525.Az

Ad qoya bilmədiyim yazı - Günel Mehri Etibar Babayevi anır


 

REJİSSOR ETİBAR BABAYEVİN XATİRƏSİNƏ

Ad qoya bilmədiyim yazı - <b style="color:red">Günel Mehri Etibar Babayevi anır </b>

Hə, bəzən belə də olur, elə xatirələr var ki, silinməyini heç istəmirsən. Az qalırsan, əllərinlə tutub bərk-bərk bağrına basasan, yalvarasan ki, getməsin. Beyninin monitorunda təkrar-təkrar fırladırsan ki, rəngləri solmasın, fokusu itməsin. Təki xatirələr daima diri qalsın, elə aid olduqları adamlar da.

Neçə gündür, sosial şəbəkədən uzaqlaşmışam. Gecədir. Bir məlumatı dəqiqləşdirmək üçün Feysbuku açıram. Beynimdə tutmuşam ki, bir dəqiqəlik baxıb çıxacam. Xəbər lenti onun gülümsəyən fotosuyla açılır.
Bir dost paylaşıb. Cümlələr sürətlə fikrimdə qaçışır: "Bıy, ad günüymüş e. Axı o da iyul doğumludur mənim kimi. Gərək sabah səhər inboksuna təbrik yazım". Elə barmağımı tuşlayıram ki, öz səhifəmə keçim, beynimin "stop" siqnalı yanıb-sönür: "Ay Allah! Bu nədir? Ağlamaq smayliki? Bu nə gəzir onun fotosunun üstündə? Necə yəni yoxdur artıq?.." Beynimin sual yağışı dayanır birdən. Xəbər lentini ələk-vələk edirəm. Köhnə dostların paylaşmalarında sıralanır fotoları. Hamı onun bu idbar xəstəliyə yoluxmasından danışır təəssüflə, kədərlə, iztirabla... Reallığın sərt üzü iti bıçaq kimi bəbəklərimə girir. Gecəyarı donub qalıram əllərimdə telefon, gözümdə cığırlanan damcılar. Tələsik inboksa girirəm. Səsli yazışmamız. Son işlərindən biriylə bağlı təbrik etmişəm. Səsini açıram. Elə gümrah, elə həyat dolu gəlir ki. "Salam, salam, Günel. Çox sağ ol xoş sözlərin üçün. Yaradıcı adama stimul lazımdır da..." Hmm. Stimul! Bu səs mənə yenə stimul verir gecənin bir yarısında. Başa düşürəm ki, nəsə yazmasam, rahat olmayacam. Onsuz da ilan yatar, mən yatmaram.

Notbuku açar-açmaz cümlələr barmaqlarımın rəqsiylə yan-yana düzülür. Fonda Enya zaman haqqında sirli-sehrli bir şərqi söyləyir. Sonra nəsə baş verir. Bütün səslər avazıyır, eynən narkozun təsirindəki kimi buxarlanır yavaş-yavaş: küçə itlərinin hürüşməsi də, oğlum Atillanın yuxunun yeddinci qatındakı sayıqlaması da, Enyanın "Only time" deyən zümzüməsi də... Beynimin yaddaş kartındakı zaman makinası nəhəng çarxlarını fırladıb uzaq 2008-ci ilin üstünə qoyur. AzTV-nin yeni təmirdən çıxmış otaqlarından biri. Xüsusi layihələr və müəlliflər departamenti. İri planda qarabuğdayı, gülümsəyən bir çöhrə var. Hə, bir də dolu sifətinə yansıyan qəribə bir səmimilik. Baxışları iti və diqqətlidir. İllərin tanışı kimi qəfil dillənir:

- Salam.

- Salam.

- Adım Etibardır. Etibar Babayev.

- Aaaa... Baş rejissor sizsiz?

- Hə, elə deyirlər... Amma rejissor olmağına rejissoram.

Ciddi görkəmdə elədiyi zarafatdan bir anlıq çaşıram. AzTV-də gördüyüm əksər zəhmli, sərt simalardan sonra bu görüntü, bu münasibət o qədər doğma gəlir ki, mənimtək dövlət televiziyasının köhnə kollektivinə yeni-yeni alışan gənc kadra. Elə bil, içimə sərin su səpilir. Qəlbimdə bir səs pıçıldayır ki, bundan belə sözümüzü, dərdimizi rahatlıqla deyəcəyimiz, yaradıcı ruhu duya bilən biriylə qarşı-qarşıyam. Sonralar yan-yörəmdən haqqında eşitdiklərim ilk təəssüratımda yanılmadığımı təsdiqləyir. Deyirlər ki, bu kanala lap gənc yaşlarından gəlib. Elə burada "böyüyüb". Böyüyüb və "Kinoklub" kimi uzunömürlü bir verilişi kərpic-kərpic qurub-yaradıb, sonra da minlərlə tamaşaçıya sevdirib. Hərdən ləzzətlə bizə də danışır sevimli layihəsindən. Gözləri işım-işım yanır o söhbətləri edəndə: "Kinoklub"un vaxtları olub. Zarafat deyil. Gör nə nəhənglər gəlib keçib ordan. İndi tək-tük qalıb o sənətkarlardan..."

Çox tez qaynayıb-qarışır redaksiyanın gənc kollektivi ilə. Zarafatları, duzlu-məzəli söhbətləri bir aləmdir,
məsləhətləri bir başqa aləm. Onu müdir kimi tanıyıb, ərk elədiyimiz bir dost, böyük qardaş kimi sevirik. Gözümün obyektivindən nələr keçmir, nələr... Birgə çay içməyimiz, çörək kəsməyimiz, ad günlərində, şad günlərində kollektivlə bir olması. Otağında çox oturmur başqa müdirlər kimi. Oturanda da darıxmağa qoymurlar. Biri girir, o biri çıxır bitməyən problemləri, saysız-hesabsız xahişləri ilə. Hətta televiziyanın bədii rəhbəri vəzifəsinə təyin edildikdən sonra belə aramızda olur. Yeni təyinatını eşidəndə bir tərəfimizlə sevinsək də, bir tərəfimizlə qüssələnirik. Sevimli baş rejissorumuzdan ayrılmaq istəmirik. Yenə zarafatından qalmır: "Uzağa getmirəm ki... Buralarda olacam!.." Düz deyir. Ən qanıqara vaxtlarımıza şux atmacalarıyla rəng qatır, ən gərgin anlarımızda dinləyib ürək-dirək verir: "Darıxmayın, yaxşı olacaq". Və biz bu işıqlı, ümid dolu sözlərin ucundan tutub davam edirik yolumuza. Yaxşı yadımdadır, qonorarların kəsildiyi dönəmlər, işçilər qapısında sıraya düzülüb. Kiminin məsələsini yoluna qoyur, iş çətinə düşəndə cibindən çıxarıb pul verir. Kimini işə düzəltdirir, kiminin ixtisara salınmasına mane olur. İstedadlı gənclərə dayaq durur. Mənə çox vaxt Mehri deyir. Səbəbini soruşuram: "Deyir, Günelimiz çoxdur. Mehri bircə sənsən". Sonra da qəfil qayıdır ki, bir ideyam var, deyirəm, elə televiziyanın həyətində bir layihə eləyək birlikdə. Köhnə sənətkarlar gəlsinlər, ana televiziya ilə bağlı xatirələrini danışsınlar. Adını da qoyaq: "TV Park". Eləyirik də verilişin pilot variantını. Xatirimə gəlir, ilk verilişə rəhmətlik Yaşar Nuri ilə rejissor Məhərrəm Bədirzadəni çəkirik. Sonra başqa bir orqandan iş təklifi alıb teleməkandan uzaqlaşıram. Vidalaşmaq üçün qapısını döyürəm:

- Hə, gedirsən, Mehri?

- Gedirəm.

- Bilirsən, televiziyadan gedənlər çox olur. Amma hamı axıra kimi dözmür. Bir gün qayıtmaq istəsən, mütləq qayıt. Yadında saxla, istedadlı insanın yeri çəkiliş meydançasıdır, kabinetlər yox...

- Hər şeyə görə çox sağ olun, Etibar müəllim...

- Neynəmişəm ki...

Bax belə təvazökardır - elədiyi yaxşılıqları üzə vurmayacaq qədər təvazökar, mədəni, böyüklə böyük, kiçiklə kiçik... Bilirəm, o kollektivdə Etibar müəllimlə çiyin-çiyinə çalışanlardan əksəriyətinin ürəyi doludur. Hətta daha çox xatirələri olanlar da var. Amma əminəm ki, bütün xatirələr bir nöqtədə kəsişir: Etibar Babayevin şəxsinə olan hörmət, sevgi və vaxtsız-vidasız gedişiylə yaratdığı böyük bir boşluq. Hə, deyirlər ki, əvəzediməz adam yoxdur. Amma unudulmaz insanlar var axı. Vallah var: duruşu, davranışı, səpdiyi yaxşılıq toxumları, ötürdüyü pozitiv ilə... Və bilirsiz, onların məkanları hansısa hasarlanmış torpaq, daş-kəsək, ya mərmər parçası deyil, tanıyanlarının, sevənlərinin yaddaş kartıdır...

Yazını nöqtələyən kimi yenidən sosial şəbəkəyə girirəm. O dəqiqə xəstəxana palatasından paylaşılan fotosu dikilir gözlərimə. Dərhal bağlayıram. O qaranlıq fotonu silmək istəyirəm gözlərimin obyektivindən. Onu həmişə gülərüz, həyat dolu görmüşəm axı. Qoy elə də qalsın yaddaşımda. Və səhifəsindən boylanan fotolarını açıram. Baxıb gülümsəyir. Mən də gülümsünürəm biixtiyar:

- Yeni dünyanız mübarək, Etibar müəllim. Bir gün o məkanda qarşılaşsaq, Mehri sizi işığınızdan tanıyacaq, mütləq tanıyacaq!..

***

Pəncərədən yeni-yeni doğulan sabaha baxıram. Bu sabah Günəş nədənsə solğun dəyir gözümə. Hə, bir əzizimə demişdim ki, pozitiv insanlar bizi tərk etdikcə dünyanın işıqları bir qarış da azalır. Oğlumun yuxulu səsi beynimdən asılı qalmış fikirləri palam-parça edir: "Durmaq istəyirəm. Bax, Günəş gəlib..."

 





08.07.2020    çap et  çap et