaq kitablarının satışı artıb. Eyni tendensiya ABŞ-da da müşahidə edilir. "Euromonitor International" analitik şirkətinin məlumatlarına əsasən, 2011-ci ildən 2014-cü ilə qədər olan müddətdə elektron kitab və cihazların satışı 40 faiz azalıb.

Elektron kitabların mənfi və müsbət cəhətləri nələrdir, onlara münasibət necədir? Respondentlərimizə bu suallarla müraciət etdik.

Fransada elektron kitablara tələb azalıb

Fransada yaşayan azərbaycanlı yazıçı Şahin Sinaria deyir ki, elektron kitablar bir müddət öncə Fransada da dəb halını alıb. Amma sonradan insanlar ənənəvi kitaba qayıdıblar: "Təxminən 5-6 il öncə Fransada elektron kitablar çox dəbə düşdü. Bir ara hamı oxuyurdu. Amma bu, elə də uzun çəkmədi. Elə bil bir dalğa idi, qalxdı, tez də səngidi. İndi insanlar ənənəvi kitaba daha çox üstünlük verirlər. Şəxsən, mən özüm PDF kitablar heç vaxt oxumamışam, belə bir fikrim də yoxdur. Çünki qətiyyən xoşlamıram. Kitabı əlimdə tutmağı, vərəqləri çevirməyi, yarımçıq qalanda vərəqlərin arasına əlfəcin qoyub, sonra qaldığım yerdən davam etməyi sevirəm. Elektron kitablarda bu zövqü ala bilmərəm. Mənə elə gəlir ki, elə bunlara görə də Fransada elektron kitabların oxunması aşağı düşüb. Məsələn, Dostoyevskini, Şekspiri, Puşkini planşetdə, telefonda oxumağı anlaya bilmirəm. Elektron kitabların müsbət bir cəhətini görmürəm. Bəzi məqamlarda ədəbiyyatda modernizmi anlamıram".

"Elektron kitablar zamanın qaçılmaz tələbidir"

Şair Şəfa Vəli ənənəvi kitaba əlinin yetmədiyi zamanlarda elektron kitablardan kömək aldığını deyir: "Son iki ildə məcburən elektron kitablar oxuyuram. Açığı, istədiyim effekti vermir. Kitabı əlimə alanda onun qoxusu gəlmədisə, səhifələri çevirəndə eşidilən xəfif xışıltı məni həyəcanlandırmadısa, oxucu kimi zövq almağım çətinləşir... Bəzən bir kitabı 3-4 saata oxuyub bitirirdim. İndi elektron kitabın birini, ən tezi, 4-5 günə oxuyuram. Həyəcan yoxdur bu oxu prosesində... Di gəl, oxumadan da yaşamaq olmur. Kitab oxumadan, bir ay nədir, bir gün keçirən insanların daha heç nəyə həyəcanlanmadığını, heç nədən zövq almadığını düşünürəm. Yenə də, əlimizin kitablara çatmadığı zamanlarda "PDF"ləri tapdığıma şükür edirəm".

Teatrşünas Elçin Cəfərov öz sahəsiylə bağlı kitabları daha çox elektron tapa bildiyini deyir: "Elektron kitablar zamanın qaçılmaz tələbidir. Zamanın sürətli ritmi, kütləvi internetləşmə həyatın bütün sahələrinə təsir göstərdiyi kimi, mütaliə vərdişlərimizə də təsir edib. Artıq bizə lazım olan biliklərin böyük qismini kağız daşıyıcılardan yox, elektron daşıyıcılardan əldə edirik. Şəxsən, mən PDF kitablardan çox istifadə edirəm, çünki məşğul olduğum sahə ilə bağlı kitablar, demək olar ki, yox dərəcəsindədir. Azərbaycan dilində isə teatr ədəbiyyatının qıtlığı da heç kəs üçün sirr deyil. Bu gün dünyanın hər hansı ölkəsində nəşr olunan kitabın Azərbaycana gəlib çıxması üçün böyük vaxt lazım olur. O səbəbdən, xüsusilə yeni ədəbiyyatı, bir qayda olaraq, elektron resurslardan oxuyuram. Mobilliyi, yığcamlığı və rahat daşınma xüsusiyyəti elektron kitabların üstün cəhətlərindəndir. PDF kitabın bir üstün cəhəti də çox rahat axtarış sisteminin mövcud olması ilə bağlıdır. Sadəcə Ctrl+F düyməsini sıxmaqla, PDF kitabda bizə lazım olan hissəni, sözü asanca tapa bilərik. Ancaq təbii, bu o demək deyil ki, ənənəvi kitablar artıq gərəksizdir. Qətiyyən belə deyil. Kitabın səhifələrinə toxunmağın, ətrini duymağın yerini nə planşet, nə noutbuk, nə də telefonla PDF kitab oxumaq verə bilər".

"Kitabı elektron oxuyanda uzun müddət yadımda qalmır"

"Hədəf" nəşrlərinin direktoru, yazıçı, şair Səbuhi Şahmursoy məcbur qalmadıqca elektron kitabdan istifadə etmir: "PDF kitablara arabir müraciət edirəm, məcbur olmadıqca elektron kitablardan qaçıram. Əsasən də dilimizdə tapılmayan və ya heç tərcümə olunmayan əsərləri oxumaq üçün rusca PDF fayllardan istifadə edirəm. Çalışıram ki, onları da satış saytlarından pulla alım. Ümumiyyətlə, əsasən bədii əsəri kağız kitabdan oxumağı üstün tuturam. Çoxdan müşahidə etmişəm ki, kitabı elektron oxuyanda uzun müddət yadımda qalmır. Detalları tez unuduram. Bu da oxuma sürətimi azaldır, çünki tez-tez geriyə qayıdıb bəzi abzasları yenidən oxumalı oluram. Kağız kitabda isə belə hallara nadirən düşürəm. Ola bilsin, bu, ənənədən gələn psixoloji məsələdir. Yəni mən uşaqlıqdan kitabları kağızdan oxumuşam deyə, informasiya qavrayışım da buna vərdiş edib. İndi gənclərin əksəriyyəti mənim misalımın əksini düşünür. Onlar hesab edir ki, kağız kitabdansa elektron kitab hər mənada üstündür. Bəlkə də, prinsipcə fərqi yoxdur, əsas kitabı mütaliə etməkdir. Oxumaq yox, mütaliə etmək".

"Türkiyə və Rusiyada bu sektor daha geniş inkişaf edib"

Türkiyədə yaşayan azərbaycanlı yazıçı Ceylan Mumoğlunun elektron kitablarla bağlı fikirləri müsbətdir: "İnternet çağımızda elektron kitablardan istifadə çox işimə yarayır. Elektron kitablar kağız kitabı ortadan qaldıra bilməsə də, "Heç bir işə yaramır" fikrini də dedirtmədi. Çünki belə bir şey olmadı. Elə çağda yaşayırıq ki, uzaq məsafədən xidmət göstərən istənilən kitabxanaya giriş əldə etmək imkanımız var. "Google" axtarış maşını ilə dostlaşdığımdan elektron kitabları həm keyfiyyətli, müxtəlif formatlarda, həm də sürətlə əldə etməyi öyrənmişəm. Qələm dostlarım hansısa kitabı tapmaqda çətinlik çəkəndə mənə müraciət edirlər, bilirlər ki, yerin dibindən də olsa, tapıb çıxaracağam. Kağız kitabların hamısı mənə əlçatan olsaydı, əlbəttə, elektron kitab oxumağa az vaxt ayırardım. Təsəvvür edin, Tolstoyun "Hərb və sülh" əsərini oxumaq üçün saatlarla ekrana baxırsınız, bunun da orqanizm üçün zərərli tərəfləri olduğunu yaxşı bilirik. Təəssüf ki, oxumaq istədiyim kitabları, xüsusilə ana dilimizdə olan ədəbiyyatı elektron variantda oxuyuram. Mənim kimi qürbətdə yaşayan biri üçün bu yol əlverişlidir.

Müşahidələrimə görə, Türkiyə və Rusiyada bu sektor daha geniş inkişaf edib. Əgər sosial şəbəkələr üzərindən müqayisə aparsaq, onların kitab qruplarında paylaşılan fayllar sistemli şəklə salınıb, hər bir yazıçı, yaxud mövzuya görə əsərlər qruplaşdırılıb, "Facebook" xaricində fəaliyyət göstərən "Google Drive", "Yandex" disk kimi iri həcmli depolama saytlarına yerləşdirilib və oxuculara o cür təqdim olunur. Bizim kitab qruplarında isə fayllar hələ pərakəndə şəkildə paylaşılmağa davam edir, çünki bu iş ayrıca zəhmət tələb edən işdir. Düşünürəm ki, zamanla bu məsələ də həll olunacaq. Elektron kitabın müsbət cəhətləri çoxdur; kağız kitabdan fərqli olaraq bir qurğuda minlərlə elektron kitab saxlaya bilərsən, bir yerdən başqa yerə aparmaq asandır. Lazım olduqda, oxuma zamanı, şriftin formasını və ölçüsünü dəyişmək mümkündür. Bəzi proqramlar, nitq sintezatorları, mətni səsləndirməyə imkan verir, kağıza qənaət edilir. Mənim üçün ən faydalı hesab etdiyim, elektron kitablarda kəlmələrin axtarışının asanlığıdır. Bir kliklə istənilən sözü istənilən kitabda tapıb yararlanmaq imkanı var. Mənfi tərəfi isə elektron kitabları çox oxumağa aludə olduqda gözlərə zərər verir. Bu nöqtədə gərək ölçünü qaçırmayasan: dincəlmək də lazımdır".

 





07.07.2020    çap et  çap et