525.Az

Səs sehrinin cazibəsi - İlham Rəhimli yazır


 

XANƏNDƏ-MÜĞƏNNİ ELNARƏ ABDULLAYEVANIN İFAÇILIĞI HAQQINDA EMOSİONAL QƏNAƏTLƏR

Səs sehrinin cazibəsi - <b style="color:red">İlham Rəhimli yazır </b>

Azərbaycanda muğam ifaçıları arasında şirin, məlahətli, cazibəli səslər çox olub, var və əsrlər boyu mütləq olacaq da. Amma və di gəl ki, ustad sənətkarlar arasında bənzərsiz, təkrarsız səs, ifa tərzinə malik qüdrət sahibləri az olub. Çünki bənzərsizlik zirvəsində ecazkar sənət nümayiş etdirmək hər kəsə qismət olmur.
 
Bu gün yurdumuzda orta nəslə mənsub xanəndələr arasında yaradıcılıqları tarixə işləyən istedadlar var, özü də kifayət qədər çoxdur. Səsi, avazı, ifa tərzi, boğaz xırdalıqları, ritm ahəngləri bənzərsiz olanar isə çox azdır. Və bu "çox azlığın" özü sənətin məhəg daşıdır ki, seçib-seçmələməkdə çox sərt qaydaları var. Hətta bu qaydalar o dərəcədə sərtdir ki, dediyim bənzərsizliyə sənətkarlıq donu biçmək hər kəsə nəsib olmur. Təəssüflər ki, bənzərsizlər arasında aldadıcı populyarlığın ucuz şöhrətinə uyub, peşəkarlığı artırmaqda laqeydliyə uyaraq dumana-çənə, sisə-borana düşüb yolunu azanlar da olub... Nə qədər yanğılı, acı, kədərli olsa da, buna xeyli misal gətirə bilərəm.

Ulu tanrının səs və ifa bənzərsizliyi əta elədiyi bir qism xanəndə isə istedad və peşəkarlığı qoşa qanad kimi qoruyub mənimsədikləri üçün sənət yolunda bütün xüsusiyyətləri ilə seçilirlər. Cəsarətlə deyə bilərəm ki, belə səs sahiblərindən biri də Elnarə Abdullayevadır. Bu, mənim şəxsi qənaətimdir və onu bəyan edib kimlərisə inandırmaq üçün kifayət qədər arqument gətirə bilərəm. Ancaq buna ehtiyac duymuram. Sadəcə olaraq sırf Elnarə Abdullayevanın xanəndəlik səriştəsinə, oxu tərzinə, avaz ecazkarlığına xas olan müəyyən estetik səciyyə özəlliklərini özüm qavrayıb qəbul etdiyim kimi, əlavə izahat vermədən, emosional duyğular işığında musiqisevərlərə çatdırmaq istəyirəm. Onu da deyim ki, kimsə mənimlə bəhs edə bilər, amma mənim heç kəslə cəhl çəkmək fikrim yoxdur.

Azərbaycanda bir qism musiqişünaslar var ki, "xalqımızın bir muğam məktəbi var" fikrində israrlıdırlar. Ancaq əslində, Qarabağ və Şirvan muğam ifaçılıq məktəbləri mövcuddur. Bəri başdan deyim ki, fikrimcə, Elnarə Abdullayeva muğam ustadı kimi sırf Şirvan ifaçılıq məktəbinin bütün incəliklərini mənimsəmiş sənətkardır.

Elnarənin tarla, kamanla qolboyun olan məlahətli, ecazkar səsi tütək yanğısına, balaban həzinliyinə də lirik məsumluqla yatır, qara zurnanın harayında da şövqlə qanad çalır. Bu qanadçalmada xanəndənin səsinin hayqırtılı şaqraqlığında ecazkar cazibə və aydınlıq, cəngavərlik və hünərvərlik ahəngi var.

Çox-çox qədimlərdə, bizim eradan əvvəllərdə yurdumuzda qadın və kişi yuğçular olublar. Onlar dünyasını dəyişən el igidinin yas günündə yuğlama mərasimi keçirər, ərənin cəngavərliyini ağı üstündə sözlə, musiqiylə vəsf edərdilər. Elnarə "Segah", "Şiraz bayatısı", "Şüştər", "Cahargah" muğamlarının çoxçalarlı, əlvan xallı-naxışlı zəngulələrində ağının harayı ilə dinləyici duyğularını kədər katarsisindən (təmizlənməsindən) keçirir. Onun acılı-şirinli, ağılı-mərsiyəli çalarlarla cilvələnən boğaz qaynatmalarında ilahi qəmin poetik və ülvi, zərif və munis, müqəddəs və halal təmizliyi var.

Elnarə muğam, təsnif, mahnı ifasında çeşid-çeşid zəngulələr vuranda duyğuları sarı sim kimi titrədir. Gözəllik, sənətkarlıq, yüksək peşəkarlıq orasındadır ki, xanəndə-müğənninin zildə, bəmdə, az qala pıçıltılı yanğısında da nə boğazının cingiltisi qovuşur, nə sözünün cazibəsi titrəyib ahəngini itirir, nə də dinləyiciyə təsirinin emosional zərifliyi azalır. Xanəndənin səsi çox qəmli məqamlarda da üşüyüb öləzimir: təmizdir, safdır, aydındır, ifadəlidir, həzindir, kövrəkdir.

"Şur", "Rast" üstündə oxuyan Elnarənin səsinin mayasında "Segah" naləsinin, həzinliyinin hayqırtısı, ruhu var. Və bu dinamik ritmlə, bu harmoniya ahəngiylə, bu təranə ləngəriylə "Şiraz bayatısı"na keçə və Şirvan aşıqlarına xas olan oxusuyla səsinə-sözünə möhtəşəm çeviklik verə bilir.

Elnarənin ağıyla yoğrulan naləsinə yazıqlıq, məzlumluq yaddır. O, sinədən bulaq kimi kükrəyib gələn səsinin büllurluğu, genişliyi ilə naləyə, yanğıya sanki cıdır meydanı açır. Bu meydanda müxtəlif muğam xalları titrək-titrək bir-birinə sığınır.

Elnarənin boğaz xalları lalə ləçəyində titrək sübh şehidir, deyirsən bəs indicə çiçəyin bağrındakı qara xalı yarıb ruhumuza ülvi sərinlik təravəti çiləyəcək.

Elnarə oxuyanda səsi də, gözü də, çöhrəsinin duyğu harmoniyasının cizgiləri də oxuyur. Yalnız qüdrət sahiblərinə xas olan nəfəs genişliyi - idrakla qavrama - emosional duyğu bir-birinə dodaq söykəyib Elnarənin ifasının təsir gücünü qat-qat artırır.

Elnarənin duet oxusunda bir qədər qəribə, bir qədər sehrli, bir qədər məhrəm, bir qədər dadlı-duzlu, bir qədər də şirin çalarlı cazibə var. "Boz dağlardan, qayalardan enir gəlir düzə maral" misralarını ifa edəndə o sehrli səs elə bil maralın ecazkar buynuzlarına kəmənd atıb önümüzdəki laləzarlı çəmənzarlıqda onu saf duyğularla cövlan etdirir.

Elnarənin ifasında "Sona bülbüllər"in təqdimində sonalığın, məsumluğun bakirəliyi var. Mənə elə gəlir ki, bu səpkili mahnıları və bütün muğamları ifa edəndə gözünü yumsa da, özü öz səsini görür. Səsin rəngini görür, dadını-tamını hiss edir. Bu sehrli səsin hardan gəlib hara getdiyinə xoş ləhcəsi, sirli avazı, ürək yanğısı, qəlb duyğusu, boğaz titrəmələri ilə sarbanlıq edir. Onun səs sarbanlığı könül duyğusunun karvanını hara apardığını çox yaxşı bilir. Elnarə Abdullayevanın səsi ilğımlı səhrada da, kəhkəşanda ulduzları görünməyən zülmət qaranlıqda da gedəcəyi yolu, bəndi-bərəni, səmti itirmir, azmır. Əksinə, sözlə səsi öpüşdürüb ilğıma və zülmətə nur ziyası çiləyir ki, biz onu ancaq içində yuyunduğumuz səsin sehri ilə duyuruq.

Elnarə "Bülbül"ün çoşqunluqla ifasında xanəndə və aşıq boğazlarına, xallarına, zəngulələrinə ecazkarlıq donu biçir və bu halət bütün daxili duyğularımızı titrədir. Titrədib qanadlandırır. Qanadlandırıb şən-şux ovqat leysanında nur içə-içə pərvazlanır.

Elnarənin ağı-mərsiyə harayında möcüzəli səhrada azan zavallının tanrıdan imdad diləyən yalvarışı var. Bu yalvarışların gözəlliyi, hüsnü, təravəti onun üşıqlı ümidə bülənməsindədir.

 





08.07.2020    çap et  çap et