525.Az

"İnsan siması riyazi hesablamalar kimidir" - Nicat Muxtarlı ilə müsahibə


 

"GƏLƏCƏKDƏ HƏZRƏTİ İSA İLƏ BAĞLI FƏRDİ RƏSM SƏRGİSİ AÇMAĞI DÜŞÜNÜRƏM"

"İnsan siması riyazi hesablamalar kimidir" - <b style="color:red">Nicat Muxtarlı ilə müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar...

Rubrikamızın budəfəki qonağı gənc rəssam Nicat Muxtarlıdır. Nicatın yaratdığı rəsm əsərlərinin əksəriyyətində dini mövzular üstünlük təşkil edir.

Onu son zamanlar sosial mediada məşhurlaşdıran isə zərlə çəkdiyi maraqlı portretlərdir. Onun bu portretlərdə tarixi şəxsiyyətlərə yenidən can verməsi izləyicilər tərəfindən böyük maraqla qarşılanır.

Özünün dediyinə görə, əsas məqsədi xalqa öz dahilərini, qəhrəmanlarını, sənətkarlarını unutdurmamaqdır.
Beləliklə, gənc rəssam Nicat Muxtarlı ilə söhbəti təqdim edirik:

- Sosial media üzərindən insanlara yararlı olacaq mesajlar ötürmək istəyirəm. Yazıçıların, şairlərin və milli qəhrəmanların portretlərini çəkib bu platformalarda paylaşıram. Bu yolla mədəniyyətimizin və tarixi şəxsiyyətlərimizin yaddan çıxmaması üçün çalışıram.

- İşləriniz çox maraqlıdır, ancaq izləyici toplumu o qədər də çox deyil. İzləyicilərin az olması sizdə ruh düşkünlüyü yaratmır ki?

- Əslində, Azərbaycan xalqı mədəniyyətinə bağlı bir xalqdır. İndiki dövrdə isə vəziyyət bir qədər dəyişib. Sanki tariximizə önəm verən, mədəniyyətini qorumağa çalışan insanlar azalıb. Buna görə təəssüfənsəm də, belə münasibət məndə ruh düşkünlüyü yaratmır.

- Rəssamlıqla məşğul olmağa nə zamandan başlamısınız?

- Balaca vaxtlarımdan ailəm məni "Pioner" dərnəyinə yazdırdı. On yaşıma kimi orada təhsil almışam. Ali təhsilimi isə Azərbaycan İqtisad Universiteti və İzmir İqtisad Universitetində davam etdirdim. Hazırda rəssamlıqla həvəskar şəkildə məşğul oluram.



- Paylaşımlarınızda qeyd etdiyiniz qədəri ilə mütaliəni xoşlayırsınız...

- Bəli, mütaliə etməyi həddindən artıq çox sevirəm. Əhməd Cavadın, Mikayıl Müşfiqin, Ramiz Rövşənin, Əliağa Vahidin və Elçin Mirzəbəylinin yaradıcılığı ilə yaxından maraqlanıram.

- Sizi incəsənətə bu qədər bağlayan nədir?

- Məni incəsənətə bağlayan şairlərin və yazıçıların həyatında baş verən təsiredici məqamlardır. Əgər Allahın yaratdıqlarına ruhumuzla baxa bilsək, yaradıcılığımızda məqsədimizə nail ola bilərik. Məncə, ən gözəl yaradıcılıq məhsullarından biri poeziyadır. Bir dəfə Rasim Balayevlə görüşümüz olmuşdu. Həmin görüşdə Rasim müəllimin Mikayıl Müşfiqdən söylədiyi misralar mənə böyük təsir göstərdi. İncəsənət insanı özünə hərtərəfli bağlayan bir möcüzədir.

- Səsiniz özünəməxsusdur. Nə vaxtsa bədii qiraətlə məşğul olmağı düşünürsünüzmü?

- Gələcəkdə bununla məşğul olmaq istəyərəm. Bədii qiraət sənəti mənə olduqca doğma gəlir. Xüsusən də Kamran Yunisin ifalarını dinləyəndə daha çox həvəslənirəm.

- Sizin istifadə etdiyiniz zərli portret üsulu adi rəsm çəkməkdən fərqlənir. Bu işləri ərsəyə gətirmək sizi yorurmu?

- Zərli portret üsulu nadir bilinən fərqli bir texnikadır. Fərqli olduğu qədər də, incəlik tələb edən işdir. Həvəslə görülən iş adama böyük zövq verir. Mən də öz sənətimə həvəslə yanaşdığım üçün heç vaxt yorulmuram.

- Bəs, bir portret bu üsulla nə qədər vaxta ərsəyə gəlir?

- Səhifəmdə paylaşdığım işlərin hər biri altı-yeddi saata başa gəlir. Elə portretlər də olur ki, bir ilə, hətta üç ilə çəkirəm. İnsan siması riyazi hesablamalar kimidir. O baxımdan olduqca diqqət tələb edir.



- Rəssam üçün rəng dünyası nə deməkdir? Sizcə, yaxşı və ya pis rəng varmı?

- Əslində, hər bir rəng gözəldir. Təbiətdə əks olunduğu zaman bu gözəllikləri daha rahat şəkildə müşahidə edə bilirik. Rəssam da həmin rənglərdən öz əsərlərində peşəkarcasına istifadə etməlidir. Bu mənada pis rəng yoxdur, yanlış yerdə istifadə olunan rənglər var.

- Nicat bəy, sizə ilham verən nədir?

- Bu, həyata hansı baxış bucağında baxmağından asılıdır. Biz insanlar ətrafımızdakılara ya nəfsimizlə, ya da ruhumuzla baxırıq. Əgər ruhumuzla baxsaq, yağışın damlası, torpağın qoxusu, bir sözlə, təbiətin parçası olan hər nəsnə bizə ilham verər.

- Çəkdiyiniz rəsmlərdə duyğuları nə dərəcədə ifadə edirsiniz?

- Çəkdiyim rəsm əsərlərində bacardığım qədər duyğularımı ötürməyə çalışıram. Əsərlərimin mövzusu bilavasitə müqəddəs kitablardan ("Quran-i Kərim", "Tövrat" və "İncil") götürülmüş hadisələri əks etdirir. Əsas qəhrəmanım isə Həzrəti İsadır. Elə ilk əsərim də "Həzrəti İsanın islama dönüşü" adlanır. Bu əsərlərimin məzmununu incəsənətlə bağlı olan insanlar daha yaxşı dərk edir. Rəssamlığa nabələd olanlar o xətlərdə nəyi təsvir etmək istədiyimi anlamaqda çətinlik çəkirlər. Düşünürəm ki, mövzusundan asılı olmayaraq rəsm əsərlərində insanlara nələrsə çatdırmaq vacibdir.

- Gələcəkdə bu sahədə hansı işləri görmək istəyərsiniz?

- Həzrəti İsa ilə bağlı fərdi rəsm sərgisi açmağı düşünürəm. Bu yolla insanlara dini mövzular barədə müəyyən fikirlərimi çatdırmağı nəzərdə tuturdum. Amma pandemiya səbəbilə bütün işlərimiz təxirə salındı. Ümid edirəm ki, hər şey qaydasına düşər və planlarımı tezliklə gerçəkləşdirərəm.

Günel ABBAS

 





08.07.2020    çap et  çap et