525.Az

Teatr rəssamlığımızın Əzim Əzimzadə zirvəsi - Məqalə


 

Teatr rəssamlığımızın Əzim Əzimzadə zirvəsi - <b style="color:red">Məqalə</b>

Azərbaycan təsviri sənətinə misilsiz töhfələr bəxş edən Əzim Əzimzadənin satirik qrafika sahəsindəki fəaliyyətindən danışarkən qeyd etməliyik ki, rəssam fitri istedadı, səmərəli əməyi sayəsində realist təsviri sənətin forma rəngarəngliyinə hərtərəfli yiyələnmiş, özünün çoxşaxəli istedadını qrafik rəsmlərlə yanaşı, səhnə tərtibatı və geyimi sahəsində də nümayiş etdirmişdi. Təsviri sənətimizin inkişafındakı rolu C.Məmmədquluzadə və M.Ə.Sabirin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu ilə eyniləşdirilən rəssamın elmə, xüsusilə ədəbiyyata olan marağı hələ uşaq yaşlarından özünü büruzə vermişdi. Elə buna görə də balaca Əzimin çəkdiyi şəkillərdən məktəbdə əyani vəsait kimi istifadə olunurdu. Bu fikir bir daha onunla təsdiq olunur ki, satirik rəssam yaradıcılığının ana xəttini təşkil etməsə də, teatr sahəsində də ustalıqla fəaliyyət göstərib. Onun teatr tamaşaları üçün hazırladığı dekorasiya və geyim eskizləri Azərbaycan rəssamlığının bu sahədəki inkişafına böyük dəstək idi.

Ə.Əzimzadənin teatr eskizləri nəqledici xüsusiyyətə malik kompozisiyalardır. Təsvir olunan obrazın psixologiyasına nüfuz edən, sanki onun tərcümeyi-halını canlandıran bu eskizlərdə realistik ümumiləşdirmə olduqca güclüdür. Rəssam istər tarixi, istərsə də məişət mövzusunda hazırlanan eskizləri tam şəkildə əks etdirir, dolğun surətlər yaradırdı. Teatr sənətinin zəngin ənənələrinə yaxından bələd olan Ə.Əzimzadə həm akvarel, həm də sadə karandaş ilə tipajların yaradılmasında bənzərsiz sənətkar olduğunu hər dəfə sübut etməyi bacarırdı. 1919-cu ildə Bakı teatrında "O olmasın, bu olsun" musiqili komediyası hazırlanan zaman Ə.Əzimzadə "Zənbur" jurnalında fəaliyyət göstərirdi. Üzeyir Hacıbəyovun təklifinə əsasən rəssam həmin tamaşaya dekor və geyim eskizləri vermək üçün dəvət edilir. Dahi bəstəkarın Əzimzadəyə həvalə etdiyi tərtibat işləri bununla məhdud qalmamış, 1921-ci ildə tamaşaya hazırlanan "Şah Abbas və Xurşud Banu" operasının tərtibat işləri də rəssama tapşırılmışdı. Teatr muzeyinin fondunda hər iki tamaşanın əsas personajlarını və yardımçı surətləri təsvir edən rəsmlər sonradan tədqiq edilib.

Şairanə təsvirlər yaratmağa müvəffəq olan Ə.Əzimzadə Hüseyn Cavidin eyniadlı əsəri əsasında hazırlanan "Şeyx Sənan" dramının lirik ruhuna uyğun ifadəli və təsirli eskizlər yaratmışdı. Hadisələrin Ərəbistan və Gürcüstanda cərəyan etdiyi tamaşanın geyim eskizləri üzərində çalışmaq rəssam üçün heç də çətin olmamışdı. Vaxtilə İraq səyahəti zamanı Bağdadda, Nəcəfdə olan Əzim ərəb tiplərini müşahidə etmiş, geyimləri, silahları, musiqi alətləri və sair atributları mükəmməl öyrənmiş, əsas təsvirlərlə birlikdə köməkçi rəsmlər olan butafor predmetlərini də çəkməyi unutmamışdı.

Qonşu gürcü xalqının tarixi keçmişinə yaxından bələd olan rəssam üçün əsərdəki gürcü tiplərini - kişi və qadın libaslarını yaratmaq da qəliz deyildi. Ə.Əzimzadənin "Məzdək" tamaşası üçün hazırladığı geyim eskizlərində isə qəhrəmanlıq pafosu hökm sürür. Onun akvarel boyalarla işlənmiş həmin rəsmlərində surətlərin psixoloji ifadəsi və geyimləri realistik planda verilib. Eskizlərdə tarixi dram əsərinin qəhrəmanlarından Fərhad, Qubad, Siruş kimi personajlar üçün geyimlər və qrim təsvir edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan Dövlət Teatrının (indiki Azərbaycan Dövlət Akademik Milli Dram teatrı) ilk tamaşası olan "Dəmirçi Gavə" və Tənqid və Təbliğ Teatrının ilk tamaşası olan "Laçın yuvası"na bədii tərtibatı Əzimzadə verib. Fanatik "Molla Nəsrəddin"çi olan rəssam məşhur "Danabaş kəndinin müəllimi" əsərinin səhnə tərtibatı və geyim eskizləri üzərində də işləmiş, öz yaradıcı düşüncəsi ilə mühitin mənzərəsini qüsursuz əks etdirə bilmişdi. Mirzə Cəlilin dostu və məsləkdaşı olan Ə.Əzimzadə görkəmli ədibin "Ölülər" komediyasının tərtibat işləri üzərində isə rəssam R.Mustafayevlə çiyin-çiyinə çalışmış, tamaşa üçün teatr-dekorasiya işindən əlavə, satirik səpkili xarakterlər silsiləsi də yaratmışdı.

Məlumdur ki, o zamanlar Bakıda 1-2 pərdəlik pyeslər kitabçalar şəklində çap edilərək mədəni-maarif müəssisələri və səhnə həvəskarları arasında yayılırdı. Teatr rəhbərlərinə, rejissor və aktyorlara dəstək məqsədi ilə bu kitabçalara geyim eskizləri və tamaşanın quruluş planı da əlavə edilirdi.

Ə.Haqverdiyevin "Padşahın məhəbbəti", S.S.Axundovun "Eşqin nəticəsi", Ə.Qəmərlinskinin "Usta Qəmbər, yaxud Loğman" kimi tamaşalar əsasında hazırlanan kitabçalar üçün eskiz və tərtibat planlarının çəkilməsi işində də görkəmli rəssam Ə.Əzimzadə canla-başla çalışmışdı. Haqqında danışılan eskizlərin ölçüsü çox kiçik olsa da, tiplərin zahiri görkəmində əlamətdar olan bütün detallar yerli-yerində verilib, yüksək bədii keyfiyyətlər üstünlük təşkil edib.

Bakı teatrlarında ardıcıl olaraq işləmək Əzimzadəni təsviri sənətin digər sahələrindəki fəaliyyətindən uzaqlaşdıra bilməyib. Daima yenilik axtarışında olan rəssam "Tarixi və müasir geyimlər albomu" tərtib etmək fikrinə düşmüşdü. Onun fikrincə, albom respublikanın dövlət teatrlarında və teatr studiyalarında fəaliyyət göstərən rejissorlar üçün faydalı vəsait ola bilərdi. Təəssüf ki, bu albomun hazırlanıb çap olunması haqqında mənbələrdə heç bir məlumat yoxdur.

Ə.Əzimzadənin teatr sahəsindəki fəaliyyəti tamaşalara tərtibat və geyim eskizləri verməklə məhdudlaşmayıb. O zamanlar Bakıda nəşr olunan "Sənayei nəfisə" jurnalında incəsənətin müxtəlif sahələri üzrə görülən tədbirlərdən, yazıçı, rəssam, aktyorların fəaliyyətindən söz açılırdı. Jurnal Ə.Əzimzadənin rəssamlıq fəaliyyəti ilə əlaqədar olan bir sıra yazıların rast gəlindiyi qiymətli mənbə idi. Məcmuədə eyni zamanda qeyd olunmuşdur ki, həmin vaxtlar H.Z.Tağıyev teatrının bərpa işləri zamanı binanın foyelərindəki divar rəsmlərini çəkmək işi rəssam Arapovla birlikdə Ə.Əzimzadəyə tapşırılmışdır. Eyni zamanda, rəssamın eskizləri əsasında Bakı Tənqid və Təbliğ Teatrının foyesinə pannolar çəkilmiş, interyerə nəfis bədii tərtibat verilmişdir.

Ə.Əzimzadənin tiplər qalareyasından da söz açmağa ehtiyac var. Bu qalareyadan danışarkən ən parlaq nümunə olaraq rəssamın "M.F.Axundovun tipləri" adı ilə məşhur olan təsvirlərini göstərmək olar. Rəssam hər biri beş portretdən ibarət olan rəsmlərdə "Molla İbrahim Xəlil kimyagər", "Hacı Qara", "Müsyö Jordan və dərviş Məstəli şah" komediyalarının əsas personajlarını təsvir etmişdir. Öz üslubuna bu dəfə sadiq qalmayan rəssam tipləri şarj şəklinə salmamış, həyati xarakterlər kimi qələmə vermişdir.

Ə.Əzimzadə teatr rəssamlığı tarixinə öz orijinal fərdi yaradıcılıq siması və üslubu ilə daxil olmuş, bu sahədəki axtarışların güclənməsinə təkan vermişdir. Rəssam Azərbaycan Dram Teatrının ədəbi-bədii hissəsinə rəhbərlik etmiş, bir çox dramaturqla bilavasitə tanış olmuşdu. Dramaturgiyaya böyük maraq göstərən Ə.Əzimzadə bu sahədə də özünü sınamış və "Mirzə Rza Kirmani" adlı pyes yazmış və əsərin teatr səhnəsindəki bədii tərtibatını da məhz elə özü vermişdi. Rəssam faciənin əlyazması üçün çəkmiş olduğu üz qabığında əsərin baş qəhrəmanlarının portret təsvirlərini də verməyi unutmayıb.

Ə.Əzimzadənin teatr sahəsində əldə etdiyi bu uğurlar bir daha sübut edir ki, rəssam bütün yaradıcılığı boyunca bir an belə mübariz fırçasını yerə qoymayıb. "Leyli və Məcnun", "Aşıq Qərib", "Arşın mal alan" "1905-ci ildə" və digər tamaşaların personajlarını səciyyələndirən eskizləri, milli koloriti, naxışları, bəzəkləri ilə nəzəri cəlb edən qabil rəssam yüksək bədii forma və zəngin rəng hissiyatına malik olub. O, tərtibat eskizləri üzərində çalışarkən bəzən klassik miniatür irsimizə müraciət etmiş, bəzən isə fərqli bir yolla gedərək yaradıcılığında yenilik meyllərini gücləndirmişdi. Əzimzadə hər bir tamaşanın ruhuna uyğun canlı boyalar tapır, milli musiqilərimiz ilə səsləşən təsvir elementlərindən bacarıqla istifadə edirdi. Bu isə öz növbəsində rəssamın iti müşahidəsinin və təxəyyül gücünün nəticəsi idi. O, təsvirlərində surətin daxili məzmunundan danışıb, zahiri təmtəraqdan, süni dekorativlikdən yayınıb. Düşünürük ki, xüsusi rəssamlıq təhsili almamasına baxmayaraq, Azərbaycan xalqının görkəmli mədəniyyət xadimləri arasında özünəməxsus yer tutan Ə.Əzimzadə peşəkar səhnə tərtibatçısı səviyyəsinə qalxmağa müvəffəq olub, milli teatr-dekorasiya sənətimizin inkişafında müstəsna rol oynayıb.

 





08.07.2020    çap et  çap et