525.Az

"Əsas qayəmiz gənc nəsilə vətən sevgisi aşılamaqdır" - Müsahibə


 

SƏİDƏ HAQVERDİYEVA: "VƏTƏNPƏRVƏR RUHLU YENİ NƏSİLLƏRİN YETİŞMƏSİNDƏ TEATRIN BÖYÜK PAYI VAR"

"Əsas qayəmiz gənc nəsilə vətən sevgisi aşılamaqdır" - <b style="color:red">Müsahibə </b>

Gənc nəslin inkişafında, onlara milli-mənəvi duyğuların aşılanmasında əsas rollardan birini məhz teatrlar oynayır.

Xüsusən, uşaqlıqdan teatrı tanımaq, onunla davamlı ünsiyyətdə olmaq yetişməkdə olan nəslin sağlam inkişafına, dünyagörüşünün formalaşmasına birbaşa təsir edir. Bizim nəslin gözünü açıb "teatr" deyəndə ilk ağlına gələn Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir.

Teatrın nəzdində fəaliyyət göstərən müxtəlif studiyalar isə balaca dostlarımızı təkcə tamaşaçı kimi saxlamır, onlara səhnədə istedadını göstərmək fürsəti də yaradır. Bütün bunların yaradıcılarından olan Teatrın rejissoru, "Oyuq", "Küllücə" studiyalarının və "Oyun" teatrının rəhbəri, yazıçı Səidə Haqverdiyevanın zəhməti danılmazdır. Biz də Səidə xanımla bu mövzular ətrafında söhbətləşdik:

- Səidə xanım, bu günlərdə Sankt-Peterburqdakı ali təhsilinizi tamamlayıb, məzun oldunuz. Təbrik edirik! Elm sahəsindəki gələcək planlarınız nələrdir?

- Təşəkkür edirəm! Daim təhsil almaq, bilik dairəmi genişləndirmək istəmişəm. Öyrənmək, onu bacarığımla birləşdirmək üçün təhsilimi davam etdirmək niyyətindəyəm. Magistr pilləsi üzrə Rusiyada və eyni zamanda, Türkiyədə təhsil imkanından yararlanacam. Çünki yaradıcılığımda kino ilə teatrı vəhdətdə təzahür etdirmək istəyirəm.

- İncəsənətin bir neçə sahəsilə məşğulsunuz. İncəsənət nəyi ilə bu qədər diqqətinizi və sevginizi qazanıb?

- İncəsənət bütünlükdə həyatın özüdür. Qəribədir, biz bəzən hisslərimizi fərqli yaradıcılıq məhsullarıyla ifadə etməyə cəhd edirik ki, bunu da istedad, qabiliyyət, bacarıqla daha da təkmilləşdirməyə çalışırıq. Amma ümumilikdə həyatın özü, insanın yaradılışı və yaradılışa münasibəti özlüyündə mükəmməl bir incəsənət nümunəsidir. Onun mənim diqqətimi nəyi ilə cəlb etdiyinə gəlincə isə yəqin ki, daxili azadlığın büruzəsi üçün açdığı böyük və maneəsiz yol ilə bağlıdır. Əsas odur ki, içində saf, təmiz və gözəl duyğular yaşadasan. Onu ifadə vasitən və forman şəksiz ki, qəbul olunacaq.

- Artıq Səidə Haqverdiyeva deyəndə ilk yada düşən həm də uşaqlar olur. Hətta rəhbəri olduğunuz studiyaya uşaqları cəlb etmək üçün keçmiş Sovet dövrünün orta məktəbləri gəzmək ənənəsini yenidən qaytarmısınız. Necə yarandı bu ideya?

- Bəli, illərdir ki, Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyası onlarla uşağa həm həyat, həm də sənət yolunda yaxşı bələdçi olub. Biz bu studiya ilə saysız xeyriyyə aksiyaları, sosial-mədəni layihələr etmişik. Çoxsaylı qastrollar reallaşdırmışıq. Populyar beynəlxalq festivallara qatılıb, ölkəmizə qalibiyyət sorağı ilə qayıtmışıq. Düşünürəm ki, bu layihə özündən sonrakı yaradıcılıq təşəbbüslərinə də bir stimul oldu.

İdeyanın yaranmasına gəlincə, hələ illər öncə bu ilk addımı atanda belə uzunömürlü və zəngin yol keçəcəyimizi yəqin etmişdik. Çünki ilk seçimlərdən, studiyaya üzvlüklə bağlı çoxsaylı müraciətlərdən anladıq ki, sırf uşaqlarla bağlı belə bir studiya çoxdan arzulanırdı.

Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq" studiyası bu gün də çox dinamik şəkildə fəaliyyət göstərir. Təxminən 8 il öncə teatrımızın direktoru təklif etdi ki, azyaşlı uşaqları teatra cəlb edək. Müsabiqə elan etdik. 600 nəfər uşağın içindən 40 nəfər seçdik. Bu uşaqlar Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində "Hər birimiz bir çiçək" adlı konsert proqramı ilə səhnəyə çıxdılar. Ondan sonra uşaqların istedadını izlədik və bəyəndik. Uşaqları studiyada saxladıq. Beləcə ildə bir dəfə istedadlı uşaqlarla bağlı müsabiqə elan edir və balaca aktyor truppamızı zənginləşdiririk. Onlara fərdi və qrup şəklində sənətin incəlikləri öyrədilir. Aktyorluq, vokal, xoreoqrafiya, səhnə danışığı üzrə peşəkar mütəxəssislərdən dərslər alırlar. Bilirsiniz, ola bilər ki, onlar böyüyəndə aktyor, rejissor, ifaçı olmayacaqlar. Amma əsas odur ki, teatra, səhnəyə sevgiləri yaranacaq.

- Sahib olduğun uşağı böyütmək ayrı, fərqli evdən gələn, fərqli tərbiyəli uşaqları eyni məqsəd uğrunda birləşdirmək və bunda uğurlu olmaq ayrıdır. Bu işdə nə kimi çətinlikləriniz olur?

- Teatr doğrudan da, sehrli bir aləmdir. İnsanı ovsunlayır. Teatra gələndə hesab edirdim ki, müəyyən bir müddətdən sonra buranı tərk edəcəm. Amma olmadı, əksinə, uşaqlara, istedadlı, məsum və nəhayətsiz bir sevgi ilə dolub-daşan balacalara sevgim məni bura hərtərəfli bağladı. Hər gün tanıdığım yeni uşaqla bir az da uşaqlaşır, bir az da özüm oluram. Qəribədir, onlarla rahatlıqla dostlaşır və qarşılıqlı sevə bilirəm. Ən çətin, ən ərköyün, ən dinməz uşağı belə asanlıqla kollektivə qata bilirik. Bilirsiz, 1-2 uşaqla dil tapmaq, onlarla nələrisə qarşılıqlı hiss etmək elə də çətin deyil. Amma bir anda onlarla uşaqla eyni hissi bölüşmək, eyni dildə danışmaq, eyni şeylərə sevinib, eləcə də kədərlənmək asan deyil. Amma bu, mənim çox sevdiyim yaşam formasıdır. Birdən səhnənin ortasında, məşqin ən qızğın yerində durmadan dəcəllik edib, işi yubadan uşağı da, bəhanələrlə dərsi-məşqi qatmağa çalışan çoxbilmiş tənbəli də, hər rol bölgüsündə özünü səhnənin mərkəz obrazı görmək istəyən balaca iddialı aktyoru da eyni məhəbbətlə sevir və anlayıram. Onlarla elə gözəl dil tapırıq ki... Səbəbi isə çox sadədir: onları dinləyirəm. Elə onlar da məni. Bu isə saf sevgi və onu hiss etdirməkdən qaynaqlanır. Uşaq onu sevdiyini hiss etdisə, sən onu qazanmısan. Bir də durmadan diktə, öyrənməyə məcbur olmaq hissi uşaqları qoparır. Xüsusən, müasir uşaqlar bizim nəsildən fərqli olaraq, daha sərbəst və adekvatdırlar. Amma həm də çox maraqlıdırlar. Onlarla hər dəfə danışmaq, mübahisə və müzakirə etmək çox maraqlıdır.

- Fiziki məhdudiyyətli uşaqları da cəlb etdiniz teatra. "Küllücə" studiyasını yaratmaq ideyası necə yarandı?

- "Küllücə" teatr studiyası mənim təyinatıma görə fiziki məhdudiyyətli, amma istedad, bacarıq, sevgi və saflığına görə bütün dünyaya yetəcək qədər mükəmməl duyğulu balacalarımızın məkanıdır. İllərdi uşaqlarla işləməyim, onların dünyasına nüfuz etmə arzum və müəyyən fiziki məhdudiyyətləri, əngəlləri aşmaq istəklərini hiss etdirmələri bizi bu təşəbbüsə sövq etdi.



Sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını nümayiş etdirməsi üçün reallaşdırılan irimiqyaslı layihələrimizin davamı olan bu studiya hazırda 30 nəfər uşaq, yeniyetmə və gənci bir araya gətirir. Terapiya, bir növ müalicəvi dərs xarakterli məşqlərdə uşaqlara müvafiq sosial vərdiş və münasibətlər səhnə nümunələri, dramaturji materiallar vasitəsilə təlqin ediləcək. Aktyor, rejissor, vokalçı, xoreoqraflarla yanaşı, psixoloqlar da məşq-tədris prosesində pedaqoq kimi iştirak edirlər. Studiya artıq müstəqil tamaşa ilə də çıxışını edərək teatrsevərlərin diqqətini cəlb edə bilib.

- Gənc nəslin milli-vətənpərvərlik hisslərinin inkişafı mühümdür. Siz teatr studiyasında buna necə diqqət edirsiniz?

- Uşaqların mənəvi-estetik zövqünün formalaşması, dünyagörüşlərinin artmasında teatrların xüsusi əhəmiyyəti var. Çünki məhz onun sayəsində həyati gerçəklərin teatrallaşdırılmış formaları ilə tanış olan azyaşlılar, rastlaşdıqları fərqli situasiyalara, ətraflarında baş verən proseslərə həssaslıqla yanaşmağı bacarırlar. Bu mənada istər sağlam, istərsə də fiziki məhdudiyyətli uşaqlara sənətin, teatrın, səhnənin imkanları baxımından ifadə sərbəstliyi verən və bununla onların ünsiyyətini kütləviləşdirməyə yönələn sosial-mədəni layihələrin artması vacibdir. Biz də bu ideyaya uyğun olaraq fəaliyyətimizi durmadan təkmilləşdiririk. Yuxarıda da qeyd etdiyim kimi, təbii ki, bunu diktə, pafos, məcburiyyətlə yox, teatrın, səhnənin, sənətin verdiyi yaradıcılıq imkanları ilə edirik. Düşünürəm ki, elə əsas missiyamız da bu olmalıdır: sevgi dolu insan qəlbini qazanmaq və qorumaq.

- Vətənpərvərlik mövzulu işləriniz də az olmur...

- Təbii ki, bütün işlərimizin əsas qayəsi gənc nəsilə vətən, millət, torpaq sevgisi aşılamaqdır. Bunu hiss etdirmək üçün ən müxtəlif layihələr həyata keçirmişik. Tamaşalar, kliplər, silsilə konsertlər vermişik. Bunu studiyamızın fəaliyyətini izləyən hər kəs yaxşı bilir. Vətənpərvərlik mövzusu bizim üçün daim aktualdır. Çünki vətənpərvər ruhlu yeni nəsillərin yetişməsində teatrın böyük payı var. Təsir və təbliğat gücünü daim ön planda saxlamalıyıq.

- Uşaqların ifası üçün pyes tapmaq çətin olmur ki?

- Dramaturgiya, xüsusən, uşaq ədəbiyyatı, yəni azyaşlılar üçün pyes çatışmazlığı bizim üçün demək olar ki, qlobal problemə çevrilib. Düzdür, kifayət qədər maraqlı və hər zaman müasir klassik ədəbi nümunələr var. Amma teatr həm də yaşadığımız həyatın səhnə təcəssümüdür. Deməli, çağdaş, həm də uşaqların dünyasından baxış istəyən pyeslər lazımdır. Səhnəni, teatrı, onun yaradıcılıq imkanlarını, bütün bunlar bir yana, uşaqları duyan və onların hisslərinə işıq tutan pyeslərə daha böyük ehtiyac var. Arada elə əsərlər təqdim edirlər ki, adam bir anlıq düşünür ki, görəsən, bunların müəllifi olan əmilər, xalalar özləri uşaq olmayıblar? Hər halda, bu barədə düşünməyə dəyər.

- Uşaqlarla işləmək sizə bu illər ərzində nələri öyrədib?

- Uşaqlarla işləmək uşaq olmağın, uşaq kimi qalmağın və elə uşaqlar kimi təmənnasız sevməyin nə qədər möhtəşəm hiss olduğunu öyrətdi. Onlarla iş mənə dürüstlüyün, əzmin, iradənin, səmimiyyətin ən üstün xüsusiyyət olduğunu xatırlatdı. Uşaqlarla ünsiyyət, onların enerjisi gördüyüm işin nə qədər gözəl və lazım olduğunu başa saldı. Təmənnasız, umacaqsız fədakarlıq aşıladı. Çox sağ olsunlar, öyrəndim, öyrətdilər, öyrətdik. Məncə, qazanan yenə də siz tamaşaçılarsız.

- Bu işləriniz sizi müəyyən qədər ədəbiyyatdan uzaqlaşdırıb, deyəsən. Yeni əsərlər, yeni kitab gözlənilirmi?

- Əksinə, məni ədəbiyyata bağladı. Teatr, kino sahəsində fəaliyyətim, ssenarilər, pyeslər, yeni səhnələşdirmələr üzərində işlərim artdı. Karantin günlərində yazı, fərdi yaradıcılıq ön plana keçdi. Təbii ki, əsasında da yenə də teatr, kino, səhnə, sənət durur.

Şahanə MÜŞFİQ

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





08.07.2020    çap et  çap et