525.Az

Ağ xalatlı qəhrəmanlarımız - Yazı


 

Ağ xalatlı qəhrəmanlarımız - <b style="color:red">Yazı</b>

Dünyanı caynağına alan COVİD-19 pandemiyasının qarşısının alınması bəşəriyyət üçün ən qlobal problemə çevrilib. İstər Ümumdünya Səhiyyə Təşkilatı, istərsə də dünyanın inkişaf etmiş aparıcı dövlətləri planetimizi bu bəladan xilas etmək üçün bütün güclərini səfərbər ediblər. Pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycanda da əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir.

Dünyanın bütün ölkələrində koronavirusla mübarizənin ön cəbhəsində həkimlər və digər tibb işçiləri dayanır. Virusa yoluxanların çoxu ilk növbədə onların səfərbərliyi, səyləri nəticəsində yaxşılaşır, hətta tam sağalırlar. Bu baxımdan ölkəmizdə də vəziyyət oxşardır. Bildiyimiz kimi, həkimlər öz həyatlarını riskə atmaqla ilk növbədə şübhəli şəxsləri qarşılayır, onları təcrid olunan ərazilərə aparır, xəstəxanalarda infeksiyaya yoluxan şəxslərin birbaşa müalicəsi ilə məşğul olurlar. Həkimlər və tibb işçiləri hər an infeksiyaya yoluxma riski ilə üz-üzədirlər.

Təəssüf ki, koronavirusa yoluxan xəstələri müalicə edən və virusa yoluxma təhlükəsinə olduqca yaxın olan həkimlər, çətin iş şəraitindən sonra da öz asudə zamanlarını ailələri ilə birlikdə keçirə bilmirlər. Bu həkimlər ölkəmizdə ilk yoluxma faktının qeydə alındığı vaxtdan bu günə qədər işdən sonra hər kəsdən təcrid olunmuş şəkildə yaşayırlar. Onlar aylardır, hətta öz ailə üzvlərini belə görmürlər.

Mövsümlə əlaqədar olaraq, pandemiya ilə mübarizə aparan həkimlərin, tibb işçilərinin iş şəraiti həddindən artıq ağırdır. Saatlarla xüsusi geyimin içində qalmaq çox çətindir. Təsəvvür edin ki, bu xüsusi geyimlər hava buraxmır. Amma onların əynində təkcə bu geyim olmur, həmçinin, xüsusi eynəklər, bir neçə qat maska və əlcəklərdən istifadə də məcburidir. Bəli, bizim fədəkar həkimlərimiz, tibb bacılarımız və digər bütün tibb işçilərimiz xəstəliklə mübarizəni bu şəraitdə, cəsarətlə və peşəkar formada davam etdirirlər. Təəssüf ki, bu günə qədər COVİD-19 infeksiyasından dünyasını dəyişənlər arasında həkimlərimiz də az deyil.

Fədakar həkimlərimiz peşələri üçün canından belə keçməyə hazırdırlar. Hər gün işdən yorğun çıxsalar da, çalışırlar ki əhvallarını yüksək tutsunlar, ruhdan düşməsinlər, ümidlərini itirməsinlər, üzlərindəki təbəssümü həmişə qoruyub saxlasınlar. Bu gün onlar insanların şəfa tapmasına yardım etdikləri üçün qürur duyurlar.

Hər birimiz pandemiya ilə mübarizənin ön cərgələrində bizim üçün həyatını təhlükəyə atan tibb işçilərinin əməyini yüksək tutmalı, onların əziyyətinə laqeyd yanaşmamalıyıq. Heç şübhəsiz, bu qəhrəmanların arasında çoxumuzun aylardır görmədiyimiz qohumlarımız, yaxınlarımız, yaxud da ailəmizdən biri var. Faktiki olaraq onlar öz həyatları bahasına gözəgörünməz düşmənlə mübarizədə əsl qəhrəmanlıq nümayiş etdirirlər.

Dünyada yüzminlərlə insanın ölümünə səbəb olmasına baxmayaraq, təəssüf ki, hələ də koronavirusun olmadığına inananlar var. Nəticədə həmin inanlar tək özlərinin deyil, başqalarının da sağlamlığını təhlükəyə atmış olurlar. Belələri bəzən hətta sosial şəbəkələr vasitəsilə əhalinin virusa inanmamağı üçün çağırışlar edirlər. Bu tip çağırışlar pislənməli və qınanmalıdır.

Pandemiyaya qarşı mübarizə aparan həkimlər tez-tez televiziya kanalları, xəbər saytları və sosial şəbəkələr vasitəsilə əhaliyə səslənərək onlara mövcud durumu izah etməyə çalışır, vətəndaşları məsuliyyətli olmağa çağırırlar. Anlamalıyıq ki, biz sosial izolyasiya və karantin qaydalarına tam məsuliyyətlə əməl etməklə ilk növbədə özümüzü, ailə üzvlərimizi, nəticə etibarı ilə cəmiyyətimizi, eləcə də həkimlərimizi də qorumuş oluruq. Axı onların da gözü yolda qalan ailəsi var...

Mövcud vəziyyət göstərdi ki, dünyanın ən inkişaf etmiş ölkələrinin belə səhiyyə sistemi yeni növ koronavirusla mübarizəyə tam hazır deyil. Azərbaycanın məsələyə yanaşması isə təsdiq etdi ki, bu bəşəri bəla ilə mübarizədə səhiyyə sistemi ilə yanaşı, cəmiyyətin həmrəyliyi əhəmiyyətli rola malikdir. Digər ölkələrin təcrübəsi göstərir ki, dövlət qurumlarının səmərəli tədbirləri ilə yanaşı, əhalinin də göstərilən tədbir və tövsiyələrə intizamla əməl etməsi nəticəsində lazımi nəticə əldə etmək mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, sosial məsuliyyətə və həyata keçirilən zəruri tədbirləri dəstəkləməyə ehtiyac var. Unutmaq lazım deyil ki, birlik və həmrəylik, eləcə də bir vətəndaş kimi dövlətə dəstək olmaq pandemiya ilə mübarizədə uğur qazanmağın əsas şərtlərindəndir.

Koronavirus təhlükəsi bir daha göstərdi ki, müxtəlif ərazilərdə yaşamağımıza, sərhədlərlə bir-birimizdən ayrılmağımıza, fərqli dillərdə danışmağımıza, ayrı-ayrı millətlərə mənsub olmağımıza baxmayaraq, bəşəriyyəti təhdid edən bəlalara, təhlükələrə ancaq həmrəy olaraq qalib gələ bilərik. İnsan zəkasının hüdudları sonsuzdur. Sonda mütləq elm, təbabət koronavirusa qalib gələcək. Çalışaq həmin vaxta qədər qorunaq, özümüzdən və əzizlərmizdən muğayat olaq, sağlam qalaq. İnanıram ki, təhlükəli virusa qalib gələcəyimiz gün uzaqda deyil.

Uca tanrı bu mübarizədə hər birimizin, xalqımızın və dövlətimizin yardımçısı olsun!

 





07.07.2020    çap et  çap et