525.Az

"Böyütdü səni mərmilər" - Aysel Nəsirzadənin şeirləri


 

"Böyütdü səni mərmilər" - <b style="color:red">Aysel Nəsirzadənin şeirləri </b>

SÜKUTDAN ASILMIŞ RUH

Sükutdan asılmış ruh,
Ruhsuz qalmış bədən.

Mənasız həyat,
Mənasızlıqdan doğan sən.

Biz əksliklərin vəhdəti,
Vəhdətinsə əksiyik.
Nə qədər istəsək də,
Taleyin qadağa etdiyi,
Qovuşa bilməz cütlüyük.

ÜMİD

Lupanın bir üzünü tutsaq
ümidimizin ən xırdaca zərrəsinə,
Bir üzünü Günəşə.
Yenidən alov alsa ümidlərimiz,
Buz bağlayan qəlbimizi sarsaq
Ümid dolu atəşə.
Ömrü əmanət etsək
İkicə xoş kəlməyə,
Bir içdən gələn gülüşə,
Yaşayıb getsək belə...

ETİRAFIM - QURTULUŞUM

Pandoranın boş qalan qutusundakı
ümid qədər,
Yol gözləyən insanların
ahını udmuş söyüd qədər,
Anamın yollarımı kəsən hər öyüdü qədər
Mənasızam, uğursuzluqla doluyam.
Hər arzuma
iməkləyə-iməkləyə çataçatda
Göstərdiyim dönüklüyə,
Ruhsuzluğa, sönüklüyə acıqlıyam.
Öz içimdən için-için məhv oluşum,
Heç bir dərdim yoxmuş kimi,
Göstərdiyim bu duruşum...
Bu qədər olanlara gücüm çatmır,
Etirafım olacaqdı qurtuluşum.
Mən əslində,
Allahın ən gücsüz bəndəsi,
Həm də ən aciz quluyam.

BU DÜNYADA SINAQDAYAM

Hər dərd mənə bir pay tutur,
Nə vardayam, nə yoxdayam.
Allah ürəyimdən dərdi
Ala, bir azca toxtayam.

Mənə ucuz bir ölüm də,
Yer verməyir öz elində.
Taleyimin sərt dilində,
Ömür boyu danlaqdayam.

Günlərimi saya-saya,
Sığdırmışam bir araya.
İmtahanım o dünyaya,
Bu dünyada sınaqdayam.

Həyat uçurum kənarı,
İnsaflının biri barı
Əlindən tutub baharı
Kaş gətirə, sazaqdayam...

BÖYÜTDÜ SƏNİ MƏRMİLƏR

(Suriyalı uşağa)

Meyitlərin arasında
Anasını gəzən uşaq.
Qırıq mərmilər üstündə
Sevincini əzən uşaq.
Qoruyan yox indi səni
Durma burda, gizlən, əyil,
Anan qayıtmayacaq, bil.
Gördüyün o silahlar da,
Bildiyin oyuncaq deyil.
Daha uşaq deyilsən sən,
Böyütdü səni mərmilər.
Körpə, məsum arzuların,
Güllə səsinə gömülər.
Selə dönən göz yaşların,
Axdı, yerin qəlbin deşdi.
Taleyin qismət payında
Xoşbəxtlik səndən yan keçdi.

 





08.07.2020    çap et  çap et